Mülki Prosessual Məcəlləyə dəyişikliklər edildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-12-2015, 22:31 | Şərh sayı: (0) | Baxılıb: 385
Mülki Prosessual Məcəlləyə dəyişikliklər edildi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1386-IVQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1386-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci və 355-7.6-cı maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir".
X X X
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677) aşağıdakı dəyişikliklər edilsin:
1. 233.1-ci maddədə "Məhkəmə" sözü "Bu Məcəllənin 355-7.4-cü maddəsində qeyd olunan hallar istisna olmaqla, məhkəmə" sözləri ilə əvəz edilsin.
2. 305.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 305.1.12-ci maddə əlavə edilsin:
"305.1.12. vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında." .
3. Aşağıdakı məzmunda 40-2-ci fəsil əlavə edilsin:
"Fəsil 40-2. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Maddə 355-5. Ərizənin verilməsi
355-5.1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.
Maddə 355-6. Ərizənin məzmunu
Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.
Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi
355-7.1. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır.
355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır.
355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
355-7.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.
355-7.6. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin edilərək müvafiq qətnamə qəbul edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsinə əsasən məhkəmə tərəfindən iki iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə qəbul edilir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər