Krediti ödəyə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilərmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-12-2015, 20:14 | Şərh sayı: (0) | Baxılıb: 398
Krediti ödəyə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilərmi?
Son bir neçə ayda əhalini ən çox narahat edən problemlərdən biri də xarici valyuta ilə götürülmüş kreditlərlə bağlıdır. Bəzi hallarda borclular banka pul ödənək qabiliyyətində deyillər. Buna görə də onları indi əsas bu sual maraqlandırır: Kredit borcunu ödəyə bilməyən cinayət məsuliyyətinə cəlb edilə bilərmi?
Kredit öhdəliyinə görə şəxs nə cinayət, nə də inzibati məsuliyyətə cəlb edilə bilməz
Vəkil Asif Abdullayev "Bizim Yol"a açıqlamasında bildirir ki, kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirə bilməyən şəxs nə cinayət, nə də İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilməz.
O qeyd edir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya dair 4 saylı Protokolun 1-ci maddəsinə əsasən, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. "Azərbaycan Həmin Konvensiyanı təsdiq edib və bu səbəbdən də, həmin konvensiya ölkəmizdə hüquqi qüvvəyə malikdir. Bu qayda borcun ödənilməsinə dair məhkəmə qərarını qərəzli şəkildə icra etməyən şəxslərə şamil edilmir", - deyə vəkil bildirir.
Asif Abdullayev əlavə edir ki, kreditin ödənilməməsinə görə cinayət məsuliyyətinin yaranması üçün iki hal mövcud olmalıdır:
1. Borcun ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmalı və həmin qərar qərəzli şəkildə borclu tərəfindən icra edilməməlidir.
2. Məhkəmə qərarını üzrlü səbəbdən icra etməyən borclu ilk olaraq İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilməli və yalnız bundan sonra cinayət məsuliyyətinə cəlb edilə bilər.
Bu iki əsası ümumiləşdirsək, belə nəticəyə gəlmək olar ki, cinayət məsuliyyəti konkret hansısa borcun qaytarılmaması ilə əlaqəli deyil, cinayət məsuliyyəti yalnız məhkəmə qərarının icra edilməməsi ilə bağlıdır. Bir sözlə, kreditin ödənilməməsi ilə bağlı cinayət məsuliyyəti yalnız və yalnız məhkəmə qərarı qərəzli şəkildə icra edilmədikdə yarana bilər. Əgər borclu şəxs kredit borcunu vaxtında ödəyə bilmirsə, bank onu məhkəməyə verə bilər", - deyə vəkil bildirir.
Məhkəmə qərarının icrası
"Bank borclunu məhkəməyə verdikdən sonra, məhkəmə müvafiq qərar qəbul edəcək (qətnamə ya da əmr). Əgər borclu məhkəmə qərarı ilə razı deyilsə, məhkəmənin qərarından şikayət verə bilər. Məhkəmə qətnaməsindən onun rəsmi qaydada alındığı gündən etibarən 1 ay ərzində şikayət verilə bilər, məhkəmə əmrindən isə 10 gün ərzində onu qəbul etmiş məhkəməyə etiraz verilə bilər.
Əgər şikayət verilməsə, məhkəmə qərarı qüvvəyə minəcək və artıq növbəti - icra mərhələsinə keçəcək. Qanunvericiliyə əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir.
İcra mərhələsində icra məmuru borclu şəxsə ilk olaraq tələbin könüllü icrası ilə bağlı bildiriş göndərməlidir. Könüllü icra üçün maksimum 10 gün vaxt verilir. Bu müddət keçdikdən sonra icra məmuru məcburi icra tədbirləri həyata keçirməyə haqlıdır. Məcburi icra hərəkətlərinə aiddir: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi və sair tədbirlər.
Əgər borclu şəxsin məhkəmə qərarını icra etməyə maddi durumu imkan vermirsə, bu barədə rəsmi qaydada könüllü icra barədə bildiriş aldıqdan sonra, gecikmədən icra məmuruna məlumat verilməsi məqsədəuyğundur", - A.Abdullayev deyir.
Hansı hallarda məsuliyyət yaranır?
Vəkilin sözlərinə görə, qanunvericilik məhkəmə qərarının icrasına möhlət verilməsini və ya qərarın hissə-hissə icra edilməsini də nəzərdə tutur. "Məhkəmə hesab etsə ki, qərarın icra edilməsinə möhlət verilməsi və ya hissə-hissə icra edilməsi üçün kifayət qədər ciddi səbəblər var, belə olan halda, məhkəmə bu barədə qərar qəbul edə bilər. Əgər məhkəmə qərarı və yaxud icra məmurunun qanuni tələbləri üzrsüz səbəbdən icra edilmədikdə, borclu şəxs beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.
Borclu şəxs yenidən məhkəmə qərarını qərəzli şəkildə icra etmədikdə, artıq cinayət məsuliyyətinə cəlb etmək üçün əsaslar yaranır. Əgər məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi sübuta yetirilərsə, borclu min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər", - vəkil vurğulayır.
Göründüyü kimi, inzibati və cinayət məsuliyyəti yalnız o halda yarana bilər ki, kreditin ödənilməsi barədə məhkəmə qərarı olsun və borclu şəxs üzrsüz səbəbdən və qərəzli şəkildə qətnaməni icra etməsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər