Dost olsan da, gizlicə dinləyirlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-12-2015, 19:18 | Şərh sayı: (0) | Baxılıb: 314
Dost olsan da, gizlicə dinləyirlər
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (National Security Agency, NSA) dost və müttəfiq ölkələrin rəhbərlərinin telefon danışıqlarını gizli şəkildə dinləməyə davam edir. Halbuki Ağ Ev bu praktikaya son qoyacağını vəd etmişdi.
The Wall Street Journal qalmaqallı araşdırma dərc edib. "U.S. Spy Net on Israel Snares Congress" yazısında bildirilir ki, gizlicə dinlənilən ölkə başçıları arasında İsrailin baş naziri Binyamin Netanyahu da var.
ABŞ-ı narahat edən məsələ onun İranla nüvə anlaşmasına qarşı çıxması idi.
"İranın nüvə proqramı ilə bağlı Avropada aparılan danışıqları İsrailin casusları vasitəsilə izlədiyini ABŞ rəhbərliyinə məruzə edən NSA Ağ Evi gizli dinləmələrə razı sala bilib. 2014-cü ilin sonunda Ağ Evin nümaynədələri artıq bilirdilər ki, Netanyahu anlaşmaya mane olmaq istəyir, amma bunu necə edəcəyini bilmir", - qəzet yazır.
Gizli dinləmələr zamanı NSA israilli siyasətçilərin amerikalı konqresmenlər və senatorlar, habelə ABŞ-dakı yəhudi diaspor təşkilatlarının rəhbərləri ilə söhbətlərini də qeydə alıblar.
Daha sonra prezident Barak Obamanın administrasiyası "barələrində kəşfiyyat fəaliyyəti aparılması məsləhət bilinməyən" dövlət və hökumət başçılarının siyahısını hazırlayıblar.
Həmin siyahıya Fransa prezidenti Fransua Olland, Almaniyanın kansleri Angela Merkel və NATO ölkələrinin digər liderləri başçılıq edirlər. Lakin az sonra bir sıra dövlət və hökumət başçılarının adları həmin siyahıdan çıxarılıb.
Dinlənilən şəxslər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var.
Ağ Ev mənsublarından biri gizli dinləmələrlə bağlı vəziyyəti çox "maraqlı" şərh edib: "Bu məsələ barədə çox danışmaq istəmirəm. Bilirsinizmi, biz onlara (NSA-ya - Orxan Hun) "bunu edin" deməmişik. Amma eyni zamanda, "bunu etməyin" də söyləməmişik".
2013-cü ilin oktyabrında NSA-nın sabiq əməkdaşı, ABŞ-dan qaçaraq Rusiyada sığınacaq tapmış Edvard Sonouden bəyan etmişdi ki, NSA və Mərkəzi Kəşfiyyat İdarəsi Almaniyada casus şəbəkəsi qurmaqla yanaşı, kansler Angela Merkelin telefon danışıqlarını gizlicə dinləyib.
2014-cü ilin yayında isə Almaniyada casus qalmaqalı qopmuşdu. Çünki ABŞ-ın iki casusu aşkarlanmışdı. Onlardan biri Almaniyanın kəşfiyyat və əks-kəşfiyyat strukturu olan BND-də, digəri isə Müdafiə Nazirliyində işləyirdi.
NSA Fransa rəhbərliyinin də telefon danışıqlarını dinləyib.
NSA yazı ilə bağlı heç bir suala cavab verməyib. Ağ Ev mənsubları da susurlar.
Ekspertlər hesab edirlər ki, ABŞ ən yaxın dostları və müttəfiqlərini dinləyirsə, gizlicə kəşfiyyat və casusluqla məşğul olursa, Vaşinqtonun son vaxtlarda hədsiz "maraq" obyektinə dönmüş postsovet məkanındakı dövlətlərlə bağlı belə dinləmələr istisna deyil.
Hər halda Ukrayna, Belarus, Gürcüstan, Ermənistan və Moldovada dinləmə faktlarının mövcudluğu ilə bağlı indiyədək dəfələrlə iddialar səslənib, Vaşinqton da hər dəfə deyilənləri və yazılanları "mülayim" şəkildə təkzib edib.
... ABŞ-dakı yəhudi diaspor təşkilatlarının qurultayında nümayəndələrdən biri telefonunu söndürmüş, sonra da dəhlizdəki masanın üzərinə qoyub içəri keçmişdi.
Bunu niyə etdiyini soruşanda isə "Dinləməsinlər!" söyləmişdi.
Orxan Hun
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər