Ermənistan şəhidimizin meyidini qaytarmaqdan imtina edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-04-2016, 12:37 | Şərh sayı: (0) | Baxılıb: 256
Ermənistan şəhidimizin meyidini qaytarmaqdan imtina edib
Ermənistan tərəfi beynəlxalq vasitəçilərin təşəbbüsünü rədd edərək Azərbaycan hərbi qulluqçusunun meyidini geri qaytarmaqdan imtina edib.
Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər.
"Aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbi qulluqçusunun meyidinin tapılması barədə erməni tərəfinin rəsmi məlumatından sonra, meyidin geri qaytarılması prosesinin həyata keçirilməsi məqsədilə tərəfimizdən müvafiq prosedurların icrasına başlanılıb". Komissiyadan agentliyə verilən açıqlamada belə deyilib.
Məlumatın dəqiqliyinin təsdiq edilməsi məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə qarşı tərəflə əlaqə saxlanılması üçün müraciət edilib.
Hər iki beynəlxalq qurum qarşı tərəfdəki əlaqələndiriciləri vasitəsilə məsələni tam aydınlaşdıraraq, həqiqətən də meyidin erməni tərəfinin əlində olması faktını təsdiqləyiblər.
Komissiyadan onu da qeyd ediblər ki, aparılan danışıqlardan sonra tərəflər aprelin 17-də saat 10.30-da Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində hərbi qulluqçunun meyidinin təhvil alınması prosedurunun həyata keçirilməsinə razılaşıblar.
Bu məqsədlə, aprelin 16-da gündüz saatlarında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələri əvvəlcədən razılaşdırılaraq müəyyən edilmiş məntəqəyə gəliblər. Lakin aprelin 16-da saat 22.30 radələrində erməni tərəfi vasitəçilərlə əlaqə saxlayaraq özlərinin səhv etdiyini, meyidin Azərbaycan hərbi qulluqçusuna aid olmadığını və təhvil prosesinin keçirilməyəcəyini bildiriblər.
"Beynəlxalq humanitar hüquq normalarını riyakarcasına pozan Ermənistan tərəfi növbəti dəfə nüfuzlu beynəlxalq təşkilatları da aldatdığını, onlara qarşı saymazyanalıq nümayiş etdirdiyini, döyüş meydanında həlak olmuş hərbi qulluqçuların nəşinə belə hörmətsizliklə yanaşaraq qeyri-insani münasibət göstərdiyini və çirkin niyyətlərinin alətinə çevirdiyini bir daha nümayiş etdirdi", - deyə Dövlət Komissiyasından bildirilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər