Avronun çırpınmasının SƏBƏBləri |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 22:11 | Şərh sayı: (0) | Baxılıb: 210
Avronun çırpınmasının SƏBƏBləri
Əgər Avropaya səyahət haqqında düşünürsünüzsə, bunun üçün ən yaxşı vaxt gələn yaydır. Çünki avronun dəyəri 1,06 dollara qədər düşüb və bu, 12 ilin ən aşağı səviyyəsidir. Avronun dollarla nisbətdə daha da ucuzlaşması uzun çəkməyəcək.
Axırıncı dəfə 2002-ci ilin dekabr ayında dolların dəyəri avrodan yüksək idi, bu da ümumavropa valyutası avronun yaradılmasından üç il sonraya təsadüf edir. Ancaq ondan sonrakı illərdə Avropa idxalı az, ixracı çox olan qitə kimi gücləndi. Avronun dəyəri 1,59 dollara çıxmaqla ən yüksək səviyyəyə çatdı. Bu, Federal Ehtiyat Sisteminin keçmiş sədri Alan Qrinspenin avronun qlobal ehtiyat valyutası kimi dolları əvəz edib-etməyəcəyini sorğulamasına bəs etmişdi. Məlumatlara görə, supermodel Jisel Bündhen də həmin vaxtlar ödənişin dollarla yox, avroyla edilməsində təkid edirdi. Ancaq belə görünür ki, dolların ucuzlaşması ilə bağlı çıxan xəbərlər şişirdilmişdi. O vaxtdan bəri bir ildən az müddətdə avronun dəyəri dollarla nisbətdə 24 faiz düşüb.
Burada şair Robert Frostun yazdığı misralarda olduğu kimi bir-birinə zidd iki yol, yəni iki fərqli pul siyasətindən Avropa şairdən fərqli olaraq təhlükəsiz, hamının istifadə etdiyi yolu seçdi. Avropa Mərkəzi Bankı Avropanın zəif iqtisadiyyatını gücləndirmək üçün yeni buraxılmış pulla istiqrazlar alır, buna kəmiyyət baxımından monetar liberallaşdırma da deyilir. Federal Ehtiyat Sistemi isə faiz dərəcələrini qaldırdı. Bu, o deməkdir ki, faiz dərəcələri Avropada aşağı düşməkdə, ABŞ-da isə qalxmaqdadır. Gəlin belə düşünək: hansına üstünlük verərdiniz? Almaniyadan 0,25 faizlə 10 illik istiqraz, yoxsa ABŞ-dan 2,1 faizlə 10 illik istiqraz? Xüsusilə Avropanın böyük investorlarının pullarını avrodan dollara keçirmələri bu suala cavab verir və budur, ötən il 1,39 dollar olan avro bu il 1,06 dollara düşüb.
Bu məsələni daha sadə yolla aydınlaşdırmaq üçün buna baxmaq kifayətdir ki, ABŞ-ın iqtisadiyyatı Avropanın iqtisadiyyatından daha yaxşı vəziyyətdədir. ABŞ-da işsizlik səviyyəsi 5,5 faizdir və bu göstərici də sürətlə azalmaqdadır, Avropada isə heç də aşağı düşməyən bu göstərici 11,2 faizdir. İndi isə daha güclü iqtisadiyyat üçün daha güclü valyuta olmalıdır, çünki inflyasiyanı nəzarətdə saxlamaq üçün faiz dərəcələrinin daha yüksək olması lazımdır. Lakin Avropa bunun doğru olmadığını aşkarlayıb. İqtisadiyyat, həqiqətən, zəifdirsə, faiz dərəcələrinin yüksək olması iqtisadiyyatı heç də gücləndirmir. Eyni zamanda bu, valyutanın dəyərini qısa müddətə qaldırsa da, zaman keçdikcə dəyərin daha çox düşməsinə səbəb olacaq. Avropa Mərkəzi Bankı bu səhvi iki dəfə edib. Mərkəzi Bank 2011-ci ildə neftlə bağlı qısamüddətli inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini qaldırdı. Bu isə qısamüddətli artımdan sonra uzunmüddətli böhranla nəticələndi və bu böhran ümumi valyuta birliyini parçalamaq gücünə belə malik idi. AMB bu səhvini düzəltmək üçün faiz dərəcələrini mənfiyə qədər azaldaraq və bir ayda 60 milyardlıq istiqrazlar alaraq daha da çox iş görməli oldu. Başqa sözlə, avronun dəyəri bu gün daha da aşağı düşür.
ABŞ isə əvvəldə etməli olduğu kimi dövriyyəyə yeni pul buraxır. ABŞ 2008-ci ildə kəmiyyət baxımından monetar liberallaşdırmaya başladı, 2009-cu ildə bu siyasəti genişləndirdi, 2010 və 2012-ci illərdə isə yenidən bu siyasətdən istifadə etməyə başladı və işsizlik azalana qədər bu siyasətə davam edəcəyi vədini verdi. Bu da işə yaradı. Elə dolların qalxıb-düşməsinin və yenidən qalxmasının səbəbi də bunlardır. Ancaq artıq bu qeyri-müəyyənlik bitib. Dolların dəyəri qalxmaqdadır. Əslində, Federal Ehtiyat Sistemi artıq istiqraz alışını dayandırıb və başqa mərkəzi banklardan fərqli olaraq faiz dərəcələrini qaldırdı. Bu da dolların dəyərini digər valyutalarla, xüsusilə də avro ilə nisbətdə artırıb.
Avro nə qədər ucuzlaşa bilər? Bu, FES faiz dərəcələrini artımının valyuta bazarlarına təsiri və AMB-nin istiqraz almağa nə qədər davam edəcəyindən asılıdır. FES işsizlik artıq normal səviyyəyə çatmaq üzrə olduğundan iyun ayında siyasətini sağlamlaşdırmaq istədiyini açıq şəkildə bildirib. Bundan da önəmlisi - Nyu-York Federal Ehtiyat Bankının prezidenti Uillam Dudley hətta bunu da bildirib ki, uzunmüddətli faiz dərəcələri yüksəlmədiyi halda sürətli bir şəkildə ard-arda dərəcələri qaldıra bilərlər və bu ehtimal yüksəkdir. AMB ən azı 2016-cı ilin sentyabr ayına qədər, inflyasiya səviyyəsi aşağı olduğu halda isə daha da uzun müddət istiqraz almağa davam edəcəyi vədini verib. Avropada inflyasiya artıq bir qədər yüksəlməkdədir, lakin iqtisadçı Pol Kruqmanın da dediyi kimi bazarlarda bunun Avropanın iqtisadiyyatı və pul siyasəti normal səviyyəyə çatana qədər yaxşı olacağı düşüncəsi var. Deutsche Bank (Almaniya bankı) isə avronun 2016-cı ilin sonuna qədər 0,90 dollara, 2017-ci ilin sonunaq qədər isə 0,85 dollara çatacağı proqnozunu verir.
Beləliklə, manatın avroya və dollara kursları arasındakı fərqin bundan sonra necə olacağını təxminləyə bilərsiniz, deyilmi?
Orxan Hun
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər