Şirkətlərin gecə əməliyyatı: Ölkədə siqaret niyə bahalandı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 20:57 | Şərh sayı: (0) | Baxılıb: 310
Şirkətlərin gecə əməliyyatı: Ölkədə siqaret niyə bahalandı?
Azər Mehdiyev: “Mən istisna etmirəm ki, onların bütün ziyanlarını əhalinin çiyinlərinə yükləmək istəyi də var”
Bu gün səhər saatlarından etibarən siqaretlər yeni qiymətlə satılmağa başlayıb.
Musavat.com saytının xəbərinə görə, yanvar 7-dən etibarən siqaretin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb. Topdansatış məntəqələrində siqaret satışı dayandırılıb. Yanvarın 8-də isə artıq bütün siqaretlərdə 0.50-0.70 AZN arasında dəyişən artım müşahidə edilib.
Siqaretin qiymətlərinin artırılması ilk hal deyil. Zaman-zaman siqaretlərin qiymətləri 0.10-0.20 AZN arasında artıb. Ötən ilin mart ayında qiymətlər 30-40 faiz arasında artdı. Dekabrın 21-də manatın 48% dəyərdən düşməsindən sonra tütün məmulatlarının qiymətində təxminən yarıbayarı bahalaşma müşahidə edildi.
Bu gün isə artırılan qiymətlər, bir daha da artdı. Məsələn, ilk dəfə 3-4 il öncə "Winston XStyle" siqareti 1.20 AZN-dən satışa çıxmışdı. Son qiymət artımından sonra hazırda bu siqaretin qiyməti 3.30 AZN-dir.
Hazırda Bakının bəzi market və köşklərində qiymətlər fərqlidir. Məsələn, "Rahat" marketdə qiymətlər hələ ki, dəyişməyib. Burada adıçəkilən siqaret sonuncu devalvasiya zamanı artırılmış qiymətə, yəni 2.80 AZN-ə satılır. Bu da müvəqqəti qiymətdir.
Satıcılar deyirlər ki, qiymət günün sonuna kimi onlarda da artacaq: "Bizdə hələlik köhnə qiymətlərdir. Siqaretlərin qiyməti qalxmayıb. Amma qalxacaq. Çünki şirkət artıq qiyməti artırıb".
Köşklərdə isə artıq qiymətlər dəyişib. Sonuncu qiymət artımı zamanı siqaret satışını bir gün dayandıran köşk satıcıları, bu dəfə bunu etməyiblər. Çünki qiymətlərin artırılması haqda məlumat bir gün öncədən deyilib.
Alıcı qismində bir neçə köşkə yaxınlaşdıq. Hamısında qiymətlər eyni idi. Bütün siqaretlərin qiymətlərində 0.40-0.70 AZN arasında artımın olduğunu öyrəndik.
Qiymətlərin artmasının səbəbi isə dolların günü-gündən bahalaşması göstərildi: "Yaxınlıqda bank var. Görün, dollar ala bilirsiniz? Mümkün deyil. Çünki dollar stabil qalmır. Hər gün dəyişir. Siqaretin də artması buna görədir. Alıcılar azalıb. "Siqareti tərgitmək mümkün deyil" deyən adamlar artıq siqareti tərgidiblər".
- Ötən artımda köşklər bağlanmışdı. Bəzi köşklər isə siqareti rəflərdən çıxarıb, "Siqaret yoxdur" deyirdilər. Bu dəfə niyə olmadı?
- Bunun səbəbi qiymətin qəfil artması və ya qiymətlərin necə olacağı barədə məlumatsızlıq idi. İndi isə elə olmadı. Gecədən hamı bilirdi ki, qiymətlər artacaq. Yeni qiymət siyahısı da verildi. Ona görə də hamı yeni qiymətlə satır. Biz də istəmərik ki, qiymət artsın. Amma əlimizdən bir şey gəlmir.
Digər bir köşkdə isə fərqli cavab aldıq: "Siqaretlərin qiymətləri yenə qalxıb. "Winston XStyle" 3.30 AZN olub. Amma sənə 3.20-yə verərəm".
- Yəni ki, daha ucuz satmaq imkanınız var?
- Ancaq 3.20 AZN-ə sata bilərəm.
- Bəs, 2.80 AZN-ə..?
- Yox, bu, mümkün deyil.
Qiymətlərin artması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi də münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev "APA-Economics"ə açıqlamasında bildirib ki, siqaretin qiyməti tənzimlənən mal və xidmətlərin qiymətləri siyahısına daxil deyil: "Tütün məmulatlarının satış qiyməti bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb və təklif əsasında formalaşır".
Siqaret bazarında böyük pay sahibi olan «Japan Tobacco International Baku» şirkətindən bildirilib ki, tütün məmulatlarının bahalaşmasına səbəb ABŞ dollarının real məzənnəsinin artımıdır.
Mənbələrin məlumatlarına görə, hazırda Azərbaycanın siqaret bazarının 70 faizinə European Tobakko-Baku (ETB) ASC nəzarət edir. Qalan hissəni isə REEMSEMA, British Amercan Tobacco (BAT), Philip Morris və digərləri tutur. Belə bölgü simvolik səciyyə daşıyır və daxili bazarda rəqabət fonu yaratmaq məqsədi güdür.
İqtisadçı ekspert Azər Mehdiyev siqaretin bahalaşması ilə bağlı musavat.com-a bunları dedi: "Topdansatış üzrə sahibkarlar burada mallarını satdıqdan sonra pulu dollarla ödəyirlər. Buna görə də dolların məzənnəsi qalxıb-düşən zaman avtomatik olaraq, onlara da təsir edir. Həm də ticarətçilər siqaretləri pərakəndə satışla məşğul olanlara verib, pulu sonra toplayırdılarsa, indi bu, dəyişib. Artıq topdansatış ticarətçiləri nağd pulla işləyirlər. Ya hər gün, ya da 2 gündən bir pulları yığırlar. Amma mən istisna etmirəm ki, onların bütün ziyanlarını əhalinin çiyinlərinə yükləmək istəyi də var. Mərkəzi Bankın rəsmi məzənnəsi ilə valyutadəyişmə məntəqələrində qoyulan məzənnənin arasında bu qədər fərqin olması onu göstərir ki, bu sahədə özbaşınalıq var. Üstəlik, banklarda və valyutadəyişmə məntəqələrində dollar satışı yoxdur. Məntəqələr ancaq tanışlarına dollar verirlər. Bu da “qara bazar”a şərait yaradır. Bu yollada da ölkədə üçlü məzənnə sistemi formalaşır".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər