Meyiti tapılan neftçi Qarabağ veteranı imiş... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 10:08 | Şərh sayı: (0) | Baxılıb: 249
Meyiti tapılan neftçi Qarabağ veteranı imiş...
Digər itkin düşənlərin axtarışları davam edir
Yanvarın 30-da Xəzər dənizindəki “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən neftçilərdən daha birinin meyiti tapılıb. Cəsəd Türkmənistan sektorunda aşkar olunub.
SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumata görə, yanvarın 29-da axşam saatlarında Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə diplomatik kanallarla məlumat verilib. Cəsədi tapılmış neftçinin artıq kimliyi məlum olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir. Mərhum neftçinin nəşi Vətənə gətirilib və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, S.Şahmarov Qarabağ döyüşçüsü olub. 43 yaşlı neftçi Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb. Ağdam, Şuşa, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərin birində güllə yarası alıb. Ayağını dəlib keçən qəlpə dizində böyük deşik yaradıb. Buna baxmayaraq, qısa müddətli müalicədən sonra yenidən ön cəbhəyə yollanıb. “Döyüşdə göstərdiyi şücaətə görə” müxtəlif mükafatlara layiq görülüb.
Onun 11 yaşlı Məhəmməd adlı oğlu və 10 yaşlı Məsumə adlı qızı var.
Neftçinin cəsədinin tapılmasından sonra digər itkin düşənlərin meyitlərinin tapılmasına olan ümidlər yenidən artıb. Hazırda bu istiqamətdə axtarışlar sürətlə davam edir.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı mart ayına qədər digər itkin düşənlərin cəsədlərinin tapılmasına ümidlərin olduğunu bildirdi: “İstilər düşənə qədər ümid var. Cəsədlərin Türkmənistan ərazisində tapılması onu göstərir ki, külək o tərəfə doğru əsdiyindən meyitləri həmin istiqamətə aparıb. Mart ayına kimi tapılan tapılacaq, tapılmayanlar çətin ki, aşkar olunsun. Ondan sonra tanınma halları mümkünsüz olacaq. Dəqiq bilmirəm ki, onların əyinlərində paltarlar olubmu. Paltarlar olsa, onun üstündə işçinin ad-soyadı yazılır. Açığı deyim ki, hazırda baş verən hadisə ilə bağlı ictimai məlumat çox zəifdir. Mətbuat məsələni gündəmə gətirdikdə, yaddaşlara qayıdır. Son iki ayda ölkə başçısının sərəncamı əsasında yaradılan komitə hələ də rəyini açıqlamayıb. Düşünürəm ki, elə də çətin iş deyil. Bu işdə məsuliyyətsiz olanlar vəzifələrindən azad olunmalıdırlar. Mənə hazırda məktublar gəlir. Qeyd olunur ki, ölənlərin deyəsən qanları batacaq. Çünki heç bir şəxs vəzifəsindən azad olunmadı. Küləkli havada həmin yerdə kimlərin işləyəcəyini onlar yaxşı bilirlər. Burada cəzalandırılmalı şəxslərin ad-soyadları çoxdan məlum olmalı idi. Bu halların baş verməməsi, işçilər arasında narazılıq yaradır. Müvafiq qurumlar səylə çalışmalıdırlar. Bu ölkədə ən böyük krizis çatışmayan insan faktorudur. İnsanların işlərini qiymətləndirə bilmirlər”.
M.Qəhrəmanlı aparılan axtarışlardan razı qalmadığını da qeyd etdi: “Açığı axtarışlarda səy göstərildiyini görə bilmirəm. Bu işlə məşğul olanların fəaliyyətlərini yüksək qiymətləndirmirəm. İctimaiyyətə məlumat verməkdən qaçırlar. Bütün bunlar şəxsi fikirlərimdir”.
Təşkilat sədri bu gün saat 11:30-da Beynəlxalq Mətbuat Mərkəzində keçirəcəkləri mətbuat konfransından da söz açdı: “Təşkilatımız insan hüquqlarını müdafiə edən qurumdur. Neft gəlirlərinə nəzarətin gücləndirilməsi ilə bağlı fəaliyyət göstərən təşkilatıq. Bu konfransda iki hesabat açıqlayacağıq. Gördüyümüz işlər barədə cəmiyyətə məlumat verəcəyik. İkinci hesabatımız itkin neftçilərlə bağlı olacaq. Ölənlərlə bağlı narahatçılığımızı bildirəcəyik. Baş verənlərdən sonra gəldiyimiz nəticə ilə əlaqədar fikirlərimizi açıqlayacağıq. Bu bir qiymətləndirmə olacaq. Əsasən, faktlara əsaslanmışıq”.
Xatırladaq ki, “Günəşli” yatağındakı qəza ötən il dekabrın 4-də baş vermişdi. Platformada olan 63 neftçidən 32-nin həyatı xilas edilsə də, digərlərinin xilas etmək mümkün olmamışdı. Qəza ilə bağlı “Neft Daşları”nda itkin düşən 3 neftçinin də cəsədlərinin axtarışları davam edir. Hazırda ümumilikdə, 21 neftçi itkin sayılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər