QMİ-dən Nardaran hadisəsi ilə bağlı bəyanat: Belə təxribatçı cəhdlər... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 20:52 | Şərh sayı: (0) | Baxılıb: 639
QMİ-dən Nardaran hadisəsi ilə bağlı bəyanat: Belə təxribatçı cəhdlər...
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu gün Nardaranda baş vermiş hadisələrlə bağlı bəyanat yayıb.
QMİ-dən Trend-ə daxil olan bəyanatda bildirilir: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə zərbə vurmaq, hüquqi-demokratik dövlətin əsaslarını sarsıtmaq məqsədilə Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilmiş hadisəni qətiyyətlə pisləyərək bəyan edirik. Baş verən hadisəni dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu xaricdən və daxildən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək cəhdi kimi qiymətləndiririk".
Bəyanatda deyilir ki, bu hadisənin baş verdiyi Nardaran qəsəbəsində yerli camaatın tanımadığı, özünü dindar adlandıran bir qrup təxribatçının inanclı, mömin kənd sakinlərinə heç bir aidiyyəti yoxdur: "Əminik ki, Nardaran əhalisi baş verənlərin əleyhinədir. Taleh Bağırov və onun himayədarları tərəfindən yaradılmış "Müsəlman birliyi" adlı qondarma qrupun dindarlara heç bir aidiyyatı yoxdur, o, QMİ tərəfindən dini qurum kimi tanınmır, heç bir dini təbliğat aparmaq səlahiyyətinə malik deyil".
İdarə dini mərkəz olaraq, Azərbaycan müsəlmanları adından hüquq-mühafizə və xüsusi xidmət orqanlarından tələb edir ki, İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən terror aktının kimliyindən asılı olmayaraq törədənlərin dövlətçiliyimizə təhlükə yaradan əməllərinə hüquqi qiymət verilsin: "Dini pərdəsi altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən lazımi nəticə çıxararaq, öz məkrli niyyətlərinə son qoymalıdır. Təəssüflər olsun ki, bu hadisələr insan tələfatı ilə nəticələnib. Xidməti vəzifələrini yerinə yetirərkən şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".
QMİ bir daha bildirir ki, Azərbaycan dindarları daima dövlətçiliyimizə sadiqdirlər, dövlət başçımızın siyasətini dəstəkləyir, onun ətrafında sıx birləşir, bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səyləri dəstəkləyirlər: "Əminik ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər