Samovarı pulla qaynadanlar və borca görə intihar edənlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 20:23 | Şərh sayı: (0) | Baxılıb: 242
Samovarı pulla qaynadanlar və borca görə intihar edənlər
Bu necə qalmaqal idi, bazar günü başladı, birinci gün axşam bitdi.
Adicə alt paltarı görünən və ya görünməyən müğənni xanımın söhbəti azı bir həftə davam edir, 20 milyonluq (minimum) korrupsiya qalmaqalı isə təxminən bir sutka çəkdi.
Həftənin ikinci günü bu barədə yazan sayt və qəzetlərin sayı iki cüt bir tək idi. İndinin özündə də az-az adam sosial şəbəkədə o faktı xatırlayır, xatırladır. Söhbət bitdi, bitirildi.
Bax, korrupsioner mafiyanın gücü budur, görəndə ki, bu kələfi çözələsən, ortada çözülməmiş dürgəh, yumaq qalmayacaq, tez-tələsik medianın önünə “stop!” işarəsi qoydular.
Amma deputatın ritorik bir ifadəsi (“soğan əkin, işləyin, başınızı dolandırın”) həftələrdir gündəmdədir.
Əslində isə tərsinə olmalıdır, bir deputatın nə deməsi (deməməsi), bir müğənninin nə geyməsi (və ya geyməməsi), bir yazarın vəfat etmiş başqa yazar haqqında nə yazması bizim beynimizi bu dərəcədə məşğul etməməlidir.
Çünki o söhbətlərin heç biri ölkəmizin gələcəyinə, millətin istiqbalına, xalqın güzəranına korrupsiya qalmaqalları qədər təsir göstərmir və göstərə bilməz.
Ortada dövlət büdcəsindən, gələcək nəsillərin cibindən qamarlanmış milyonların söhbəti gedir. Həm də bu, yalnız bir adamda tutulmuş milyonlardır. Ölkədə isə dövlət büdcəsinə əli yetən minlərlə məmur var, demək, milyardların oğurlanmasından danışmaq lazımdır.
Heç kəs deməsin ki, ümumi danışmaq, hamını tərəzinin eyni gözünə qoymaq olmaz, guya ki, dürüst məmurlar da var.
Nəzəri olaraq, razılaşaq ki, ölkədə dürüst məmurlar da var. Amma faiz etibarilə onlar nə qədərdir, məmurlar ordusunun 1 faizini təşkil edirlərmi? Etmirlər.
Ona görə də heç kəs nə özünü, nə xalqı, nə də medianı aldatmağa çalışmasın. Oğurluğun, talançılığın norma olduğu ölkədə “dürüst məmur” nadir istisnadır.
Məsələn, yüksək və orta mənsəbli yüz “nümunəvi məmur”un adını yazaq, loxotrona ataq, qarışdırıb-qarışdırıb, içindən üçünü seçək və mal varlıqlarını, fəaliyyətlərini araşdıraq. Məlum olacaq ki, üçü də milyonçudur, rəsmi və qeyri-rəsmi olaraq böyük varidata sahibdirlər.
Türkiyənin turizm bölgəsi Bodrumda 20 milyona 16 villa aldığına dair sənədlər açıqlanan şəxs nə qədər təkzib etsə də, ortada etirafı da var, deyir ki, onun doğrudan da Bodrumda 60 min dollarlıq evi var. Görünür, 16 villanın sahibi olduğunu eturaf etməkdənsə, ən yaxşısı birini etiraf edib, 15-ni danmaqdır.
Bundan başqa, məmurun övladı Barselonada təhsil alır, onun təhsil haqqı və dolanışığı da yəqin ki, ailəyə 1 villanın qiyməti qədər xərcə başa gəlir. Bundan başqa, rəis müavini Bakıda kirayədə yaşamır, Bodrumda villası olanın Bakıda da bahalı evi və bağ villası olmamış olmaz. Bunların üstünə onun mindiyi avtomobillərin qiymətini də gəlsək, ortada əməlli-başlı sərvət var.
Ölkəmizdə çoxdan məşhur olmuş ifadə ilə desək, özgənin pulunu hesablamaq yaxşı iş sayılmadığına görə, bu işi korrupsiya ilə mübarizə aparan, yaxud aparmalı olan strukturlara həvalə edərək, açar sualı səsləndirək: “Bu varidat hardandır?”
Qoy ölkənin korrupsiya girdabına sürüklənməsinin qarşısını almalı olan məsul şəxslər bu suala cavab alsınlar. Həm də təkcə adı hallanan şəxsdən yox, onun kimi və ondan betər olan yüzlərlə başqalarından da.
Kiçik müəssisə və təşkilatların xırda şöbələrinin müdir müavinlərinin seyfindən 1000, 1500 manat rüşvət pulu tapıb aşkara çıxarmaq, kiçik məmurları ifşa etmək asandır, əsas məsələ ali və orta ranqlı məmurların korrupsiya maxinasiyalarını ifşa etməkdir.
1500 manatları bir kənara buraxıb (onları sırası sonra gələr), amansızcasına talanan milyonların, milyardların hesabını aparmaq gərəkdir.
Bu ölkəni bu günə qoyan o milyonçu və milyarderlərdir.
Qubada birgə istirahətə dəvət etdiyi müğənni məşuqəsi gələnə qədər samovarı dollar əskinası ilə qızdırıb-qaynadan orta ranqlı məmur var, pulu odun qamqalağı sayır, o tərəfdə isə məmləkətin minlərlə kasıb zəhmətkeşi borcları üzündən intihar həddindədir. Budurmu ədalət?
Bu elə mövzudur ki, bir bazar günü gündəmə gəlməli deyil, 365 gün gündəmdən çıxmamalıdır. Ta ki...
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər