Əhali test edilir - soyuğa nə qədər tab gətirəcəklər? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 14:09 | Şərh sayı: (0) | Baxılıb: 289
Əhali test edilir - soyuğa nə qədər tab gətirəcəklər?
"Azəriqaz" İB bəzi qazanxanalarımızı açdı. Biz öz tərəfimizdən onlara və hökumətə lazım olan müraciətləri, sənədləri təqdim etmişik. Söz vermişdilər ki, həftənin sonuna kimi digər qazanxanalar da açılacaq. İndi istiliyin verilməsi üçün "Azəriqaz"ın növbəti addımlarını gözləyirik.
Bu barədə Milli.Az-a açıqlamasında "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
Qeyd edək ki, hələ ötən həftə deyilmişdi ki, məsələ 1-2 günə həll olunacaq. Lakin üstündən bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, yaşayış binaları və sosial obyektlərin əksəriyyəti istiliksiz qalıb. R.Əliyev məsələyə belə aydınlıq gətirirb:
"Qazanxanaların əksəriyyətinə qaz verlməyib, xeyli hissəsi plomblu qalıb. Düzdür, keçən həftə bir az yaxşı başladılar, günə 50-60 qazanxana açıldı, amma sonra sürəti aşağı saldılar. Amma onların açdıqları da kiçik qazanxanalardır. Məktəblərin, bağçaların, xəstəxanaların, iri binaların istilik xətlərinin birləşdiyi qazanxanalar, demək olar ki, açılmayıb. Həmin qazanxanalar da ya yalnız bir məktəbə, xəstəxanaya, ya da 5-6 binaya istilik verə bilir. Amma iri rayon qazanxanalarını açmayıblar.
Bəzi qazanxanaların açılmasının səbəbi də budur ki, borcların müəyyən qismini ödədik. Bundan başqa, məsələyə hökumətdə də baxılır, bununla bağlı aidiyyatlı nazirliklərə də göstəriş verilib. Düzdür, bizim "Azəriqaz"a borcumuz var və bundan imtina etmirik. Amma müqavilədə göstərilir ki, tərəflər arasında narazılıq olanda bu, danışıqlar yolu ilə həll olunmalıdır. İkincisi, danışıqlar fayda vermədiyi halda hər iki tərəf dövlət təşkilatı olduğu üçün hökumətə, ən pis halda isə məhkəməyə müraciət edə bilər. Amma qazanxanalara verilən qazın kəsilməsi bizim üçün gözlənilməz oldu".
"Əgər borc var idisə də, niyə bu borc məhz indi yada düşdü?" sualının cavabında "Azəristiliktəchizat" rəsmisi bunun onlar üçün də aydın olmadığını deyib:
"Onlar da bizə deyirlər ki, borcumuz var, fəaliyyətimizi tənzimləmək üçün vəsait lazımdır. Bilin ki, məsələ bizdən asılı deyil. Bizdən asılı olsaydı, istiliyi hamıya noyabrın 15-dən verərdik. Bu, yalnız "Azəriqaz"dan asılı olan məsələdir. Biz də borc məsələsini qaldırmışıq, hökumət baxır. Yəqin ki, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş verilib, onlar da araşdırıb öz təkliflərini verəcəklər. Amma yenə də qazanxanaları bağlamaq vəziyyətdən çıxış yolu deyil. Axı camaat bundan niyə əziyyət çəkməlidir? Qazanxanaların, demək olar ki, yarısı işləmir. Soyuqda oturanlar axı bu xalqın nümayəndələridir, övladlarıdır. Axı xəstəxanalar, məktəb, bağça, əlillər evləri və s. binalarda qızına bilməyənlər axı bu ölkənin vətəndaşlarıdır. Baxmayaarq ki, bu təşkilatlar neçə ildir ki, istilik haqqını tam ödəmirlər, amma biz heç vaxt onların istiliyini kəsib pul tələb etməmişik. Mövqeyimiz belə olub ki, biz dövlət orqanıyıq. İnsanlar da bu dövlətin vətəndaşlarıdır. Məsələn, istilik verilməyən məktəbdə oxuyan uşaq soyuqda oturaraq bir neçə ildən sonra dövlət üçün sağlam yox, xəstə vətəndaş kimi yetişəcək. Sonra da dövlət yenidən həmin vətəndaşların müalicəsi üçün nə qədər vəsait xərcləməlidir. Bu xəstəlik əlilliyə çevrilsə, dövlət ömrünün sonunadək həmin insana pensiya verməlidir ki, bu da dövlət üçün əlavə yük olacaq. Yəni bütün fikirlər ona gətirib çıxarır ki, uşaqlar, vətəndaşlar soyuqda üşüyüb xəstələnməli deyillər".
Xatırladaq ki, "Azəristiliktəchizat" ASC bəyan etmişdi ki, noyabrın 15-dən etibarən yeni payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanacaq. Lakin bir sıra binalara ümumiyyətlə istilik verilmədi, hətta istiliyin verildiyi binalarda da təchizat 2 gün sonra kəsildi. O vaxtdan da bəri Bakının, demək oalr ki, yarısında və regionlarda əhali istiliyin olmamasından əziyyət çəkir.
"Azəristiliktəchizat" ASC-dən Milli.Az-a verilən məlumata görə, problem cəmiyyət tərəfindən "Azəriqaz"a yaranmış borca görə qazanxanalara qazın verilməsinin dayandırılması ilə bağlıdır.
"Azəristiliktəchizat"da hesab edirlər ki, abunəçilər borclu olmadıqları halda "Azəriqaz"ın qış vaxtı belə bir addım atması doğru deyildi. Belə ki, iki dövlət qurumu arasında məsələni başqa cür də həll etmək olardı.
Görünən isə odur ki, yaranmış bu süni problem hələ də tam həll olunmayıb və vəziyyət yenə də dumanlı olaraq qalır. İki dövlət qurumunun soyuq münasibətləri fonunda əhalinin əsəblərinin soyuğa nə qədər tab gətirəcəyini isə zaman göstərəcək. Hələlik havalar bir az mülayim keçir. Sonrasından Allah saxlasın.
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər