Çimişən axçilər və irişən həmsədrlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 15:57 | Şərh sayı: (0) | Baxılıb: 277
Çimişən axçilər və irişən həmsədrlər
Bunlar bizim heysiyyatımızla oynayır, açıq şəkildə deyirlər ki, “ermənilər Qarabağı alıb, üstündən su içib, siz də su için, sakitləşin, ”keçmiş olsun" deyin". Yoxsa bunun başqa adı yoxdur. Artıq adı belə ikrah doğuran ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatını sakit oxumaq mümkün deyil.
Həmin bu “üç müşketyor”un bəyanat yaydığını eşidəndə bir anlıq düşündüm ki, nəhayət, Ermənistanı adam, daha doğrusu, normal ölkə olmağa çağırıblar. Çünki elə həmin gün ağdamlı kəndlini güllələmişdilər - torpağını suvararkən. Ancaq oxudum ki, yox, “turist diplomatlar” nəinki əkin sulayan kəndlinin güllələnməsinə etiraz edib, hətta işğalçıya qahmar çıxıb, AŞPA-nı qınayıb.
26 yanvarda Strasburqda “Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərdə zorakılığın artması” və “Sərhədyanı ərazilərin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihələri müzakirəyə çıxarılacaq". Üstəlik, Şahbaz Quliyev və Dilqəm Əsgərovun erməni girovluğunda olmasına da etiaz edilməsi gözlənilir. Öz yurduna gedən Dilqəmlə Şahbaz il yarımdır erməni girovluğundadır. Həmsədrlər bircə dəfə də onları yada salmayıb.
24 ildir başımızın altına yastıq qoyan həmsədrlər bu gün Ermənistanı açıq müdafiə edir. Nəhayət, onlara layiq olduğu cavab verilməlidir. XİN-in “qara siyahısı” var, Dağlıq Qarabağa qanunsuz səfər edən 508 nəfərin adı var orda. Özü də Qarabağa qanunsuz gedənlərin əksəriyyəti Minsk qrupunun həmsədr ölkələrinin (!) vətəndaşlarıdır.
Bu, onunla bağlıdır ki, həmin ölkələr öz vətəndaşlarına, şirkətlərinə “Ermənistanın işğal etdiyi ərazilərə getməyin” çağırışını etməyib, onları geri çağırmayıb. Ermənistan etiraf edir ki, Qarabağda rəsmən 24 şirkət çalışır, bura ildə 35 milyon dollar investisiya yatırır. Həmsədrlər bu faktlara susursa, onda ölkələri imkan yaratsın, həmin şirkətlər İŞİD-lə də ortaq layihələri həyata keçirsin. Terrorçunun erməni, ya İŞİD-çi olmasının nə fərqi var? İşğal olunmuş əraziyə investisiya ona görə qoyulmur ki, sabah o torpaqlar Azərbaycana qaytarılsın. Bizi sadəcə, yuxuya verirlər...
Məncə, XİN-in “qara siyahı”sı yenilənməlidir. Bundan sonra həmsədrlərin Bakıya gələn yolunu qapatmaq, Ermənistan yolu ilə Qarabağa gedən həmsədrlərin özünü “persona non qrata” elan etmək lazımdır. Yapon səyyahın Ağdamdan çəkdikləri ağrılı da olsa, həqiqətlərimizin dünyaya yayılması baxımından daha faydalıdır.
Əslində həmsədr ölkələr BMT-də Azərbaycanın ərazi bütövlüyünə bitərəf qalanda onların vasitəçilərindən imtina olunmalı idi. Əks təqdirdə bu gün başları Qarabağı baş terrorçusu Bako Saakyanın tut arağından məst olan diplomatlar AŞPA-nı təhdid etməzdilər.
Son günlər Azərbaycanda inhisarçılığa son qoyulması zərurətindən çox danışırıq. Ölkənin inkişafı, böhrandan çıxmağımız üçün əsas şərtdir. Ancaq deyəsən, unutmuşuq ki, Azərbaycanın işğaldakı 20 faiz ərazilərində də təkcə işğal yox, həm də inhisar hökm sürür. Həmsədrlər Qarabağ məsələsini inhisara alıblar, imkan vermirlər ki, bir beynəlxalq təşkilat ora yaxın düşsün, işğala etiraz etsin.
AŞPA-dakı sənədlərdən birini Böyük Britaniyanı təmsil edən deputat Robert Valter hazırlayıb. Bu sənədə görə erməni nazir Nalbandyan onu “qərəzli” adlandırmışdı. “Qərəz” sənəddə “Ermənistan qoşunlarının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən çıxarılması və həmin ərazilərdə Azərbaycanın tam hakimiyyətinin bərpa olunması” tələb olunmasıdır.
Nalbandyan da eyni sözü deyir, Popov da, Uorlik də, Andrie də. Onda bunun harası həmsədrlik oldu? Əgər işğala son qoyulmasını istəmirlərsə, ağdamlı qaçqının dediyi kimi, onların apardıqları danışıqlar təpələrinə dəysin!
Ermənilər yeni videoçarx hazırlayıblar, dünyanı Kəlbəcərə çağırıblar - İsti suda çimişən erməni axçilərini göstərərək. Təsəvvür edin, ermənilər Kəlbəcər dağlarını kanatla birləşdirir, Şuşanın Cıdır düzündə moda yarışması keçirilir, Zəngilanda, Qubadlıda qəsəbələr salır, Minsk qrupu isə “işğala son qoyulsun” yazılmış sənədə etiraz edir.
Məni qınamayın, Kəlbəcərin isti suyunda çimişən erməni axçilər son çağırışları ilə daha səmimi göründü, nəinki sülh danışıqlarında vasitəçilik edən həmsədrlər... Hətta bu çağırışı qəbul edib Kəlbəcərə də getmək olar... Birdəfəlik!
Həmsədrlər bizi ələ salmağa başlayıb, bəlkə onları yola salaq. İndi söz cənab Elmar Məmmədyarovundur.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər