Ermənistana layiqli cavab verildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-04-2016, 18:59 | Şərh sayı: (0) | Baxılıb: 294
Ermənistana layiqli cavab verildi
Ixlas.Az cəbhə bölgəsində baş verən son hadisələr barədə AZƏRTAC-ın xülasəsini təqdim edir:
Aprelin 2-də saat 04:00-dan başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribat törədiblər. Cəbhəyanı zonaya yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra məntəqələr, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalıb. Artilleriya atəşləri nəticəsində 2 sakin həlak olub, biri 13 yaşlı uşaq olmaqla 10 nəfər yaralanıb, müxtəlif yaşayış məntəqələrində 10-dan çox ev dağıdılıb, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəyib.
İşğal altında olan Dağlıq Qarabağda və digər ərazilərdə yerləşən Ermənistan hərbi birləşmələrinin fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq və mülki əhalini müdafiə etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi birliklər qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı layiqli cavab tədbirləri həyata keçiriblər.
Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə həyata keçirdiyi əks-tədbirlər nəticəsində erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunub.
Azərbaycan ordu birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər.
Döyüşlərdə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, həmçinin onlarla hərbi qulluqçu ölüb və yaralanıb.
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu həlak olub, habelə 1 "Mi-24" helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb.
ATƏT-in Minsk qrupu həmsədrlərinin, dünya ictimaiyyətinin hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin bərpa olunması ilə bağlı davamlı çağırışlarına baxmayaraq, erməni silahlı birləşmələri aprelin 2-3-də hərbi əməliyyatların intensivliyini daha da artırmağa çalışıb, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumları və qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edib.
Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin bütün cəhdlərinə layiqli cavab verilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər