Düşkünlərin çarəsi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-12-2015, 21:58 | Şərh sayı: (0) | Baxılıb: 258
Düşkünlərin çarəsi
Dəfələrlə şahidi olmuşuq və ya ən azı bir dəfə də olsa, eşitmişik ki, hansısa spirtli içki düşkünü, narkotik istifadəçisi və yaxud qumara qurşanmış şəxs ailəsinin boğazından kəsərək öz gəlirlərini, hətta evini, avtomobilini dəyər-dəyməzə sataraq içkiyə, narkotikə, qumara xərcləyib. Belə pis vərdişlərin alüdəçiləri arasında hətta özlərinin aylıq pensiyalarını bütövlüklə içkiyə xəcləyən, öz adına xeyli miqdarda kredit götürərək keyfi üçün xərcləyən şəxslər də var. Belələri adətən ailələrinə baxmır, işləmir, işləyirsə də, ailəsinə, uşaqlarına diqqət yetirmir, evə ya cüzi miqdarda pul ayırır, ya da heç ayırmır, əksinə ailə üzvlərindən pul tələb edir.
Belələrinə qarşı, cəmiyyətdə nisbətən ictimai qınaq olsa, bu üsul hər zaman o qədər də səmərəli olmur. Bəs nə etməli? Onlara qanunun əli ilə təsir etmək olarmı? Spirtli içkilərdən, narkotik vasitələrdən, eləcə də qumara qurşanması nəticəsində ailəsini, uşaqlarını ağır maddi duruma, bəzən isə dözülməz vəziyyətə salan şəxslərə qarşı hansısa qanuni tədbirlər görülə bilərmi?
Hüquqşünas, vəkil Asif Abdullayev Milli.Az-a deyib ki, Azərbaycan qanunvericiliyi bu cür hərəkətlərin qarşısını almağa imkan verir: "Qeyd edilən əlamətlərə uyğun gələn hər hansı şəxs məhkəmə qərarı ilə məhdud fəaliyyət qabiliyyətli hesab edilə və onun fəaliyyət qabiliyyəti məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Məhkəmə qərarına əsasən, məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxs öz gəlirləri və əmlakı barədə müstəqil qərar qəbul edə bilməyəcək. Məsələn, əgər əvvəllər həmin şəxs öz əmlakını sata, adına kredit rəsmiləşdirə, yaxud pensiyasını müstəqil şəkildə ala bilərdisə, məhkəmə qərarından sonra o, bunu edə bilməyəcək. Nəticədə gəlirlərini, əmlakını da içkiyə, qumara və sair ziyanverici şeylərə sərf edə bilməyəcək. Həmin şəxsin yalnız xırda məişət əqdləri bağlamaq hüququ var. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya, habelə qazanc, pensiya və digər gəlirlər götürə, onlar barəsində sərəncam verə bilər. Lakin bu cür şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə məsuliyyət daşıyır".
Ekspertin sözlərinə görə, ailəsini ağır maddi duruma salan şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi onun ailə üzvlərinin və müvafiq orqanın (qəyyumluq və himayəçilik orqanı) ərizəsi əsasında həyata keçirilir. Ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin səhhəti buna imkan verərsə, onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır: "Şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Himayəçiliyin təyin edilməsinin əsas məqsədi, himayədə olan şəxsin maraqlarının qorunması, onun maraqlarına uyğun hərəkətlərin edilməsidir. Belə ki, himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verir, himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar".
Vəkil bildirib ki, himayədə olan şəxsin gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Himayədə olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqavilə bağlayır. Himayəçi, həmçinin himayədə olan şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə müdafiə etmək hüququna malikdir: "Şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik də məhkəmənin qərarına əsasən ləğv olunur".
A.Abdullayevin sözlərinə görə, Azərbaycanda belə məqamlara çox az hallarda rast gəlinsə də, burada, eləcə də digər ölkələrdəki təcrübə göstərir ki, bu üsul bir çox hallarda ya həmin şəxslərin pis vərdişlərdən uzaqlaşmasına səbəb olur, ya da onların ailələlərinin acınacaqlı vəziyyətə düşməsinin qarşısını alır.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər