Hədiyyə və qonaqpərvərliyə məhdudiyyət qoyuldu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 19:59 | Şərh sayı: (0) | Baxılıb: 270
Hədiyyə və qonaqpərvərliyə məhdudiyyət qoyuldu
Vergi orqanlarının əməkdaşları üçün hədiyyə və qonaqpərvərliklə bağlı məhdudiyyətlər müəyyənləşib.
Bu, vergilər naziri Fazil Məmmədovun əmiri ilə təsdiq edilən "Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları"nda əksini tapıb.
Qaydaya əsasən vergi orqanlarının əməkdaşı əməkdaş xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun xidməti vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrin qərəzsiz icrasına təsir etməmək şərti ilə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin qəbul edilməsinə və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil edilmir. Əməkdaş bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Əməkdaş hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
Qaydaya əsasən vergi orqanlarının əməkdaşı onun vəzifə funksiyalarına aid olmadığı hallarda vergi orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda əməkdaşın elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. Əməkdaş dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. Əməkdaş Azərbaycanın və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Xidməti fəaliyyətini həyata keçirən zaman (zəruri hallar istisna olmaqla) əməkdaş dövlət dilində danışmalıdır.
Əməkdaş birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanunvericiliyə zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. Əməkdaş birbaşa və ya yuxarı rəhbərindən həmin tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa və ya yuxarı rəhbərindən yazılı şəkildə tapşırıq almasına baxmayaraq, əməkdaş onun qanunvericiliyə zidd olmasına əmindirsə, o, həmin tapşırığın yerinə yetirilməsindən rəsmi qaydada imtina etməli və bu barədə yuxarı vergi orqanına yazılı məlumat verməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər