İtkin neftçilərin axtarışı dayandırılıb? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 15:40 | Şərh sayı: (0) | Baxılıb: 217
İtkin neftçilərin axtarışı dayandırılıb?
Neftçilər aksiya keçirməyi planlaşdırır; Mirvari Qəhrəmanlı: “Hələ də faciə ilə bağlı günahı olanlar cəzalandırılmayıb...”
Qeyd edək ki, 10-cu platformadakı yanğın hələ də davam edir. Hadisə baş verən özüldə təmir-bərpa işləri aparılır. Qəza zamanı həlak olan neftçilərə sığorta ödənişinin bu ayın sonunda ediləcəyi gözlənilir. Sığorta ödənişi 26 min manat və 92 min manat arasında dəyişəcək.
Bundan başqa, ailələrə baş nazir Artur Rəsi-Zadənin sərəncamı ilə Ehtiyat Fondundan 15 min manat birdəfəlik maddi yardım ödənilib. Birdəfəlik yardım itkin düşən və dünyasını dəyişən bütün neftçilərin ailələrinə verilib. Sığorta ödənişi isə hələ ki ölən neftçilərin ailələrinə veriləcək. Neftçilərin ölümlərini təsdiq edən sənədlər hazırdır və təhqiqat işləri də başa çatdıqdan sonra sığorta ödənişləri ediləcək.
Onu da xatırladaq ki, itkin düşən neftçilərin ailələrinə onların itkin düşməsindən 6 ay keçdikdən sonra sığorta pulu ödənilə bilər.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirdi ki, hadisə ilə bağlı yaradılmış komissiya və Dövlət Neft Şirkətinin mətbuat xidməti ictimaiyyətə bu barədə tez-tez məlumat verməlidir: “Belə bir rəy yaranıb ki, itkin neftçilərlə bağlı aparılan axtarışlar dayandırılıb. Çünki ictimaiyyətə məlumat verilmir. Açığı, bir vətəndaş kimi, aparılan işləri müsbət qiymətləndirmirəm. Mənə elə gəlir ki, artıq axtarışlar dayandırılıb. İtkin düşənlərin ailələri də ümidlərini tamamən üzüblər. Cəmiyyət də bu hadisəni unudub. Hər kəs ağır problem olan iqtisadi böhranın şokundadır. Çox unutqan xalq olduğumuz bir daha ortaya çıxdı. Dənizə qərənfil atanlar da itkin neftçilərimizi unutdular. Ailələr gözləmə mövqeyindədirlər. Gözləyir ki, ya cəsədlər təhvil verilsin, ya da ölüm haqqında arayış. Ailələr istəyir ki, ailə başçısı həyatını itirmiş kimi qəbul olunsun. Çünki belə olduqda kompensasiya veriləcək. Əks təqdirdə, itkin şəxslərin ailələrinə yardım edilməyəcək. Birdəfəlik kompensasiya veriləcək, sonra həmin şəxslər və ailələri unudulacaqlar. Bu ailələr şirkətin nəzarətində olmalıdır. Hazırda bu məsələlərlə bağlı qeyri-müəyyənlik hökm sürür. Fevralın 4-də hadisənin iki ayı tamam olur. Platformalarla əlaqələrim davam edir. Hələ də faciə ilə bağlı günahları olan şəxslər cəzalandırılmayıb. Belə dəhşətli faciə olan yerdə kimsə özünü günahlar bilib hələ də istefa verməyib”.
M.Qəhrəmanlı yanvarın sonlarında hadisə ilə bağlı hesabat xarakteri daşıyacaq mətbuat konfransı keçirəcəklərini bildirdi: “Ayın sonunda mətbuat konfransı keçirib, hadisə ilə bağlı yekun hesabatla çıxış edəcəyik. Orada öz fikrimizi deyəcəyik. Biz hakim, prokuror deyilik. Sadəcə, vətəndaş cəmiyyəti olaraq fikirlərimizi söyləyəcəyik”.
Mirvari xanım kompensasiya məsələsində itkin düşənlərin ailələrindən şikayətlərin olmadığını söylədi: “Dövlət Neft Şirkəti heç vaxt sorğuya cavab verən qurum olmayıb. Bir ay bundan qabaq sorğu göndərmişik, hələ də cavab verilməyib. Ümumiyyətlə, ”Günəşli" faciəsi ilə bağlı heç bir sorğuya cavab vermirlər. Amma onu da qeyd edim ki, itkin düşən neftçilərin ailələrindən hələ də bizə bu məsələ ilə bağlı şikayət gəlməyib. Sadəcə, xəstəxanada olan bir şəxsdən şikayət gəldi, onunla da Neft Şirkəti görüşdü və problemi ilə maraqlandı".
Təşkilat rəhbəri itkin düşən neftçilərin cəsədlərinin tapılmasının müşkül işə çevrildiyini də qeyd etdi: “Mətbuata açıqlama verəndə daim ehtiyatlı oluram. Çox istəyirik ki, cəsədlər tapılsın. Quruda olan cəsədlərin tapılması çox asandır. Bilirsiniz ki, Böyük Vətən müharibəsindən sonra həyatını itirən şəxslərin bəzilərinin sümükləri ilə şəxsiyyətləri müəyyən edilib, ailələrinə təhvil verildi. İndiki vəziyyətdə çox versiyalar var. Cəsəd dənizin içərisində də ola bilər, sahilə də çıxa bilər. Amma dənizdə qalsa, çürümə gedər, balıqlar yemlənə də bilərlər. Açıq danışmaq lazımdır. Xəzərin okeana çıxışı olmadığından cəsədlərin orada qalması ehtimalı daha böyükdür. Cəsədlərin tapılma ehtimalı getdikcə azalmaqdadır”.
Bu arada neftçilərin ixtisarlara görə fevralın 1-də aksiya keçirəcəkləri barədə xəbər yayılıb. M.Qəhrəmanlı bu xəbərə də münasibət bildirdi: “Qarasu Əməliyyat Şirkəti ölkədə ən çox işçi hüquqlarını pozan qurumdur. Təşkilatımıza daxil olan məlumata görə, şirkətin mühəndis texniki işçilərini kadrlar şöbəsinə çağırıb, onları ödənişsiz məzuniyyətə göndərmək üçün ərizə yazdırmağa cəhd ediblər. İşçilərin bəziləri ərizə yazmaqdan imtina edib. Aldığım məlumata əsasən, fevralın 1-də işçilər xəbərdaredici tətil keçirtmək fikrindədirlər. Məlumatı dəqiqləşdirməyə çalışırıq və araşdırma aparırıq. Bu şirkətdə hasilat aşağı düşüb. Şirkət hasilatın pay bölgüsünü imzalayarkən götürdüyü öhdəlikləri yerinə yetirmir, hasilatı qaldırmaqdansa işçiləri öz hesabına məzuniyyətə göndərir. Vəziyyətin davam edəcəyi təqdirdə işçilər etiraz aksiyası keçirəcəklər. Aksiya xəbərdaredici olacaq”.
Xatırladaq ki, “Günəşli” yatağında yanğın hadisəsi dekabrın 4-də baş vermişdi. Platformada olan 63 neftçidən 33-ü xilas edilsə də, 30 nəfərin həyatını xilas etmək mümkün olmamışdı. Onu da qeyd edək ki, 19 nəfər neftçidən əlavə, “Neft Daşları”nın itkin düşən 3 əməkdaşının da axtarışları nəticəsiz qalıb. Ümumilikdə, 22 neftçi hazırda itkin sayılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər