Narazı əmanətçilər fəaliyyətini dayandırmış bankın qarşısına toplaşdılar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 16:47 | Şərh sayı: (0) | Baxılıb: 271
Narazı əmanətçilər fəaliyyətini dayandırmış bankın qarşısına toplaşdılar
“Texnikabank”ın qapıları əmanətçilərin üzünə bağlandı, onlara “bir neçə gündən sonra” gəlmək məsləhət görüldü
Pulunu ala bilməyən əmanətçinin proqnozu: “Bilirsiz, nə olacaq? Durub, deyəcəklər ki, bizdən əvvəlkilər yeyib, pulunuzu... Gedin, məhkəməyə verin”
“ANS-dən xəbəri eşidən kimi özümü yetirdim, bura... Necə yəni bank bağlanıb? Camaata niyə əvvəldən xəbərdarlıq etmədiz?”
Bu sözləri “Texnikabank”ın qarşısına toplaşmış əmanətçilərdən biri söylədi. Belə ki, fəaliyyətini dayandırmış “Texnikabank”ın mərkəzi ofisinin qarşısında az da olsa, əmanətçilər vardı. Bankın öz fəaliyyətini dayandırması xəbərinin yayılması ilə insanların ora toplaşması arasında maksimum 1 saat ola bilərdi. Gələnlər təbii ki, bankdakı əmanətlərinin taleyi ilə maraqlanırdılar.
Musavat.com-un əməkdaşı “Texnikabank”ın qarşısına çatanda isə bütün qapılar bağlı idi. İçəriyə heç kim buraxılmırdı, gələnlərə isə hələlik texniki prosedurların həll olunduğu, əmanətlərin taleyi ilə bağlı yaxın günlərdə açıqlama veriləcəyi bildirilirdi.
Əsasən mühafizə xidmətində işləyən əməkdaşlar gələnləri sakitləşdirməyə çalışırdılar: “Biz də sizin kimi... 3-4 saat bundan qabaq işə gəlmişdik. Bizə deyildi ki, ləğv olunub. İndi biz gözləyirik ki, Milli Bankdan inzibatçılar gəlsinlər, əməliyyatı dayandırsınlar. Prosedur bunu tələb edir. Siz də burda gözləməyin. Çünki bizim indi heç kimi qəbul etmək ixtiyarımız yoxdur”.
Əmanətçi Əli Məhərrəmov bildirdi ki, bankın öz fəaliyyətini dayandırmasından bu gün xəbər tutub. Dərhal bankın filiallarından birinə müraciət edərək, hesabındakı 1500 AZN-i götürmək istəyib. Amma ona sistemin dayandırıldığı deyilib və müvafiq qəbz verilərək, pulunu başqa bankdan alacağı bildirilib: “Kasıbın beş-on manat pulu niyə arada itsin, ki..? Tez verin də qəpik-quruşumuzu... Mənim bankda 5000 manat pulum vardı. Depozit də deyildi, adi hesab idi. 3 aydır ki, gedib gəlirəm. Hissə-hissə verirlər. Mənim xəstəm var. Evdə də oğruların əlindən saxlaya bilmirdim ki, birdən oğurlayarlar. Xəstəmin müalicəsi üçün o pulu tam almaq istəyirdim, vermirdilər. Deyirdilər ki, Eldar Mahmudov pulları yeyib, qaçıb. Pulumu xırda-xırda, dilənçi payı kimi aldım, indi yerdə qalıb, 1500 manatım... O dəfə də almaq üçün yenə gəldim, dedilər ki, 100 manat ver, çıxar pulunu... Hirslənib, getdim...”
Bankda 600 manat pulu olan Vaqif adlı əmanətçi isə acığını qapıdan bir-bir çıxan bank işçilərinə tökürdü: “Bala, özgə vaxt yanınıza gələndə bizimlə bəy balası kimi danışırdız. Görürsüz, bircə günün içində necə bağlayırlar, adamın iş yerini..?”
Əmanətçi eyni zamanda pulunu haradan ala biləcəyi ilə bağlı sualına da cavab tələb edirdi: “Biz kasıb adamlarıq, qəpik-quruşumuzu istəyirik. Bura milyonlar qoyanlar da gələcək, görüm, onda nə cavab verəcəksiz?”
Adının Gülxar olduğunu deyən başqa bir əmanətçi isə banka qoyduğu depozitin kredit hesabına yönləndirilməsindən şikayətləndi. O, dedi ki, uğursuz əməliyyat nəticəsində indi banka qoyduqları əmanətin taleyindən nigarandırlar: “Bilirsiz nə olacaq? Durub, deyəcəklər ki, bizdən əvvəlkilər yeyib, pulu... Gedin, məhkəməyə verin. Qalacağıq, quru düzdə... İllər uzunu bank qapılarında, məhkəmə qapılarında sürünəcəyik. Belə də dərd olar? Qəpk-qəpik pul yığ, oğrunun, quldurun əlindən evində pul saxlama... Bank da gəlib, başına belə oyun açsın”.
Orada olduğumuz bir saat ərzində bankın işçilərinin də iki-iki, üç-üç binanı tərk etdiklərini gördük. Bank rəsmilərindən isə heç kim çıxıb, əmanətçilərə hər hansı açıqlama vermədi.
Mövzunu davam etdirəcəyik.
Sevinc TELMANQIZI,
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər