İraq bölünəcəkmi? - TƏHLİL |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 23:53 | Şərh sayı: (0) | Baxılıb: 265
İraq bölünəcəkmi? - TƏHLİL
Amerika işğalından sonra heç cür özünə gələ bilməyən İraqın parçalanacağı iddiaları gündəmə gəlsə də, yerli siyasətçilər, etnik və dini qruplar buna bəzi səbəblərdən isti yanaşmır
İraqın gələcək taleyi ilə bağlı ekspertlərin üzərində dayandıqları ən geniş yayılmış fikir bu ölkənin parçalanacağı ilə bağlıdır. Əslində belə düşünmək üçün müəyyən əsaslar da var. 2003-cü il Amerika müdaxiləsindən sonra İraq necə deyərlər, özünə gələ bilməyib, bitməyən terror savaşları bu ölkədə sabitliyin hələ çox uzaqda olduğunu deməyə əsas verir.
1970-ci ildə formal olaraq muxtariyyət əldə edən Şimali İraq kürdləri Amerika işğalından sonra faktiki olaraq Bağdad mərkəzli hökumətə tabe olmurlar. Kürdlərin sahibləndiyi ərazilərdə neft və qaz ehtiyatlarının bolluğu, üstəlik, Qərbin bölgədə güc olaraq kürdlərə dəstəyi faktiki olaraq Ərbili ayırıb. 2014-cü ildə İŞİD-in İraqda böyük əraziləri, o cümlədən Mosul kimi ikinci böyük şəhəri işğalından sonra kürdlər faktiki olaraq müstəqil güc mərkəzi kimi çıxış edir və Bağdadla, yumşaq desək, hesablaşmır. İndi isə artıq Ərbil mərkəzli kürd administrasiyası müstəqilliyə gedən yolun daha bir əlaməti olaraq özlərinin müəyyən etdiyi ərazilər ətrafında xəndək qazır. Ərbildən müstəqillik çağırışları da artır.
Amma İraqın bölünməsi iddiaları yalnız kürdlərlə əlaqəli deyil. Hələ bir neçə il əvvəl mediaya İraqın 3 yerə bölünəcəyi haqda məlumatlar ötürülmüşdü. Kürd, sünni və şiə dövlətləri bölgüsünü fərqli ölkələrin mediası ortaya atıb. Son olaraq İŞİD-in İraqda fəallaşmasından və ölkənin yarıya qədərini işğal etməsindən sonra özəlliklə Türkiyədə və Qərb ölkələrində bu fikir yayılmağa başlayıb ki, İraq kürd, sünni və şiə dövlətlərinə ayrılacaq. Bunu “əsaslandırmaq” üçünsə ölkədə terror və məzhəb gərginliyi əsas göstərilir. Misal üçün, 2015-ci ildə 35 milyona yaxın əhalisi olan İraqda 11 min 118 insan terror hücumları zamanı həyatını itirib, 18 min 419 nəfərsə yaralanıb. Hər gün İraqda bir neçə terror aksiyası törədilir. Yeri gəlmişkən, ötən il İraqda 30 jurnalist öldürülüb, 10 nəfər itkin düşüb, 235 nəfər isə hücuma məruz qalıb, yaralanıb.
Bir çox ekspertə görə, gərginliyin bu şəkildə inkişafı, üstəlik, xarici ölkələrin artan təsirləri İraqın bölünməsi ilə bağlı iddiaların əsas arqumentidir. Amma doğrudanmı, İraq əhalisi bölünməyə hazırdır? Əslində İraqın bölünməsi fikri bir çox ölkələr üçün cəlbedici bir variantdır. Çünki Yaxın Şərqdə sərhədlərin dəyişməsi, bölgəni dəyişəcək bir situasiya ola bilər.
Amma hər şeydən öncə İraq əhalisi bu bölünməyə hazır deyil. Məsələ ondadır ki, kürdlər (daha çox Bərzani qrupu) istisna olmaqla İraqın digər etnik və dini qrupları ölkənin bölünməsində maraqlı deyil. Təbii ki, ilk baxışda cəlbedici görünsə də, bölünmə İraqın bütün qrupları üçün fəlakət ola bilər. Məsələn, İraqın ən böyük qrupu olan şiələr (əhalinin 65 faizi) daha böyük dini qrup olduqları və ölkənin demək olar ki, bütün bölgələrinə səpələndikləri üçün bölünmə onlara böyük problemlər gətirəcək. Eyni problem sünni qrupları da (əhalinin 35 faizi ətrafında) gözləyir. Üstəlik, daha çox böyük şəhərlərdə və səhralıq ərazilərdə məskunlaşan sünni tayfaların əraziləri neft və qaz ehtiyatları baxımından zəngin olmadığı üçün sünni tayfa liderləri və siyasi xadimlər bölünməyə isti yanaşmırlar. Üstəlik, Bağdadın bölünmədə hansı qrupda qalacağı məsələsi də böyük bir münaqişənin xəbərçisidir.
Lakin bunun əvəzində ciddi strateji mövqeyi olan ərazidə yerləşmiş, böyük miqdarda neft-qaz ehtiyatına sahib olan şimaldakı kürd tayfaları Bağdadla yolları ayırmağa meyillidir. Bütöv İraqda yüksək vəzifə tutan (hazırda İraqın prezidenti, maliyyə naziri və daha bir sıra mühüm postlarda kürd siyasətçilər əyləşib – K.R.) kürd siyasi xadimlər isə bölünməyə isti baxmırlar. Daha çox Bərzani əşirəti və yanındakılar məlum iqtisadi və siyasi dividentlər səbəbindən ayrılmağa meyllidir.
İraqın kürdlər qədər sayı olan türkmən azlığın da bölünməyə qarşı olduğu məlumdur. Çünki türkmənlər hazırda İŞİD və kürd silahlılarının arasında qalıb və hər keçən gün İraqdakı mövqelərini, sahib olduqları münbit, eyni zamanda neftlə zəngin torpaqları itirirlər. Hətta kürdlərin ayrılması belə türkmənlərə böyük zərbə olacaq. Bu üzdən İraqın bütünlüyünün ən böyük tərəfdarlarından biri də türkmənlərdir.
Xalq isə onsuz da on illərdir böyük oyunların qurbanı olduğu halda növbəti böyük bəlanı istəmir. Onsuz da ağır müharibələrdən, terrordan yorulmuş xalqın ölkənin böyük böhrana daxil olmasına razı olması inandırıcı deyil. Bu mənada İraqın yaxın zamanda sabit ölkəyə çevrilməsi gözlənilməsə də, bölünüb parçalanacağı da inandırıcı deyil.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər