Bananlarda “qırmızı ləkə” xəstəliyi: 101,5 kiloqram meyvə satışdan çıxarıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 16:51 | Şərh sayı: (0) | Baxılıb: 352
Bananlarda “qırmızı ləkə” xəstəliyi: 101,5 kiloqram meyvə satışdan çıxarıldı
Bananda qeyri-adi qırmızı ləkələrə rast gəlinməsi meyvələrin daxilinə yeridilmiş qan kimi qələmə verilir.
Bu hallar insanlar arasında ciddi narahatlığa səbəb olub.
Bunu virtualaz.org saytına Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Nazirlikdən deyiblər ki, məsələ ilə bağlı nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev açıqlama verib.
Onun sözlərinə görə, xidmətin müfəttişləri idxal olunan bananlara karantin baxışı keçirən zaman bu tip meyvələrə rast gəlməyiblər. Lakin kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış məntəqələrində fitosanitar monitorinqlər həyata keçirilib və bitki mənşəli xəstəliklərlə yoluxma ehtimalı olan bananlar götürülüb. Bundan sonra quruma vətəndaşlar tərəfindən də ekspertiza üçün bir neçə banan nümunələri təqdim edilib.
Camal Quliyev deyib ki, Respublika Bitkilərin Karantin Ekspertiza Mərkəzində banan nümunələrinin müvafiq ekspertizaları keçirilib: "Ekpertiza zamanı yalnız pərakəndə satış məntəqələrində uzun müddət əlverişsiz şəraitdə saxlanılan bananlarda və vətəndaşlar tərəfindən təqdim edilmiş iki nümunədə qanabənzər ləkələr aşkar edilib. Müvafiq ekspertizalar nəticəsində bananın daxilində müşahidə edilən qana bənzər ləkələrin bakterial mənşəli olduğu, “bananın qan xəstəliyi” bakteriyası (Pseudomonas celebensis Gaumann, 1929) tərəfindən törədildiyi, lakin bitki mənşəli bu xəstəliklə bağlı çoxsaylı xarici elmi ədəbiyyatlar təhlil edilməsi nəticəsində xəstəliyin insana və digər bitkilərə keçmədiyi, insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli olmadığı müəyyən edilib.
Bu xəstəliyə nadir hallarda rast gəlindiyini söyləyən xidməti rəisi bakteriyanın ilk dəfə 1920-ci illərdə İndoneziyanin Sulavesi (keçmiş Celebes) bölgəsində cır bananda aşkar edildiyini diqqətə çatdırıb: "Bakteriyalar əsasən məhsul düzgün saxlanılmadıqda xaricdə heç bir əlamət görünmədən, bir neçə həftə ərzində sirayət olunmuş meyvə daxilində inkişaf edə bilir. Bu səbəbdən də yetişməmiş halda yığılan və idxal edilən bananda aşkar edilmir. Xəstəlik torpaq, yağış suları və tozlandırıcı həşarat vasitəsi ilə yayılır. Yalnız banan bitkisi üzərində müşahidə olunur və digər bitkilər üçün fitosanitar risk daşımır. Bananın satış məntəqələrində əlverişsiz şəraitdə saxlanıldıqda xəstəlik inkişaf edərək, meyvələrin xarab olmasına səbəb olur. Eyni zamanda, Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində götürülmüş nümunələr ətraflı təhlil edilib və aparılan analizlər nəticəsində banan nümunələrində pestisidlər, nitrat və nitritlər, ağır metallar və mikotoksinlər aşkar edilməyib".
DFNX rəisi sonda vurğulayıb ki, bu xəstəlik insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli deyil. Vətəndaşlara satış məntəqələrində əlverişsiz şəraitdə uzun müddət saxlanılan banan və digər meyvə-tərəvəzləri almamaları tövsiyə olunur. O da qeyd olunub ki, 2016-cı ilin yanvar ayı ərzində Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilib və keyfiyyət göstəriciləri standartlara uyğun olmayan 10517 kq meyvə-tərəvəz məhsulu dövriyyədən çıxarılaraq məhv edilib. Məhv edilmiş meyvələrin 101,5 kiloqramını banan olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər