Namaz Vicdan Aynamiz |
Müəllif: Admin | Bölmə: --- | Vaxt: 22-01-2013, 19:15 | Şərh sayı: (2) | Baxılıb: 8380
Namaz vicdan aynamiz
“Namaz Allahla irtibatımızın nə vəziyyətdə olduğunu göstərən vicdan aynamızdır”. Bəli, insan öz mənəvi durumunun nə yerdə olduğunu bilmək istəyirsə, namazına baxsın. Əgər biz namazımızda elə hey səhv ediriksə, əsnəyiriksə, namazımızı tez qurtarıb başqa işlərimizə tələsiriksə, fikrimizi heç cür cəmləyə bilmiriksə - deməli, namazın nə olduğunu hələ də qəlbimizlə dərk etməmişik. Deməli, Allahla irtibatımız çox zəifdir, hələ Kimin qabağında durduğumuzu, kiminlə söhbət etdiyimizi dərk etməmişik. Məşhur bir qüdsi hədis var. Allah Təala buyurur: “Əgər bəndəm Mənə qulaq asmaq istəyirsə, Quran oxusun, əgər söhbət etmək istəyirsə, namaz qılsın”. Bəli, kiminlə söhbət etdiyimizi dərk etmirik, yoxsa yaşca böyük birinə etmədiyimiz davranışı ağlımızla böyüklüyünü, aliliyini, məhrəmliyini, qüdrət və əzəmətini dərk etdiyimiz Rəbbimizlə etməzdik. Təsəvvür edin, atanız sizinlə danışır, siz isə başınızı o tərəf-bu tərəfə çevirir, başqa şeylər haqqında fikirləşirsiz. Bəlkə atamızı aldada bilərik ki, guya ona qulaq asırıq. Ancaq Allah Təalanı ki, haşa, aldada bilmərik. O qəlbimizdən, ağlımızın ucundan belə keçən hər şeydən xəbərdardır.
Namaz bizim Allaha bəndəliyimizin keyfiyyətini göstərir. Onu nə qədər qəlblə tanıyıb, qəlblə sevdiyimizi və ya sevmədiyimizi, tanımadığımızı göstərir. Biz əgər bir çox alim və abidlər kimi namaza həyacanla hazırlaşmırıqsa, hətta namazdan aldığı həzzin ixlasına zərər gətirə biləcəyini düşünəcək qədər diqqətli deyiliksə, heç ümumiyyətlə namazdan zövq almırıqsa, onlar kimi namazda sözün əsl mənasında Allahla söhbət etmiriksə və nəhayət, namazımızda Rəbbimizi müşahidə etmiriksə, demək, öz mənəvi halımızın nə vəziyyətdə olduğunu artıq bilirik. Biz bu dünyaya Onun üçün gəlmişik, amma Onu dərk etmədən, Onunla söhbət etmədən, Onunla razu-niyaz etmədən yaşayırıqsa, bu, hələ həyatımızın hədəfini tapmamışıq deməkdir. Biz namazdakı o həzzin, o şövqün, o dillə izah olunmayacaq qədər bəşərüstü bir halın bir damlasını belə dadmamışıqsa, görün nə qədər cılız bir zövqlərin peşindəyik və görün nə qədər böyük, ülvi hisslərdən məhrum olmuşuq.
Allah namazımızı Onunla söhbət vasitəsi etsin və namazımızda dünyanı tərk, Onu müşahidə edə bilmək tutumu versin inşaallah. Amin!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər