Azərbaycanda vergi və sosial ödənişlərlə bağlı yoxlamaları birləşdirmək təklif olunub |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-04-2016, 20:34 | Şərh sayı: (0) | Baxılıb: 206
Azərbaycanda vergi və sosial ödənişlərlə bağlı yoxlamaları birləşdirmək təklif olunub
Vergilər Nazirliyi tərəfindən və sosial müdafiə ilə bağlı aparılan yoxlamaların birləşdirilməsini təklif edirik.
Ixlas.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Deloitte and Touche" MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nuran Kərimov Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Onun sözlərinə görə, Azərbaycandakı Amerika Ticarət Palatası idxal-ixrac əməliyyatlarının aparılma tərzindəki müsbət dəyişiklikləri, xüsusilə gömrük sahəsindəki şəffaflığı alqışlayır: "Düşünürük ki, bu mənada yerli istehsalı stimullaşdıran ünvanlı gömrük siyasəti qeyri-neft sektorunun daha da inkişafına təkan verəcək. Biz biznes ictimaiyyəti olaraq şəffaflıq sahəsindəki islahatları alqışlayırıq. Nə qədər çox şəffaflıq olarsa, dövlət büdcəsinə bir o qədər çox vergi daxil olar. Eyni zamanda, vergi sistemi daha çox təkmilləşdirilməlidir ki, vergi ödəyicisi olan investorlar cəlb edilsin. İnanırıq ki, vaxtında vergilərini ödəyən şirkətlər və digər vergi ödəyiciləri hökumət tərəfindən daha az yoxlamalara məruz qalmalıdırlar. Aydındır ki, burada vergilərin yığılması və biznesin inkişafının dəstəklənməsi arasında bir balans tapılmalıdır. Vergi ölkənin iqtisadi rəqabətliliyinin artırılmasında və investorların cəlb edilməsində çox güclü alətdir".
N.Kərimov qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi sayəsində ölkə regional mərkəz kimi çıxış edə və investorlar üçün əlverişli vergi rejimi çox faydalı ola bilər: "Qeyd olunduğu kimi, dövlət qurumları tərəfindən həyata keçirilən auditləri dayandırmaq qərarınız sahibkarlarda etimadı artırıb. Bununla bağlı növbəti addım olaraq hazırda Vergilər Nazirliyi tərəfindən və sosial müdafiə ilə bağlı aparılan yoxlamaların birləşdirilməsini təklif edirik. Şirkət vergilərini və sosial təminat ödənişlərini tam ödəyirmi? Daha az yoxlama bizneslər üçün daha az maneə deməkdir".
O əlavə edib: "Cənab Prezident, Sizin göstərişləriniz nağdsız ödənişlərin artırılmasına, iqtisadiyyatda nağd dövriyyənin azaldılmasına yönəlib. Son 4-5 ildir bunu izləyirəm. Üzvlərimiz adından demək istəyirəm ki, biz bu təşəbbüsü dəstəkləyirik. İnanırıq ki, nə qədər nağd ödəniş az olsa, vergidən yayınma və digər qanun pozuntuları da bir o qədər azalmış olar. Azərbaycan hökuməti ikiqat vergiqoyma hallarından yayınma istiqamətində çox iş görüb. İndi əhəmiyyətli olan bu razılaşmaların yerli və xarici investorlara təmin etdiyi faydadır. İcazə verin, bütün üzvlər tərəfindən bəhs olunan mühüm bir məqamı qeyd edim. Cinayət Məcəlləsinin hazırkı oxunuşunda vergidən yayınma halı kimi xarakterizə olunan fəaliyyətdə 2 min manat məbləği əsas rol oynayır və bunun üçün cinayət məsuliyyəti yaranır".
Vergidən yayınma və digər qanunsuzluqlarla mübarizəni tam dəstəklədiklərini diqqətə çatdıran N.Kərimov deyib: "Təklif edirik ki, bu məbləğ artırılsın. Çünki bir çox hallarda vergidən yayınma niyyəti olmasa da, şəxsi mülahizəyə görə bu məbləği aşan sahibkar vergidən yayınan kimi cinayət məsuliyyətinə cəlb oluna bilər. Diqqətiniz üçün çox təşəkkür edirəm. Vergi və gömrük sahəsində bütün təkliflər siyahısını təqdim edə bilməsəm də, bu imkan üçün çox minnətdaram".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər