Azərbaycanın ABŞ-a etiraz notasının PƏRDƏARXASI |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-12-2015, 19:48 | Şərh sayı: (0) | Baxılıb: 293
Azərbaycanın ABŞ-a etiraz notasının PƏRDƏARXASI
Azərbaycanın ABŞ-a etiraz notasının pərdəarxası: Azərbaycanın reaksiyasını yoxlamaq istəyirlər.
"ABŞ-da bəzi dairələr fikirləşirlər ki, onlar Dağlıq Qarabağın müstəqilliyini tanısalar, nə olacaq və hansı nəticələr verəcək? Təbii ki, bunun xalqların öz müqəddəratını təyin etməsi məsələsi ilə əlaqəsi yoxdur. Bu bir siyasi addım kimi araşdırılır. Ona görə də Azərbaycanın reaksiyasını yoxlamaq istəyirlər. Azərbaycan XİN-in ABŞ-a diplomatik etiraz notası verməsi qeyri-adi, fövqəladə hadisənin baş verməsindən xəbər verir. Fikrimcə, XİN-in nota verməsi doğru addım idi. Bu bir sənəd kimi danışıqlar tarixində də öz əksini tapır. Digər tərəfdən, Azərbaycan regionda lider dövlətdir və bu bizə qarşı belə addımın atılmasının yolverilməz olduğunu təsdiq edən notadır".
Bunu təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov Milli.Az-a açıqlamasında Azərbaycanın ABŞ-a etiraz notası verməsini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, son zamanlar ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağ məsələsindən öz maraqları üçün daha çox istifadə edirlər: "Bir müddət əvvəl İngiltərə Dağlıq Qarabağdakı erməni separatçı rejiminin rəhbəri Bako Saakyanı qeyri-rəsmi formada, amma rəsmi orqanlarının nəzarəti altında Londona dəvət etdi. B.Saakyan orada görüşlər keçirib, çıxışlar etdi. Maraqlısı budur ki, artıq ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr də terror dəstəsinin üzvü olan Bako Saakyanı öz ölkələrində qəbul edirlər. Onlar separatçılarla müzakirələr aparır, onlara meydan yaradır, mediaya çıxış üçün tribuna verirlər".
E.Ələsgərovun fikrincə, son zamanlar bu tendensiya daha da artıb: "Belə ki, əvvəllər separatçıların həmsədr ölkələrdə belə fəallığı müşahidə edilmirdi. Amma indi həmsədr ölkələr özləri onları dəvət edirlər. Artıq separatçılar Moskvada böyük tədbir keçirdilər, erməni mətbuatı bununla bağlı xüsusi canfəşanlıq göstərdi. Son olaraq ABŞ-ın paytaxtı Vaşinqtonda "Dağlıq Qarabağın müstəqilliyi" ilə bağlı yubiley tədbirinin keçirilməsi və orada Minsk qrupunun ABŞ-dan olan həmsədr diplomatının iştirakı ciddi narahatlıq doğurur. Çünki Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlarda ABŞ-ın birbaşa təmsilçisidir. Təbii ki, onun bu addımı siyasi xarakterlidir. Uorlikin dediyinə görə, o, Dağlıq Qarabağ ermənilərinin mövqeyini öyrənmək üçün bu addımı atıb. Belə bir mövqeyi hansısa ayaqüstü görüşdə öyrənmək, təbii ki, mümkün deyil və Ceyms Uorlik yalan danışır. Görüş cəmi neçə dəqiqə çəkib? Bu mövqeni bilmək üçün isə masa arxasında ən azı 1-2 saat söhbət etmək lazımdır".
Ekspert C.Uorlikin separatçıların tədbirinə qatılmasını müxtəlif amillərlə əlaqələndirib: "Hamı bilir ki, digərləri kimi Uorlik də həmsədrlikdə dəyişiləcək. Uorliki həmin tədbirə göndərən ABŞ siyasətçiləri isə iki məqsəd güdürlər. Bir tərəfdən, onu dəyişəndə izah edəcəklər ki, Uorlik səhv edib, separatçılarla görüşməməli idi, ona görə də yerinə təzəsini təyin etmişik. Digər tərəfdən, çox güman ki, C.Uorlik həmsədrlik vəzifəsindən gedəndən sonrakı taleyini fikirləşir. Ehtimalla daha sonra o, erməni diasporu ilə müxtəlif təmaslarda olacaq, işbirliyi quracaq, ermənipərəst şəbəkənin üzvü olacaq. Xatırladım ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfirləri Riçard Kozlariç və Riçard Morninqstar da antiazərbaycan tədbirlərində fəal iştirak edirlər".
Qeyd edək ki, dekabrın 15-də Azərbaycanın Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarına (ABŞ) etiraz notasını təqdim edib. Sözügedən notada ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin 9 dekabr 2015-ci il tarixində Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobbi təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupun təşkil etdiyi "Artsaxın müstəqilliyinin ildönümü" başlıqlı qurama tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "xarici işlər naziri" kimi təqdim edən Karen Mirzoyanla görüşünə etiraz bildirilir.
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com/ saytında da əldə etmək mümkündür.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər