Türkü qanla sınağa çəkdilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-10-2015, 09:58 | Şərh sayı: (0) | Baxılıb: 309
Türkü qanla sınağa çəkdilər
Türkiyədə vəziyyətin mümkün qədər ağırlaşması, ölkənin müxtəlif düşərgələrə parçalanması, türkün kürdə, kürdün də türkə düşmən kəsilməsi onillərdən bəri aktuallığını itirməyən ssenarilər arasındadır.
Həmin ssenarilər Türkiyəni ölkəni qan gölünə çevirmək, sonra da bir dövlət kimi məhv etmək məqsədi güdür.
Müəlliflərin kimlər olduğu, hansı məqsədlərlə hazırlandığı bəlli bu ssenarilər indiyədək uğursuzluğa düçar olub.
Türkiyəyə "Başın sağ olsun" deyənlər arasında da ölkədəki başlarda ağrı yaradıb onları sağ-salamatlıqdan uzaq vəziyyətə salmaq istəyənlər sakitləşmək bilmir, niyyətlərindən əl çəkmirlər.
Ankarada qara şənbə
Oktyabrın 10-u çağdaş Türkiyənin tarixində ən qanlı gün oldu. Səhər saat 10 radələrində paytaxt Ankaradakı "Ankara Tren Garı" dəmiryol vağzalının qarşısında, estakadanın altında iki partlayış oldu. 96 ölü, 246 yaralı. Yaralıların 48 nəfərinin vəziyyəti çox ağırdır.
Dünən ölkədə 3 günlük matəm elan olunub.
"Əmək, sülh, demokratiya" şüarlı nümayişi həmkarlar təşkilatları və solçu müxalifət partiyaları, habelə kürdlərin Xalq-Demokratik Partiyası (HDP) təşkil etmişdilər. Minlərlə insan meydana yığışmışdı və yürüşə hazırlaşırdılar.
Bu an ilk partlayış baş verdi. Kütlə qaçmağa başlayanda, 3 saniyə sonra ikinci partlayış yaşandı.
Türkiyənin hakimiyyət dairələri yaşananları dərhal terror aktı kimi dəyərləndirdi.
Əslində belədir, çünki partlayışları iki "canlı bomba" həyata keçirib. Məsuliyyəti isə hələlik kimsə boynuna almayıb.
Partlayışları İŞİD-in təşkil etməsi gümanı çox güclüdür. Nədən ki, Türkiyə Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlar həyata keçirməyə başlayıb və bu da təbii ki, "İslam Dövləti" adlanan terror qruplaşmasını razı sala bilməzdi.
Teraktın İŞİD "əsər"i olmasına Ankaradakı yürüşü hazırlayanlar və keçirənlərin kimlikləri də dəlalət edir.
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı üçün kürdlərin PKK təşkilatı təki, HDP partiyası da nifrət obyekti, düşməndir.
Üstəlik, Suriyada İŞİD-lə bahəm, "Cəbhət əl Nüsra" terror təşkilatı da PKK-ya, habelə PKK-nın Suriyadakı bölmələri olan YPG və PJD-yə qarşı vuruşurlar.Kürdlər Suriyanın şimalında "Rohava Muxtariyyəti" yaratmaq istəyir, İŞİD isə bu ideyanı elə rüşeymdəcə məhv etməyə çalışır.
Ankaradakı teraktların ölkədəki radikal solçu, anarxist, psevdobolşevik, maoçu və s. qruplaşmalar, habelə kürd radikallar tərəfindən hazırlanaraq gerçəkləşdirilməsinə inam azdır.
"Partlayışları seçki öncəsində Türkiyə hakimiyyəti provokasiya kimi hazırlayıb, kürdləri suçlamaq istəyir" kimi komplo nəzəriyyələri də yumşaq desək, absurddur.
Çünki Türkiyədə keçiriləcək parlament seçkiləri ərəfəsində iqtidardakı Ədalət və İnkişaf Partiyasına (AKP) heç bir halda ölkədəki vəziyyəti gərginləşdirmək, ələlxüsus də kürdlərlə qarşıdurma yaratmaq sərf etmir.
Ankaradakı partlayışı isə Türkiyədə çaxnaşma yaranmasında maraqlı olan dairələr artıq "kürdlərin hədəfə alındığı teraktlar" kimi qələmə veriblər. İstanbul, Diyarbəkir, Batman və daha neçə-neçə şəhərdə kürdlərin küçələrə axışaraq "Qatil dövlət!" şüarı ilə mitinqlər, yürüşlər keçirmələri, polisi daşlamaları təsadüf sayıla bilməz.
Seçkidən əvvəl faciə
Türkiyədə parlament seçkiləri noyabrın 1-də keçiriləcək. İyunun 7-də keçirilmiş seçkilərin nəticəsində formalaşması gərəkən hökumətin tərkibinin tam müəyyənləşməsi üçün Konstitusiya ilə ayrılmış vaxt hələ avqustda başa çatıb.
İyunun 7-dəki seçkilərdə Türkiyəni 12 ildən bəri idarə edən AKP Türkiyə Böyük Millət Məclisindəki 550 yerdən 225-ni qazanaraq parlament çoxluğu ilə yanaşı, hökuməti təkbaşına formalaşdırmaq imkanlarını əldən verdi. HDP isə Ərdoğan iqtidarı üçün "sürpriz" edərək 80 mandat qazanmışdı.
Kürdlərin partiyasının belə uğuru Rəcəb Tayyib Ərdoğan üçün gözlənilməz nəticə idi, çünki o, Türkiyəni prezident respublikasına çevirəcək və ona, dövlət başçısına indikindən fərqli olaraq real hakimiyyət səlahiyyətləri verəcək islahatlar planlaşdırmışdı.
1 noyabr seçikiləri Türkiyə üçün həddən ziyadə önəmlidir və 4 aparıcı partiyanın hamısı qələbə əzmindədir. Amma Türkiyənin Suriyadakı antiterror əməliyyatlarına qatılması AKP-nin şanslarını zəiflədib.
Yeni seçkilərdə iyunun 7-dəki situasiyanın təkrarlanması, yəni partiyaların heç birinin parlament çoxluğuna nail olmaması istisna deyil. Belədə Türkiyəni yenidən koalisiya hökuməti problemi gözləyir.
Son teraktların HDP-nin şanslarını artıracağını düşünənlər də yanılırlar, çünki son aylarda Türkiyədəki kürdlərin ifrat siyasi aqressivliyi, çoxsaylı teraktlar və hücumlar əhalinin qəzəb potensialını artırıb. Bu isə HDP-nin mövqelərinin güclü olduğu bölgələrdə, xüsusilə də cənub-şərqi Anadoluda AKP-nin səslərinin bir qismini itirməsi ilə nəticələnə bilər.
Türkiyədə polislərə və hərbçilərə terror hücumlarının, HDP və PKK tərəfdarlarının yürüşlərinin, küçələrdə iğtişaşlarının iyunun 7-dəki parlament seçkilərindən sonra "qəflətən" aktivləşdiyini də unutmayaq.
İyulun 20-də Türkiyənin Suruc şəhərində qanlı terror aktı yaşanmışdı. 18 yaşlı "canlı bomba" şəhərdəki mədəniyyət mərkəzinin qarşısında mitinqə qatılaraq özünü partlatmışdı. Partlayışda 33 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdı. Ölənlər və yaralananların hamısı Suriyanın şimalında, Türkiyə ilə sərhədin yaxınlığında yerləşən Kobani şəhərinə, İŞİD-in mühasirəyə alıb məhv etmək istədiyi bu məkana yollanmaq istəyən türk və kürd solçulardı.
Rəsmi Ankara həmin teraktda İŞİD-i suçladı, sonra da Suriyada İŞİD-in, İraqın şimalında is PKK-nın mövqelərini vurmağa başladı.
Buna cavab olaraq PKK terrorçuları Türkiyədə polis idarələrinə və boru kəmərlərinə hücumlar etdilər, polislərlə hərbçiləri güllələməyə başladılar.Ölkə daxilində millətçilər və sağçılarla HDP arasında qarşıdurma sərtləşib. HDP hökuməti suçlayır, hökumət isə HDP-ni PKK-ya dəstək verməkdə ittiham edir. NATO-nun ən böyük ölkələrindən biri, ABŞ-ın həddən ziyadə önəmli strateji müttəfiqi olan Türkiyədə siyasi qüvvələr arasında uçurum yaranıb, iqtisadi vəziyyət ağırlaşır, İŞİD təhlükəsi güclənir, kürdlərin PKK terror təşkilatı azğınlaşır.
Suriyadan qaçmış 2 milyona yaxın miqrantın Türkiyədə məskunlaşdığını da unutmayaq.
...Türkiyə əsrin əvvəlindən bəri bəlkə də ən ağır sınağından keçir. Ölkədə milli zəmində qarşıdurma yaratmaq, türk-kürd toqquşmasını alovlandırmaq istəyirlər.
PKK, İŞİD terror təşkilatları ilə yanaşı, bu qrupları yaradan və idarə edən dövlətlər Ankaranı "ram etmək", illərdən bəri səslənən şərtlərlə, ultimatumlarla, tələblərlə razılaşmağa vadar etmək istəyirlər.
Fəqət, alınmayacaq.
İndiyədək alınmadığı kimi.
Orxan Hun
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər