Könüllü sığortanın məcbruri tətbiqi - Avtomobil sığortasının problemləri |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-01-2016, 16:57 | Şərh sayı: (0) | Baxılıb: 317
Könüllü sığortanın məcbruri tətbiqi - Avtomobil sığortasının problemləri
Dünyanın bir çox ölkələrdə terrorizmin bir növü də avtomobillərin üzərinə benzin tökülərək yandırılmasıdır. Bu kimi hallar Türkiyədə daha çox vüsət alıb. Son bir ayda İstanbulda 20-dən çox avtomobil “kundaklanıb”.
Hətta bəzilərinin içində sərnişinlər də olub. Xarici ölkələrin təcrübəsində bu kimi hallar baş verdikdə, avtomobil sahibinə maşının qiyməti sığorta şirkətləri tərəfindən tam şəkildə ödənilir. Bəs, Azərbaycanda yol qəzaları istisna olmaqla, digər hallarda avtmobilə ziyan dəyərsə, avtomobil yandırılarsa, oğurlanarsa, təbii fəlakət nəticəsində yararsız hala düşərsə, onun sığortası necə həyata keçirilir? Bu təcrübə ölkəmizdə necədir?
“Yeni Müsavat”ın suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, sözügedən hallarda dəymiş ziyanın ödənilməsi üçün avtomobilin kasko sığortasının olması vacibdir: “Avtomobillərin sığortasının əsasən iki variantı var. Birincisi, avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortasıdır. İcbari sığorta əsasən yol-nəqliyyat hadisələrində təqsirkar sürücünün məsuliyyətini sığortalayan şirkət zərərçəkənə dəyən ziyanı ödəyir. Təqsirkara dəyən ziyan isə ödənilmir. İcbari sığortanın mahiyyəti budur. Bir də var ki,ümumi əmlak sığortasının bir növü kimi, avtomobil sahibinin öz əmlakını sığortalaması-buna kasko sığorta deyirlər. Orada müqavilədə nəzərdə tutulur ki, avtomobilin yanması və ya yandırılması, oğurlanması hallarında, təbii fəlakət nəticəsində və ya yol qəzasında ziyan dəyərsə, sığorta şirkəti dəymiş ziyanı ödəyir. Bu könüllü sığortadır, məcburi deyil. Lakin bu könüllülük prinsipinə də tam əməl olunmur”.
Ekspertin sözlərinə görə, Azərbaycanda könüllü kasko sığortadan o qədər də geniş istifadə olunmur, yalnız məcburi hallarda sürücülər buna gedirlər: “ Bu həm də sığorta şirkətlərinin problemidir. Hazırda kasko sığorta edənlər yalnız kreditdə olan avtomobil sahibləridir. Çünki qanunvericilikdə də nəzərdə tutulur ki, ipoteka ilə verilən avtomobil, girov predmeti olan avtomobil mütləq sığortalanmalıdır. Ona görə də bankdan kreditlə avtomobil alanlar bunu edirlər. Lakin başqa yolla avtomobil alan insanlar isə maşınlarını kasko sığorta ilə sığortalamırlar ki, nə zamansa avtomobilim yanar və ya oğurlanar, mən buna görə, sığorta ödəyim”.
Ərşad Hüseynov onu da qeyd etdi ki, sürücülərin avtomobil sığortasına önəm verməməsinin əsas səbəbi isə sığorta şirkətlərinə etimadın olmamasıdır: “Kasko sığortadan dünya təcrübəsində geniş istifadə olunur və təxminən bütün ölkələrdə eyni qaydada sığorta olunur. Lakin ayrı-ayrı şirkətlərdə kasko sığortanın şərtləri fərqli ola bilər. Çünki kasko sığorta könüllü olduğu üçün onun şərtləri də tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edilir. Oraya hətta qanuna uyğun şəkildə tərəflərin razılığına əsasən qeyri-adi şərtlər də əlavə etmək olar. Məsələn, hətta avtomobilin təkərinin partlaması halında onu sığorta etdirmək mümkündür.
Dünyanın hər yerində könüllü əmlak sığortasının bir növü olan kasko sığortanın şərtləri təxminən eynidir. Sığortada bir də azadolma məbləği var. Bunun mahiyyəti isə odur ki, avtomobil istifadə olunduqca dəyərini itirir. dəyərini itirdiyi üçün orada azadolma məbləği var. Onu da tərəflər qarşılıqlı şəkildə müəyyən edirlər. Bu yüz manat da ola bilər, bir neçə min manat da ola bilər. Yəni avtomobilin itirdiyi dəyərə əsasən bu müəyyən edilir. Təzə avtomobilə görə, ödənilən kasko sığorta bir neçə ildən sonra dəyişir, daha az olur. Sığorta müqavilələrində bunu nəzərdə tuturlar”.
Ekspertin sözlərinə görə, kasko sığortanın Azərbaycan təcrübəsində bir "fərqi" də odur ki, bizim qanunvericilikdə, eləcə də praktikada bu bəzi hallarda məcburi tələb olunur: “Kreditlə avtomobil almaq istəyənlər buna məcburdur. Bu səbəbdən də müqavilə şərtlərini sığorta şirkətləri müəyyənləşdirir və daha ağır, özlərinə sərf edən şərtlər təklif edirlər. Kasko sığortadan daha az istifadə olunmasının əsas səbəbi də budur”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər