Korrupsioneri müdafiə edən xalqın xoşbəxt olmaq haqqı... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 23:40 | Şərh sayı: (0) | Baxılıb: 311
Korrupsioneri müdafiə edən xalqın xoşbəxt olmaq haqqı...
Bu ölkənin çox oxuyan, çox gəzən adamlarının bir xasiyyəti var, eyzən oxuduqları kitablardan, jurnallardan sitatlar gətirir, gedib gördükləri yerlərdən danışır, “filan yerdə belədir”, “filan kitabda belə yazılır” kimi cümlələr quraraq, dövlətin, cəmiyyətin idarə edilməsinə dair parlaq nümunələr sadalayırlar.
Onlar bunu özlərinin nə dərəcədə savadlı və ya dünyagörüşlü olduqlarını göstərmək üçün etmirlər, tam əksəriyyəti ona görə edir ki, o parlaq nümunələrdən bizdə də olsun, bizdə də şəhər təsərrüfatı, məsələn, Brüsseldəki, Londondakı, Berlindəki, Stokholmdakı kimi olsun, bizdə də yol-nəqliyyat infrastrukturu Avropa şəhərlərindəki kimi təşkil edilsin, məhkəmə hakimiyyəti, məsələn, Norveçdəki kimi işləsin, məmurlar Finlandiyadakı kimi çalışsınlar və sair və ilaxır.
Biləcərinin bəri üzündə oturub “korrupsiya hər ölkədə var” deməklə deyil, nümunəvi ölkələrin təcrübəsinə baxanda görürük ki, onlar üstü açılan, mediaya çıxıb ictimailəşən korrupsiya qalmaqalını ört-basdır etmirlər, edə bilmirlər. Məsələn, 5-6 il öncə İsveçdə baş nazirin bankdan aşağı faizli kredit götürməsini korrupsiya aktı sayaraq hay-küy qoparmışdılar, o, bu xəfif ittihamlardan sıyrıla bilmədi, seçkiləri uduzdu, siyasətdən çəkildi.
İngiltərənin sabiq və parlaq baş naziri Marqaret Tetçerin övladının qarışdığı korrupsiya qalmaqalını xatırlayaq. FİFA və UEFA rəhbərliyinin bulaşdığı korrupsiya qalmaqalını yada salaq. Dünyaca şan-şöhrəti, ad-sanı, var-dövləti olan məşhir siyasi simalar korrupsiya qalmaqallarından canlarını cəzasız, itkilərsiz qurtara bilmirlər.
Bizdə isə dövlət şirkətlərindən birinin 3-cü dərəcəli məmuruyla bağlı korrupsiya qalmaqalı yaranır, ancaq bu işi araşdırmalı olan əlaqədar dövlət qurumları susqunluq, hərəkətsizlik nümayiş etdirir, başqaları isə adamı müdafiə edir, duruya çıxarmağa, bəraət qazandırmağa çalışırlar.
Normal, mədəni, qanunun aliliyi hökm sürən ölkələrdə belə olmazdı, ola bilməzdi.
Bundan sonra nə desələr, nə yazsalar, hamısı boşdur, söz yığınıdır.
Korrupsiya qalmaqallarını ört-basdır edə-edə, iqtisadiyyatın bütün sferalarındakı qanunsuzluqlara göz yuma-yuma, dövlətin bütün idarəetmə strukturlarını sarmış neqativ halları aradan qaldırmağa heç bir cəhd etməyə-etməyə, saatlarla qanunçuluqdan, inkişafdan danışmağa dəyməz. Bu, olsa-olsa problemlərin həllini uman xalqın gözünü boyamaqdır.
Allahdan xalqımız da illərlə üst-üstə qalaqlanmış problemlərin həllini, neqativ hallara son verilməsini tələb etmir, sadəcə, umur və sakitcə oturub gösləyir ki, bir gün idarə edənlərin ürəyinə insaf düşəcək və onlar xalqın istədiyi qərarları qəbul edərək, məqsədyönlü fəaliyyətə başlayacaqlar. Ola bilər, o iş 100 ildən sonra olacaq. Bu xasiyyət ki bizdə var, olmaya da bilər.
Təcrübəsini öyrəndiyimiz öncül ölkələrin sakit, emosiyasız camaatı isə belə deyil. Onlar problemlərin üst-üstə yığılmasına, vaxtında həll edilməməsinə dözümsüzdürlər və öz hövsələsizliklərini yaxınlaşmaqda olan ilk seçkilərdə ortaya qoyurlar, iş başına yeni hökumət gətirirlər.
Bu üzdəndir ki, biz Avropa ölkələrinin tam əksəriyyətinin prezident və baş nazirlərinin adlarını əzbərləyib yadda saxlaya bilmirik. Çünki onlar vəzifədən köklənib, kötüklənib qala bilmirlər, xalq onları vaxtaşırı dəyişir.
Ölkəmizin çox oxuyan, çox gəzən insanları illərdir bu barədə danışır, yazırlar, deyirlər ki, xalq öz taleyini öz iradəsilə müəyyən etməlidir. O xalq xoş güzərana, rifaha layiqdir ki, o, “yaxşı nədir, pis nədir” sualının cavabını dürüst bilir, baş verənlərə düzgün qiymət verir, ən ümdəsi oturub gözləmir, ummur, fəallıq göstərir, haqqını tələb edir.
Heç bir normal ölkədə heç kəs korrupsionerlərə haqq qazandırmağa cəhd etməz. Bizdə bu cür hallarda cəmiyyət ikiyə bölünür, korrupsioneri ittiham edənlər qədər də müdafiəçiləri olur. Onların bir hissəsi əlində səlahiyyəti olan şəxslərdirsə, adamı məsuliyyətdən yayındıra bilirlər. Küçədə, ictimai yerlərdə zorakılıq edərək adamları döyənlərin himayədarları isə lap çoxdur, əksəriyyət “yaxşı eləyib” deyir.
Budur, ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun və dəstəsinin faş olunmuş əməllərinə görə bəyənmədiyimiz sovet dövründə güllələnmə cəzası verilərdi, amma hələ sabiq nazirə qarşı “işdə səhlənkarlıq” ittihamı da sürülməyib. Sabah onu ev dustaqlığından azad edib baş nazir qoysalar belə, xalq təəccüblənməyəcək, sakitcə qəbul edəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər