"Azərbaycan ordusuna bir neçə gün lazım idi" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-04-2016, 19:58 | Şərh sayı: (0) | Baxılıb: 255
"Azərbaycan ordusuna bir neçə gün lazım idi"
Azərbaycan ordusunun torpaqlarımızı erməni tapdağı altından azad etmək uğrunda apardığı əməliyyatlar düşmən tərəfini və onun havadarlarını əl-ayağa salıb.
Rusiya, ATƏT və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ uğrunda gedən müharibəni dayandırıb tərəfləri yenidən sülh masasına dəvət ediblər. Ordumuzun uğurlu əməliyyatlarından sonra danışıqların hansı məcrada keçəcəyi maraqla gözlənilir.
Bununla bağlı politoloq Qabil Hüseynli ölkə.az-a danışıb:
"4 günlük hərbi əməliyyatlar nəticəsində Azərbaycan cəbhədə ciddi hərbi dönüşün bünövrəsini qoydu. Belə bir müharibəni miqyasca olmasa da, mahiyyətcə 2-ci dünya müharibəsindəki Stalinqrad döyüşləri ilə müqayisə etmək olar. O zaman da Stalinqrad döyüşləri faşizm üzərində qələbənin başlanğıcı rolunu oynamışdı. Azərbaycan ordusunun qələbələri sayəsində Azərbaycan diplomatiyası da həlledici və uğur gətirici bir məqama qalxıb. Arxasında güc dayanan istənilən diplomatiya çox şey həll etməyə qadirdir. Bundan sonra masa arxasında daha qolu güclü formada əyləşəcək. Diqtə edən tərəf, tələb edən tərəf bundan əvvəl də biz idik, ancaq sözümüzü eşitmirdilər. Bundan sonra bizim tərəfin tələbləri mütləq nəzərə alınacaq. Əks təqdirdə Azərbaycan tərəfi danışıqlardan imtina edə bilər. Bu isə atəşkəsin pozulması və müharibənin başlamasına gətirib çıxara bilər.
Rusiya tərəfi desturiktiv rol oynamaqdadır, yəni, ordumuzun müzəffər hücumunun dayandırılması da Rusiyanın işi idi. Bu əməliyyatların başlanmasına da Moskvadan gələn müəyyən təlimatlar səbəb olmuşdu. Onlar belə güman edirdi ki, İlham Əliyevin ABŞ səfərinə kölgə sala biləcək nəticələrə nail ola biləcəklər. Yəqin hər şeyi düzgün hesablamamışdılar. Azərbaycan ordusunun bu qədər nizamlı, intizamlı və həm də güclü hərbi potensiala, texnoloji cəhətdən inkişaf etmiş silahlara malik olduğunun yalnız bir hissəsini bilirdilər. Azərbaycan 4 günlük müharibədə Rusiyadan aldığı silahların çoxusunu işə salmadı. Azərbaycan əsasən müxtəlif ölkələrdən aldığı və yerli istehsal olan silahlardan istifadə etdi və öz istədiyi nəticəni aldı. Azərbaycan ordusuna bir neçə gün də vaxt lazım idi ki, Ermənistan sərhədlərinə gedib çıxsın, Dağlıq Qarabağı bütünlüklə öz nəzarətinə götürsün. Bu vəziyyəti gözləməyən qəyyumlar atəşkəs rejiminə nail olmaq üçün dəridən-qabıqdan çıxdılar. İndi də sülh danışığı prosesini başlamaq istəyirlər. Həmişəki kimi danışıqlar zamanı müxtəlif fikirlər yayırlar, guya Ermənistanı dilə tutublar ki, 5 rayonu geri qaytarsın. Əslində, o rayonların böyük bir hissəsi əlimizdədir. Əlimizdə olan strateji yüksəkliklər həm Azərbaycan tərəfinə, həm də Dağlıq Qarabağa bütünlüklə nəzarət etməyə imkan verir. Belə olan şəraitdə danışıqları yenə də əvvəlki məcrasına yönəltmək qeyri-səmimilikdir.
Dünyanın, demək olar, bütün güclü dövlətləri, başda ABŞ olmaqla Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini tələb edir. Dağlıq Qarabağın statusu məsələsini ortaya atıblar. Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilə bilər. Daha əvvəlki kimi bölgəyə sülhməramlıların yeridilməsi, bölgədə referendumun keçirilməsinə ehtiyac yoxdur, yaxud reallıq bunu diqtə etmir. Azərbaycan əvvəl də deyirdi ki, Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu məsələlər yenə müzakirə olunacaq, Dağlıq Qarabağın statusu da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən olunacaq. Əgər ermənilər və onların qəyyumları bölgədə stabilliyin olmasını istəyirlərsə obyektiv olmalıdırlar".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər