Qadağan var, amma partapart bitmir... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-12-2015, 23:22 | Şərh sayı: (0) | Baxılıb: 289
Qadağan var, amma partapart bitmir...
Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin yaydığı məlumata görə, ölkə ərazisinə mülki dövriyyəsi məhdudlaşdırılan və qeyri-qanuni yolla gətirilən pirotexniki və tezalışan mallar aşkarlayıb. Bir neçə vətəndaşda ümumilikdə 240806 ədəd belə vasitə aşkarlanıb.
Bu vasitələrin ölkəyə gətirilməsi qadağan olunub. Belə ki, Dövlət Gömrük Komitəsinin internet saytında yer alan məlumata görə, 23 dekabr, 2003-cü il tarixli, 565 saylı qanuna əsasən, partlayıcı maddə və qurğuların, eləcə də tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb.
Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.
Buna baxmayaraq ölkədə həmişə, xüsusən də bayramlar ərəfəsində belə vasitələrin açıq satışına rast gəlmək olur. Elə indi də Yeni il bayramı ərəfəsində yolka və digər bayram aksessuarları satılan mağazaların əksəriyyətində pirotexniki maddələrin satışını müşahidə etmək olur.
Baş çəkdiyimiz bir neçə mağazada belə məhsulların müxtəlif qiymətlərə satıldığının şahidi olduq. 30 qəpikdən başlayaraq 7 manata qədər hər qiymətə məhsul tapmaq mümkündür. Siyahıda "fişəng", "Benqal şamı", "pistolet" və s. bu kimi adlar verilən pirotexniki məhsullar var.
Ekspertlər deyirlər ki, pirotexniki vasitələr ölkəyə əsasən Tayvan, Hindistan və Çindən gətirilir. Gömrükdə ciddi nəzarət olsa da bəzi vətəndaşlar bu məhsulları ölkəyə şəxsi çantalarında gizli şəkildə, yaxud qaçaqmalçılıq yolu ilə daxil edə bilir.
Təkcə Dövlət Gömrük Komitəsi yox, elə Daxili İşlər Nazirliyi də satışına qadağa qoyulan belə vasitələrin satışı ilə ciddi mübarizə aparır. Satış aşkarlandığı halda İnzibati Xətalar Məcəlləsinin 224-cü maddəsinə əsasən fiziki şəxslər üçün buna görə 350-500 manat, vəzifəli şəxslər üçün isə 1650-2200 manat məbləğində cərimə də nəzərdə tutulub.
İnzibati tədbirlərə, həkimlərin belə məhsulların sağlamlığa mənfi təsir etdiyini bildirməsinə baxmayaraq şəhərdə satışda fişəng tapmaq çətin deyil.
Bəs bu məhsulların hansı ziyanları var?
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev virtualaz.org saytına açıqlamasında bildirib ki, təhlükəsizlik qaydalarına riayət edilmədiyi təqdirdə bu məhsulların ilkin zərəri yanıq xəsarətidir: "Pirotexniki vasitələrdən düzgün istifadə edilmədikdə hər şeydən öncə yanıq xəsarətinə səbəb ola bilər. Xüsusən də uşaqların bunlara daha çox meylləndiyini nəzərə alsaq deməliyik ki, valideynlər onlara bunun ziyanlı və təhlükəli olduğunu başa salmalıdır".
Həkim deyir ki, "Benqal şam"ları, kiçik atəşfəşanlıq kimi yanar maddələr yalnız açıq havada istifadə oluna bilər. Ev şəraitində istifadəsi məsləhət deyil.
Qeyd etdiyimiz kimi, amma nə inzibati cəzalar, nə də həkimlərin çağırışı bu vasitələrin satışını azaltmır. Bəs çıxış yolu nədir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, pirotexniki məhsulların hələ də satışının davam etməsinin səbəbi dəyişməz bazar aksiomu - tələb-təklif prinsipidir.
E.Hüseynov virtualaz.org saytına açıqlamasında bildirib ki, azərbaycanlı alıcının bu məhsula tələbatı var deyə onlar satılmaqda davam edir: "Nə qədər qadağa olsa da tələbat var deyə qaçaq yolla da olsa pirotexniki vasitələr ölkəyə gətirilir. Bu maddələrin satışı ilə mübarizəni təbliğat vasitəsilə aparmaq lazımdır. Əhali ciddi şəkildə maarifləndirilməlidir. İnsanlar bilməlidirlər ki, pirotexniki vasitələr yanğına, hətta ölümə səbəb olur. Məktəblərdə də bu istiqamətdə təbliğat işləri görülməlidir ki, uşaqlar onun ziyanlı olduğunu başa düşsünlər və nəticə etibarilə tələbat yaranmasın. Azərbaycan toylarında belə açıq-aşkar pirotexniki vasitələrdən istifadə olunur. Böyükləri görən uşaqlar da buna meyllənəcəklər".
Ümumi vəziyyət bunu düşünməyə əsas verir ki, pirotexniki vasitələrin satışdan birdəfəlik yığışdırılmasına nail olmaq uzun vaxt və ciddi maarifləndirmə tələb edən işdir. Ona görə də partapartdan diksinməyin...
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər