Ölkəyə gələnlər hava limanında niyə yoxlanılır... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 09:08 | Şərh sayı: (0) | Baxılıb: 259
Ölkəyə gələnlər hava limanında niyə yoxlanılır...
Ədalət Əliyev: “Ucdantutma hamının yoxlanılması, sadəcə, oyunbazlıqdır”
Təyyarə ilə Azərbaycana gələn sərnişinlər hava limanında çox ciddi şəkildə yoxlanılmalarından şikayət edirlər. Bakı aeroportuna təyyarədən endikdən sonra gələnlərin hamısı müxtəlif aparatlardan keçirilir, yükləri yoxlanılır. İddialar var ki, bu təhlükəsizlik əməkdaşlarının ölkəyə narkotik keçirilməsinin qarşının alınması üçün apardıqları bir əməliyyatdır.
Lakin hansısa ölkənin hava limanında yoxlanıldıqdan sonra təyyarəyə minərək ölkəmizin hava limanında enən şəxslərdə narkotik və ya digər qadağan olunmuş maddə olması ehtimalı nə dərəcə ağlabatandır? Bu sual aviasiya ekspertlərini də narahat edir. Bundan əlavə, aviaxidmətlərdən istifadə edən sərnişinlərin hüquqlarını qoruyan beynəlxalq konvensiyalara görə, təyyarədən enən sərnişinlərin yoxlanması düzgündürmü?
“Yeni Müsavat”ın suallarını cavablandıran aviasiya eksperti Ədalət Əliyevin sözlərinə görə, bu, təhlükəsizlik tədbiri deyil, sadəcə olaraq, insanların başına oyun gətirməkdir: “Yalnız ola bilər ki, hansısa konkret siqnallar olsun. O zaman yoxlama həyata keçirilir. Ancaq ucdantutma hamının yoxlanılması, sadəcə, oyunbazlıqdır. Bizim mülki aviasiyanı çökdürmək, hörmətdən salmaq üçün atılan addımlardır. Sistemli şəkildə hamını başdan -ayağa yoxlayırlar və elə edirlər ki, insanlar ümumiyyətlə bu ölkəyə gəlməsin. Mən bunu başqa cür başa düşə bilmərəm.
Hansı ölkədən uçursansa orada insanı başdan-ayağa yoxlayırlar və onun üçün xüsusi rentgen avadanlığı var. Narkotikin yoxlanılması üçün xüsusi avadanlıq var, xüsusi itlər də var ki, onlar çamadanları yoxlayır və tapırlar ki, burada narkotik var və ya yoxdur. Bu, bütün dünyada işləyən üsullardır. Amma sərnişinləri enişdə yoxlamaq düzgün deyil. Bakıya gələnlər hansı hava limanından uçubsa, onu orada yoxlayıblar. Yalnız o halda ola bilər ki, ciddi bir siqnal gələr ki, filankəsdə 5 kiloqram narkotik var, onu yoxlayın. Bu zaman həmin şəxsi yoxlamaq olar. Qalan hamını yoxlamağa nə ehtiyac var".
Ekspertin verdiyi məlumata görə, beynəlxalq konvensiyalarda qeyd edilir ki, sərnişinlərin təhlükəsiz şəraitdə uçması təmin edilməlidir, yəni təyyarə uçuşa başlayanda sərnişinlər yoxlanmalıdır: “Uçub sağ-salamat gəlibsə, həmin insanı nə üçün yoxlayırlar. Bütün hava limanlarında yaşıl dəhlizlər var. Əgər sərnişin öz çamadanında heç nə olmadığından əmindirsə, həmin dəhlizdən keçir və heç bir yoxlamaya məruz qalmır. Əgər belə edəcəklərsə, elan etsinlər ki, bütün yaşıl dəhlizləri ləğv edirik, Azərbaycana gələn hər kəs yoxlanacaq. Bu zaman insanlar da işlərini bilər və qərar verərlər ki, ümumiyyətlə Azərbaycana gəlsinlər, yoxsa yox.
Bu hadisələrin hamısı Azərbaycan Hava Yollarının imicinə çox ciddi şəkildə zərbə vurur. Heç bir ölkədə belə hallar yoxdur".
Məsələ ilə bağlı AZAL-a göndərdiyimiz rəsmi sorğunun cavabında isə sərnişinlərin şikayətlərinin əskinə olaraq bildirildi ki, respublikaya gələnlər yoxlanılmır: “Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizliyi İdarəsi tərəfindən respublikaya gələn şəxslər, onların baqajları və yükləri heç bir şəkildə yoxlanılmır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər