Marketlərdə bizi necə aldadırlar? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 08:17 | Şərh sayı: (0) | Baxılıb: 832
Marketlərdə bizi necə aldadırlar?
"Mağazamızdan aldığınız məhsulun istifadə müddətinin bitdiyini aşkarlasanız, kassaya yaxınlaşın. Əgər bu sübuta yetirilərsə, həmin malın dəyərində başqa bir mal sizə pulsuz təqdim ediləcək".
Bu anons Bakıda fəaliyyət göstərən böyük marketlər şəbəkəsinin mağazalarında alıcıların diqqətinə çatdırılır.
Bu bildiriş bütün müştərilər kimi bizim də diqqətimizi çəkdi. Market rəhbərliyi bununla son zamanlar söz-söhbəti artan istifadə müddəti bitmiş malların mağazalarda satılması hallarından özünü sığortalamağa çalışır. Müdriyyət bu cür hallara görə həm müştəri itirmək istəmir, həm də müştərinin narazılığını aradan qaldırmaq üçün bu cür addım atır.
Marketlərdə vaxtı keçmiş məhsullarla qarşılaşarkən bəzən mağaza rəhbərliyi firmaları ittiham edir. Əsas olaraq isə deyirlər ki, məhsulları vitrinlərə firmaların işçiləri yığır. Guya, bu zaman belə səhlənkarlığa firma işçiləri yol verir.
İstifadə müddəti başa çatmış məhsulların satışı daha çox məhəllə marketlərində müşahidə olunur. Məhsulun üzərində istehsal və saxlama müddətinin dəqiq göstərilməsi və mağazalarda buna xüsusi diqqət yetirilməsi əslində heç nəyi dəyişmir. Yəni aldığımız məhsulların üzərində istifadə müddəti göstərilsə də bu rəqəmlər həqiqəti əks etdirməyə də bilər. Çünki sahibkarlar alıcıları aldatmaq və daha çox qazanc əldə etmək üçün yeni yollar tapıblar.
Bunları deməyə bir neçə əsas var. Əvvəlcə bir neçə gün əvvəl musavat.com saytında dərc etdiyimiz məlumatı qısaca xatırladaq. Dekabrın 12-də mağazadan alınan ağartı məhsulunun üzərində istehsal müddəti 14 dekabr göstərilmişdi. Bu, onu sübut edir ki, sahibkar istehsal etdiyi malın üzərinə istədiyi tarixi yazır. Bu da sahibkarın şəxsi istəyinə görə dəyişir.
Sahibkarların alıcıları aldatmasının başqa bir üsulu da malların üzərindəki tarixin silinərək yenisi ilə əvəz edilməsidir. Bəli, bu, mümkündür. Əksər malların üzərindəki tarix rəngli boya ilə yazılıb. Bunun silinməsi isə çox asandır. Əgər mağazalarda qalan mal satılmırsa, geri qaytarılan malın üzərindəki tarixi yenisi ilə əvəz edib, yenidən mağazalara paylamaq mümkündür. Bu dediyimiz faktı özümüz də yoxladıq. Aldığımız iki məhsulun üzərindəki tarixi asanlıqla sildik. Bu fakt da onu göstərir ki, bir alıcı olaraq hər an sahibkarlar tərəfindən aldadıla bilərik və ya illərdir ki, aldadılırıq.
Hər bir alıcı əsasən ağartı məhsulları alarkən məhsulun istifadə müddətinə daha çox diqqət etməyə çalışır. Çünki bu məhsulların saxlama müddəti az olur. Ən çox 15 gün... Fikir vermisinizsə, süd və qatıq kimi məhsulların üzərinə istehsal tarixi əsasən qapaqlarda olur. Bu zaman isə daha sadə aldatma üsulundan istifadə olunur. Məhsulun qapaqları yenisi ilə əvəz olunur.
Bəzi məhsullarda isə tarix kağızlarda yazılır və məhsulun üzərinə yapışdırılır. Bu üsul da alıcıların ən asan şəkildə aldadılmasına şərait yaradır.
Paketdə olan ərzaq məsullarını alarkən istehsal vaxtına və saxlama müddətinə diqqət yetiririk. Lakin məhsulu aldıqdan sonra onu açarkən artıq xarab olduğunun şahidi oluruq. Belə halların da səbəbi məhz yuxarıda sadaladığımız fırıldaqların nəticəsidir.
Sahibkarların alıcıları aldatması ilə bağlı daha bir faktı qafqazinfo.az saytı yayıb. Saytın məlumatında bildirilir ki, bir neçə gün əvvəl Rusiyadan Azərbaycana yoqurt, qatıq, xama, "plitka şokolad" və digər ərzaq məhsulları gətirən sahibkarın yükləri gömrükdə saxlanılıb, yoxlanış bitdikdə isə artıq həmin məhsulların saxlanma müddətinin bitməsinə 2 gün qalıbmış.
"Buna görə də sahibkar o məhsulları Abşeron rayonu ərazisində yerləşən anbarında saxlayaraq xüsusi aparat vasitəsilə onların tarixini dəyişib. Bu məlumatı bizə həmin prosesin bir hissəsində iştirak edən şəxs vermişdi. Bundan bir qədər sonra artıq həmin ərazidə pərakəndə formada yerli bazardan 2 dəfə ucuz qiymətə həmin məhsullar satışa çıxarılıb" - deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, məsulların üzərinə vurulan saxlama müddətinin bitib-bitməməsini İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Komitəsi yoxlayır. Amma məhsulların üzərinə vurulan istehsal və saxlanma tarixinə nəzarəti başqa qurum həyat keçirir. Bu qurum Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, vətəndaş məcburdur ki, aldanmamaq üçün öncə qeyd edilən hallara xüsusi diqqət yetirsin: "İstehsal tarixi vurulan hissənin sonradan yapışdırılan kağız olub-olmadığına baxsın. İstehlakçının hüquqi var ki, satış şəbəkəsindən malın qaimə sənədini tələb etsin və malın dükana nə vaxt gəldiyini, istehsal və saxlanma tarixini öyrənsin. Lakin Azərbaycanda satılan malların 80 faizinin heç bir sənədi yoxdur. Ən təhlükəli hallardan biri də budur ki, ölkədə bir çox "alim"lər peyda olub. Onlar məhsulların yüksək standartlarla istehsal olunduğunu əsas gətirərək malların saxlanma müddətini artırmaqla bağlı protokol imzalayırlar".
Ölkədə sahibkarların bu cür özbaşınalığı, müvafiq qurumların məsuliyyətsizliyi onu göstərir ki, alıcılar özləri öz qeydlərinə qalmaq məcburiyyətindədir. Alınan malın istehsal tarixinə baxmaqla yanaşı, məhsulu istifadə edərkən də onun keyfiyyətinə diqqət yetirmək lazımdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər