Yeni ipoteka şərtləri evsizləri sevindirə bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:17 | Şərh sayı: (0) | Baxılıb: 528
Yeni ipoteka şərtləri evsizləri sevindirə bilər
Ekspertlər Türkiyə təcrübəsinin şərtlərini açıqlayır, gələn aydan yeni şərtlərin tətbiqi gözlənilir...
İpoteka kreditləşməsi barədə yeni təkliflər səslənməkdədir. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun ipoteka ilə bağlı son açıqlamaları bu sahədə dəyişiklik, yumşalma olacağı ümidlərini artırıb. Ekspertlər vəziyyəti fərqli tərəflərdən izah edirlər.
Qeyd edək ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib ki, ən geci gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək: “Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır. İpoteka kreditlərinin verilməsi üzrə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir və araşdırmalar aparılır. Yəqin ki, yaxın zamanda, ən geci gələn ay ipoteka kreditlərinin yeni əsasda verilməsinə başlanılacaq".
Onun sözlərinə görə, Mərkəzi Bank ipoteka kreditləşməsində Türkiyə təcrübəsini nəzərdən keçirir. Baş bankir qeyd edib ki, Türkiyədə dövlət tərəfindən dövlət şirkətinə torpaq və zəruri infrastruktur verilir: “Bu şirkət binanı özü tikir, sonra isə mənzilləri ilkin ödənişsiz və faizsiz 20-25 il müddətinə ipotekaya verir. Bu variant müxtəlif sahələrdən daha çox insanın cəlb edilməsinə və onların tikinti və tikinti materiallarının istehsalında işlə təmin edilməsinə imkan verir”. Hazırda müzakirə edilən ipoteka kreditləşməsində dəyişikliklərə gəlincə, E.Rüstəmov qeyd edib ki, onların tətbiqi ay ərzində gözlənilir: “Dəyişikliklər o cümlədən ilkin ödəniş və zəmanət siyasətini də əhatə edəcək”.
Ekspert Rəşad Əliyev isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, şərtlər hələ ki qeyri-müəyyəndir: “Bildirilir ki, Türkiyə nümunəsi öyrənilir. Yəqin ki, həmin təcrübədə nəsə onları maraqlandırıb. Ancaq Azərbaycanda bunun tətbiqi olduqca çətin olacaq. Digər tərəfdən, şərtlərdə yeni bir fikir eşitmədim. Hazırda uzun müddətdir ki, bu ipoteka kreditləşməsi ilə bağlı dövlət rəsmilərindən ancaq standart bölgülər eşidirik. Ancaq ortalıqda hələ heç nə yoxdur”.
Ekspertin sözlərinə görə, Türkiyə inkişaf etmiş nadir ölkələrdəndir ki, orada dövlət şirkətləri tikinti sektorunda uğurla işləyir: “Çünki ancaq orada özünü doğrulda bilib. Həmin sistem illərdir uğurla işləyir. O model bizim şəraitə ümumiyyətlə yaramır və nümunə ola biləcək ən sonuncu modeldir. Çünki buna oxşar sistem bizdə olub, məsələn sovet dövründə, torpaq da dövlətdən, tikinti şirkəti də dövlətdən. Sadəcə olaraq, evlər pulsuz verilirdi. Sovet dağılan kimi, hamısının sonunu gördünüz. Ancaq dövlət sifarişi ilə işləyənin sonu yaxşı olmur. Həm də bunun üçün yeni müəssisələr formalaşdırılmalıdır ki, bunun da nə qədər xərci var. Həmin müəssisələr səmərəsiz işləyəcəklər. Ona görə də ucuz tikintini yaddan çıxarın. Əgər özəl sektor bununla bacara bilirsə, dövlətin bu sahədə nə işi var? Burada aldadıcı məqam var. Məsələn, evi dövlət şirkəti tikir və ilkin ödənişsiz, faizsiz ipotekaya verir. Deməli, pulun mənbəyi olmalıdır. Əgər pul varsa, elə ipotekanı minimal faizlərlə insanlara versinlər. İpoteka üzrə adi kreditlərdə faizlər 8 faiz, ilkin ödəniş 20 faizdir Əgər illərlə bu şərtləri yüngülləşdirməkdə çətinlik varsa, onda ilkin ödənişsiz faizsiz krediti necə verəcəklər?”.
Ekspert Nüsrət İbrahimov isə qeyd edib ki, ipoteka şərtlərinin detalları barədə məlumatsızdır: “Hələ dəqiq məlumat yoxdur ki, hansı şərtlər yumşaldılır. Amma təxminən bilirəm ki, maksimum məbləğ artırılmalıdır. Bu gün bu, 50 min manatdır, o, bir qədər artırılacaq ki, bahalı və çoxotaqlı evləri də almaq mümkün olsun. Amma qalan şərtlər əvvəlki qaydasında saxlanılacaq. Deyirlər ki, gənc ailələrə şərtlər daha da yumşaldılır. Hələ tezdir o barədə fikir demək. Qəbul olunmuş şərt, qərar yoxdur. Hələ bu variant-maksimum məbləğin artırılması müzakirə edilir”.
Qeyd edək ki, bəzi ekspertlər deyir ki, yeni, yumşaldılmış şərtlər daxilində ev bazarında vəziyyət bir qədər canlana bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər