“Kreml agıllı davransa, bu böhrandan çıxmaq olar” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 10:37 | Şərh sayı: (0) | Baxılıb: 249
“Kreml agıllı davransa, bu böhrandan çıxmaq olar”
Hikmət Hacızadə: “Yuxarıdakılar bir şeyi anlamalıdır, azadlıq yoxdursa, inkişaf da olmayacaq”
“Əsaslı iqtisadi-siyasi, sosial islahatlar aparılmasa, bu gedişlə nəinki Rusiya, yaxud başqa neft ölkələri, o cümlədən bizim ölkə də ciddi problemlərlə üz-üzə qalacaq”. Politoloq Hikmət Hacızadə bu fikirləri neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyi halında Rusiyanın çökəcəyi, yaxud hakimiyyət böhranı ilə üzləşəcəyi barədə səslənən fikirlərə reaksiyasında bildirib.
Qeyd edək ki, məşhur amerikalı maliyyəçi Corc Soros dünya iqtisadiyyatındakı vəziyyəti şərh edərkən Rusiyanın gələcəyindən də bəhs edib. “Rusiyanın vəziyyəti hazırda çox ağırdır. Amma valyuta və qızıl ehtiyatları hələ var. Bu ehtiyatların tam tükənməsi üçün 2 ilə yaxın vaxt lazımdır. 2 ildən sonra Rusiya bütün rezervlərini xərcləyərək iflic iqtisadiyyatı və ac əhalisi ilə baş-başa qalacaq”, deyə Soros bildirib.
“Yeni Müsavat”a açıqlamasında H.Hacızadə deyib ki, bu gedişlə Rusiya bir neçə ilə çökəcək: “Venesuelaya baxın, çökür. Əhalinin ərzaq almağa pulu yoxdur, amma neft qiymətli olanda onlar göylə gedirdilər, ruslar Almaniyanı çökdürüb, Amerikaya dərs deyirdilər. İndi isə orada dərin böhran var”.
H.Hacızadənin sözlərinə görə, ölkədə islahatların aparılması, azadlıqların verilməsi lazımdır: “Hökumət anlamalıdır ki, azadlıq yoxdursa, inkişaf da olmayacaq. Bundan başqa, ölkəmiz dünyaya qapılarını açmalıdır! Bahalı hotellər tikiblər, amma xaricilərə viza məsələsini çətinləşdiriblər. Bəs onda bu hotellərdə qalmağa kim gələcək? Bunu ki, qavramaq ən sadə məsələdir. Heç inkişafin qəliz məsələlərinə toxunmuram hələ ki...”
Rusiya prezidenti V.Putinin islahatlara getməsi, yaxud hakimiyyəti təhvil verməsi Rusiyanı parçalanmaqdan, çökməkdən qoruya bilərmi? H.Hacızadə: “Qoruya bilər. Kreml agıllı davransa, bu böhrandan çıxmaq olar. Amma bunun üçün ağıl və ürək lazımdır. Hər adam islahatçı ola bilmir. İslahatçı tarixdə ən çətin və ən şərəfli peşədir, vəzifədir”.
H.Hacızadə şübhə etmir ki, beynəlxalq səviyyəli qapalı danışıqlarda Putinin qarşısında iki yoldan birini seçməklə bağlı şərt qoyulub: “Ancaq o, islahatlar yolunu qəbul etmir. Deyəsən, vəziyyətin ciddiliyini başa düşmür. Amma hər şey ola bilər. Burada bir münəccim lazımdır ki, ulduzlara baxıb nə olacağını desin”.
Azərbaycana bütün mənalarda təsirləri qaçılmaz olan şimal qonşumuzun büdcəsinin ən böyük vergi ödəyicilərindən biri olan LUKoil şirkətinin prezidenti Vahid Ələkbərov bildirib ki, neftin 1 barelinin qiyməti 24 dollara düşəcəyi təqdirdə Rusiyada neft hasilatı sahəsində bir çox layihələr bağlana bilər. Şirkət rəhbərinin sözlərinə görə, 24 dollar ən aşağı mümkün olan həddir. “Analitika göstərir ki, bu həddən aşağı qiymət hətta fəaliyyətdə olan bir çox layihələrin dayandırılması deməkdir” - o, əlavə edib.
“Neftin qiyməti üç il bu şəkildə qalarsa, Rusiya tarixə qarışacaq”. Bunu isə Postsənayeləşmə Dövrünün Araşdırılması Mərkəzinin rəhbəri Vladislav İnozemtsev deyib. İqtisadiyyatçılar proqnozlaşdırırlar ki, Rusiyanın xəzinəsi 2017-ci ilin ortalarına boşalacaq. Beynəlxalq ehtiyatlar 510 milyard dollardan 370 milyarda enib.
Azərbaycan rəhbərliyi də etiraf edir ki, neft gəlirlərinin azalması ölkəni çətin duruma salıb və manatın devalvasiyası qərarı qaçılmaz olub. Rusiyada 2 milyondan çox həmvətənimizin çətin şərtlərlə üz-üzə qalacağı təqdirdə Azərbaycana dönməsi ölkəmizi daha ağır sınaqlarla üz-üzə qoya bilər. Müşahidəçilər hesab edir ki, Rusiya imperiyasının varlığı kimi, onun çökməsi də Azərbaycan kimi balaca ölkələr üçün təhlükələr vəd edir.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər