Azərbaycanda niyə dedektiv yoxdur? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 10:58 | Şərh sayı: (0) | Baxılıb: 392
Azərbaycanda niyə dedektiv yoxdur?
Müzəffər Baxış: “Bizdə dedektivlik fəaliyyəti haqında bir qanun yoxdur”
Son vaxtlar itkin düşən şəxslərin sayında xüsusi artım müşahidə edilir. Bu cür xəbərləri tez-tez sosial şəbəkələrdən, mətbuatdan oxuyur, eşidirik. Polislər bu cür şəxslərin axtarışını aparsa da, itkin düşmüş insanların tapılması aylar çəkir. Bəzən isə müsbət bir nəticə əldə edə bilmirlər. Bu cür situasiyalar isə dedektivlik mövzusunu bir daha gündəmə gətirir. Dünyanın bir sıra ölkələrində özəl dedektivlər fəaliyyət göstərir. Hər hansı cinayət işinin açılmasında, itkin düşmüş şəxsin axtarılmasında, kiminsə izlənilməsində həmin dedektivlər aktiv iştirak edir.
Dedektiv dedikdə gözümüzün önünə uzun qara plaşlı, şlyapalı və lupalı bir insan, dedektiv modeli canlanır. Əslində isə belə deyil. Bu cür görkəmdə dedektivlər yalnız filmlərdə və romanlarda olur. Bu xidməti göstərənlər isə adətən keçmiş polis işçiləri və ya hüquqşünaslar olur. Bəzi ölkələrdə dövlət işçisi olmayan xüsusi dedektivlər də var. Dedektiv bacarıqlı və səbirli olmalıdır, çünki araşdırdığı mövzuda yalnız bir ipucu tapmaq üçün belə aylarla çalışmaq məcburiyyətində qala bilər. Dedektivlərin əsl işi günahkarı tutmaq yox, təsbit etmək, dedektiv xidmətinə müraciət edən şəxslə təsbit edilmiş məlumatları paylaşmaqdır. Sonrakı müdaxilələr isə təhlükəsizlik güclərinin məsuliyyətindədir.
Dünyada dedektiv xidməti geniş yayılan və gəlirli sahələrdən olsa da, Azərbaycanda bu xidmət yoxdur və qanunla qadağandır. Yalnız 1996-cı ildə Azərbaycanda da dedektivlik bürosu yaradılsa da, onların fəaliyyəti cəmi bir il çəkdi. Hazırda isə Azərbaycan qanunvericiliyinə görə dedektivlik fəaliyyəti qadağandır.
Hüquqşünas Müzəffər Baxış dedektivlik haqqında qanun olmadığını dedi: “Bizdə dedektivlik fəaliyyəti haqqında bir qanun yoxdur. O vaxt Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev belə bir təkliflə çıxış etdi və belə bir qanun layihəsini hazırladı. Bu qanun layihəsi Milli Məclisə təqdim olundu. Orada bir sıra cinayətlərin və hadisələrin açılması üçün dedektiv fəaliyyətin bəlli olduğu barəsində öz fikirlərini əsaslandırdı. Biz o vaxt Milli Məclisin bir deputatlarını da bu fəaliyyətə qoşduq. Amma bu məsələ öz həllini tapmadı. Yəni Azərbaycanın qüvvədə olan qanunvericiliyinə görə dedektiv fəaliyyəti ilə məşğul olmaq qadağan edilir. Bu nöteyi-nəzərdən Cinayət Məcəlləsinin 302-ci maddəsində buna görə cinayət məsuliyyəti nəzərdə tutulub. Dedektiv fəaliyyəti əslində əməliyyat axtarış fəaliyyətidir. Cinayət Məcəlləsinin 302.1-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi 500 manatdan min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə bir qaydanın nəzərdə tutulmasına görə bu fəaliyyətlə indiki halda heç kim məşğul ola bilməz".
Hüquqşünas bildirdi ki, müəyyən insanlar var ki, bu sahədə özlərini professional hesab edir və qanun onların çalışmasına icazə verməlidir: “Düşünürəm ki, ictimai münasibətlərin inkişafı ilə əlaqədar olaraq ola bilsin ki, gələcəkdə Azərbaycanda belə bir fəaliyyətə icazə verdilər və müəyyən bürolar yaradıldı. Bu haqda qanun qəbul edilsin və həmin qanunun müddəalarına əsasən bu və digər istiqamətdə dedektiv fəaliyyətinə icazə versinlər. Hələlik isə buna icazə yoxdur. Əgər qanun olsa, həmin qanun çərçivəsində müəyyən insanlar var ki, özlərini bu sahədə professional hesab edirlər və düşünürlər ki, onlar müəyyən cinayətlərin açılmasında bu xidməti göstərə bilərlər. Düşünürlər ki, onların bu xidməti müsbət nəticə verə bilər. Onlar bunu onunla əsaslandırırlar ki, uzun müddət hüquq mühafizə orqanlarında işləyiblər. Hüquq mühafizə orqanlarından çıxandan sonra onların bu sahədə kifayət qədər bilikləri var. Bu biliklərdən istifadə edərək cinayətlərin açılmasına, itkin düşmüş şəxslərin tapılmasına və digər əməliyyat axtarış fəaliyyətin predmetinə daxil olan işlərin həyata keçirilməsində dövlət orqanlarına kömək edə bilərlər. Amma təəssüflər olsun ki, hələlik bizim qanunvericilik buna icazə vermir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər