Sahibkarlara xoş xəbər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 20:49 | Şərh sayı: (0) | Baxılıb: 362
Sahibkarlara xoş xəbər
Sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 20 oktyabr 2015-ci il tarixli Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində bir sıra ciddi tədbirlər həyata keçirir.
Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergilər nazirinin 12.11.2015-ci il tarixli əmri ilə illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və vergi nəzarəti tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi müvəqqəti olaraq dayandırılıb.
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, əlavə dəyər vergisinin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək artırıldığından, 2016-cı il yanvarın 1-dən dövriyyəsi 200 min manatadək olan şəxslər də fəaliyyətlərini sadələşdirilmiş vergitutma rejimində davam etdirmək imkanı əldə edəcəklər. Bu isə həmin vergiödəyicilərin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması ilə yanaşı, həm də vergi nəzarəti tədbirlərindən azad olunan vergiödəyicilərin əhatə dairəsini xeyli artıracaq.
Məlum olduğu kimi, Vergi Məcəlləsinə uyğun olaraq vergi orqanları tərəfindən aparılan yoxlamalar kameral və səyyar qaydada həyata keçirilir. Son dövrlər vergi orqanları vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergiödəyicinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər, mənbəyi məlum olan məlumatlar əsasında vergi orqanlarına getmədən və onların fəaliyyətinə heç bir müdaxilə etmədən, distant təhlillərə əsaslanan kameral vergi yoxlamalarına daha çox üstünlük verirlər. Bu isə sahibkarların biznes fəaliyyətinə maneçilik törətmədən vergilərin hesablanmasında və dövlət büdcəsinə ödənilməsində vergiödəyicilər tərəfindən yol verilən nöqsanların ciddi hüquqi nəticələrə səbəb olmadan aradan qaldırılmasına, nəticə etibarilə büdcə daxilolmalarının artmasına öz müsbət təsirini göstərir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2015-ci ilin ötən 11 ayı ərzində ərzində vergi orqanları tərəfindən kameral qaydada hesablanmış 139,7 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Kameral vergi yoxlamaları aparılarkən vergiödəyicilərə bildiriş göndərilərək, onlar yerli vergi orqanlarına dəvət olunur və vergiödəyicilər tərəfindən təqdim olunan təsdiqedici sənədlər onların özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə diqqətlə araşdırılır.
Vergi Məcəlləsinin 3.10.-cu maddəsinin tələblərinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli olduğundan, habelə Məcəllənin 3.11.-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergiödəyicinin xeyrinə şərh edildiyindən, bir sıra hallarda aparılan araşdırmalar hesablanmış vergilərin azaldılması və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğvi ilə nəticələnir.
Ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşması və sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların vergi borclarının ləğv edilməsində onlara köməklik göstərilməsi məqsədilə başa çatmaqda olan cari ilin son ayı ərzində vergi orqanlarında aparılmış hərtərəfli araşdırmalar nəticəsində vergiödəyicilərin çoxu yaranmış vergi borclarını büdcəyə ödəyib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra vergiödəyicilərin borcları azaldılıb, 24 minə yaxın vergiödəyicisin əsasən kiçik məbləğlərdə olan borcları isə tamamilə ləğv edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər