Nəqliyyat Nazirliyi ləğv edilir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 13:58 | Şərh sayı: (0) | Baxılıb: 415
Nəqliyyat Nazirliyi ləğv edilir?
Göydən üç alma düşdü - bir nazirlik haqqında nağıl sona yetmək üzrədir...
Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncama əsasən, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Sənədə əsasən, Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yolları "Azəryolservis" ASC-nin balansına verilir.
Qeyd edək ki, dövlət başçısının sentyabrın 18-də imzaladığı digər sərəncama əsasən, "Azərbaycan Dəmir Yolları" QSC də Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Bundan əlavə, dekabrın 21-də prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında da fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılır və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq yeni qurumun tabeliyinə verilir. Fərmanla həmçinin, faktiki olaraq, Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bəzi səlahiyyətləri də Bakı Nəqliyyat Agentliyinə veriləcək.
Bütün bu proseslərdən sonra mediada belə bir fikir dolaşır ki, artıq Nəqliyyat Nazirliyinin özü də tamamilə ləğv olunacaq.
Bununla bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Milli.Az-a bildirib ki, bütün bunlardan sonra Nəqliyyat Nazirliyinin taleyi naməlum olaraq qalır. Çünki faktiki olaraq bu qurumun nəqliyyat sahəsində nəzarət etdiyi bir sahə qalmır: "Nəqliyyat Nazirliyinin tabeliyində, demək olar ki, yalnız dəniz ticarət gəmiçiliyi və Bakı Beynəlxalq Dəniz Ticarət limanı qalır ki, ona da idarəçiliyi tam olaraq nazirlik həyata keçirmir. Hazırda Nazirliyin tabeliyində Bakı və Sumqayıt istisna olmaqla respublikanın digər bölgələrində nəzarət funksiyalarını həyata keçirən Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) qalır. Onun da taleyi sual altındadır. Çünki avtomobil nəqliyyatl əslində özəl strukturların əlindədir. Deməli, Nəqliyyat Nazirliyi hazırda faktiki olaraq yalnız Mərkəzi Aparatdan ibarətdir. Amma bu nazirliyin tam olaraq ləğv edilib-edilməyəcəyini proqnozlaşdırmaq mümkün deyil. Çünki nəqliyyat sahəsində dövlət siyasətinin müəyyən olunması çox vacibdir. Ona görə də hesab edirəm ki, nəqliyyat sektoru və Nəqliyyat Nazirliyi ilə bağlı proseslər hələ davam edəcək. Amma onun hansı istiqamətdə olacağı bəlli deyil..."
Xatırladaq ki, Azərbaycan Respublikası prezidentinin 5 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin yaradılması haqqında" fərmanına əsasən, müəyyən edilir ki, Nəqliyyat Nazirliyi ölkədə avtomobil, dəmir yolu, hava və su nəqliyyatının inkişafı, daxili və beynəlxalq yük daşımalarının tənzimlənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər