Toy pulunu qaldıranlara tərs şillə |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 13:45 | Şərh sayı: (0) | Baxılıb: 366
Toy pulunu qaldıranlara tərs şillə
Vergi Məcəlləsinə son dəyişikliklərdən sonra şadlıq evləri, restoranlar, kafelər ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 min manatdan çox olduqda da sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər. Ancaq bu halda onlar dövriyyədən 8 faiz vergi ödəməli olacaqlar. Əgər dövriyyə 200 min manat və ondan az olarsa, bu halda 4 faiz sadələşdirilmiş vergi ödəyəcəklər. İctimai iaşə müəssisələri isə vergi ödəmə metodunu seçməkdə sərbəstdirlər. Dövriyyəsi 200 min manatdan yüksək olan ictimai iaşə müəssisələri sadələşdirilimiş vergi ödəyicisi olmaya da bilərlər. Bu zaman onlar vergi qanunvericliyinə uyğun olaraq əlavə dəyər vergisi (ƏDV) ödəyicisi kimi qeydiyyata düşərək ƏDV, mənfəət və əmlak vergilərini ödəməlidirlər. Şadlıq evləri və restoranlar vergini 2016-cı il yanvarın 1-dən bu qaydada ödəyəcəklər.
Artıq prosesə nəzarət etmək üçün Vergilər Nazirliyi tərəfindən konkret addımlar da atılıb. Şadlıq evlərinə kameralar quraşdırılıb və onların fəaliyyətləri izlənilir.
Müsəlmanların hicri-qəməri təqviminə əsasən, məhərrəm və səfər aylarının bitməsi ilə dünəndən məmləkətimizdə yenidən toy və şadlıq mərasimlərinin keçirilməsinə başlanılıb, restoran və şadlıq evlərindən çal-çağır səsləri eşidilir.
Lakin Vergi Məcəlləsinə edilən dəyişiklikləri bəhanə edən bəzi restoran və şadlıq evlərinin sahibləri və inzibatçıları yanvarın 1-dən etibarən təqdim etdikləri xidmətlərə görə qiymətlərə müəyyən qədər dəyişiklik edəcəklərini, bəziləri bununla bağlı hələlik yekun qərar vermədiklərini, bəziləri isə artıq qiymətləri artıracaqlarını indidən bəyan edirlər. Lap sadə dillə desək, toy pulunu qaldıracaqlarını deyirlər.
Bəz Azərbaycan biznes mühitinin yetişdirdiyi bu biznesmenlərin gətirdiyi arqumentlər nə dərəcədə əsaslıdır?
Bununla bağlı Milli.Az-ın suallarına iqtisadçı-ekspert Qalib Toğrul aydınlıq gətirib:
- Şou-proqramları həyata keçirənlərin vergi öhdəliyinin həyata keçirilməsi ilə bağlı ictimai iaşə müəssisələrinin hansı vəzifələri var?
- Şou-proqramlarla bağlı vergiləri ödəmək öhdəliyi həmin proqramları həyata keçirənlərin üzərindədir. Vergi orqanları "Musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin uçotuna nəzarətin həyata keçirilməsi və gəlirlərin qeydiyyatı kitabının doldurulması Qaydaları"na uyğun olaraq həmin istirahət, əyləncə, ictimai iaşə müəssisələrinin hər birinə nömrələnmiş və möhürlənmiş Qeydiyyat kitabı verir. Restoran və şadlıq evlərinin vəzifəsi ondan ibarətdir ki, toy, ad günü və sair kimi kütləvi tədbirlər zamanı Qeydiyyat kitabında xidmət göstərən şou-biznes nümayəndələrinin uçotunu aparsın. Kitabda musiqi, əyləncə və digər xidmətlər göstərən şəxsin soyadı, adı və atasının adı, VÖEN-i, tarix, xidmətin başlandığı və sona çatdığı vaxt, ödənilməli və ödənilən nağd məbləğ, restoranın və ya şadlıq evinin sahibinin soyadı, adı və atasının adı, imzası, musiqi, əyləncə və digər xidmətlər göstərən şəxsin imzası kimi məlumatlar qeyd olunmalıdır. Qanunvericilik tələb edir ki, restoran və şadlıq evlərində bu cür xidmətləri göstərənlərlə həmin ictimai iaşə müəssisələrinin sahibləri arasında müqavilə bağlanmalıdır.
- Şou-proqramları həyata keçirənlər vergini necə ödəməlidirlər?
- Onlar yaşayış yeri üzrə vergi orqanında qeydiyyata durub VÖEN almalı və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 min və ya ondan azdırsa, Bakıda 4, regionlarda 2 faiz sadələşdirilmiş vergi ödəməlidirlər. Eyni zamanda, fəaliyyətləri olan rüblərdə DSMF-ə Bakıda 21 manat, Sumqayıt və Gəncədə 18 manat 90 qəpik, respublika tabeli digər şəhərlərdə 16 manat 80 qəpik, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 12 manat 60 qəpik, kənd yerlərində 10 manat 50 qəpik miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.
Şou-proqramda iştirak edən hər bir şəxs onu həyata keçirən hesab edilir. Buraya müğənni, hər bir musiqi alətində ifa edən şəxs, prodüser, tamada, aparıcı, rəqqas və digərləri daxildir. Onların hər biri ayrılıqda vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata durmalı və qazandıqlarına uyğun vergi ödəməlidirlər.
- Vergi Məcəlləsinə son dəyişiklikləri əsas gətirən bəzi obyektlərin rəhbərləri artıq indidən qiyməti qaldıracaqlarını bildirirlər. Bu dəyişiklik restoran və şadlıq evlərində təqdim olunan xidmətlərin qiymətinə həqiqətən təsir edə bilərmi?
- Vergi Məcəlləsinə son dəyişikliklərin restoran və şadlıq evlərində göstərilən xidmətlərin bahalaşması ilə heç bir əlaqəsi ola bilməz. Çünki restoran və şadlıq evləri üçün dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, əvvəlkilərdən fərqli, əlavə bir vergi ödəmək metodu da təklif olunur. Əgər ictimai iaşə müəssisəsi istəmirsə və hesab edirsə ki, yeni sadələşdirilmiş vergi (dövriyyə 200 min manatdan yuxarı olanda) onlara sərf eləmir, onlar köhnə qayda ilə vergilərini ödəyə bilərlər. Ona görə də ictimai iaşə müəssisələrinin yeni dəyişiklikləri bəhanə edərək qiymətləri qaldırmaq cəhdləri əsassızdır və heç bir halda onların çox qazanmaq istəklərini pərdələyə bilməz.
- Yeni qaydalar ümumilikdə başqa hansısa müsbət və mənfi tendensiyalar yarada bilərmi?
- Son dəyişikliklər çox mütərəqqi dəyişikliklərdir. Məqsəd vergi ödəyicilərinin vergidən yayınmalarının qarşısını almaq, onların uçot və hesabatlılığını sadələşdirmək, vergilərin hesablanması və ödənilməsi sahəsində mürəkkəbliyi aradan qaldırmaq, vergilərin ödənilməsi istiqamətində vergi ödəyicilərinə alternativlər təqdim etməkdir. Yeni dəyişikliklər heç bir halda vergi yükünün artırılmasını ehtiva etmir.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər