Prezidenti vurmaq istəyi: dönüş yanğısının xofu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 20:52 | Şərh sayı: (0) | Baxılıb: 229
Prezidenti vurmaq istəyi: dönüş yanğısının xofu
Ermənistanın sabiq prezidenti Robert Koçaryan xələfi Serj Sarkisyanın təşəbbüsü ilə mövcud Ermənistan hakimiyyətinin konstitusiya dəyişikliyi etmək qərarını ölkə üçün "son dərəcə təhlükəli" nəticələri olan "böyük səhv" adlandırıb.
"Bu gün konstitusiya islahatına, özü də belə radikal xarakterli, heç bir ehtiyac yoxdur", - öz qeyri-rəsmi "2rd.am" saytına müsahibədə Robert Koçaryan bəyan edib.
1997-ci ildə Dağlıq Qarabağdan Ermənistana gətirilən və 1998-ci ildə Ermənistan prezidenti seçilmiş Robert Koçaryan 10 ildən sonra bu vəzifədə onu əvəz edən həmyerlisi Serj Sarkisyanın konstitusiya islahatı təşəbbüsünü daha əvvəl də tənqid edib və Ermənistanın mövcud problemlərinin heç də hazırda qüvvədə olan Konstitusiyası və ələlxüsus, dövlət idarəetmə forması ilə bağlı olmadığını qeyd etmişdi.
"Ölkənin fərsiz, ya uğurlu idarə edilməsi bunun haradan - prezident iqamətgahından, yaxud baş nazir kabinetindən - edildiyindən asılı deyil", - Koçaryan demişdi.
Serj Sarkisyanın sələfi hesab edir ki, ölkənin üzləşmiş olduğu problemləri qüvvədə olan Konstitusiya çərçivəsində də həll etmək olar, bir halda ki, onun (Konstitusiyanın) funksionallığını heç kəs şübhə altına qoymur.
BBC vurğulayır ki, bazar ertəsi günü Ermənistan parlamentinə təqdim edilmiş və qəbul olunmuş Konstitusiya layihəsinə gəldikdə, Robert Koçaryan onun "ehtimal etdiyi pisdən daha pis" olduğunu qeyd edir.
"Söhbət artıq yarım-prezident və ya parlament idarəetmə forması seçimindən getmir. Konstitusiya layihəsi özündə de-fakto birpartiyalı sistemə - yəni siyasi monopoliya və durğunluğa - yuvarlanma təhlükəsini ehtiva edir", - Koçaryan deyib.
Sovet Konstitusiyası da, sabiq Ermənistan prezidentinin sözlərinə görə, çoxlu gözəl sözlər ehtiva edirdi, lakin onun SovİKP-nin rəhbər və yönəldici roluna dair 6-cı maddəsi kommunistlərin siyasi monopoliyasını qanuniləşdirirdi.
"SSRİ-nin sonu hamıya məlumdur. Konstitusiya layihəsinin insan haqları və dövlətin sosial qayələri haqqında ümumi gözəl ifadələrlə doldurulması parlament idarəetməsinin lap məğzini məhrum edən Milli Məclisin tamamilə yolverilməz üsulda formalaşması üçün kamuflyaja bənzəyir", - Robert Koçaryan deyib.
Koçaryan hesab edir ki, Konstitusiya layihəsinin 89-cu maddəsi parlamentdə - bu isə o deməkdir ki, həm hakimiyyətdə - bir partiyanın üstünlüyünü təmin etməlidir.
"Bizim reallıqda bu, heç də öz populyarlığından asılı olmayaraq, inzibati və maliyyə resurslara sahib olan partiya olacaq. Ermənistanda partiyadaxili demokratiyadan əsər-əlamət belə olmadığı halda isə, hamilik idarəetmə illər boyu qaçılmaz bəla, durğunluq mənbəyi və qüsurlu sistemin yenidən hasil olmasının aləti olaraq qalacaq. Əslində təqdim olunan layihə siyasi inhisarı konstitusiya normasına çevirir", - Koçaryan hesab edir.
"Mən ölkəmə belə gələcək arzulamıram, ona görə də birmənalı bu islahatların əleyhinə çıxış edirəm. Böyük səhvə yol verilir və onun nəticələri Ermənistanın gələcəyi üçün son dərəcə təhlükəlidir", - Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib.
... Ermənistanın ikinci prezidenti Robert Köçəryan bir zamanlar sələfi kimi hakimiyyətə hazırladığı, sonra postuna "seçdirib" getdiyi, indisə az qala düşməninə çevrilmiş Serj Sarkisyanın ölkə Konstitusiyasına dəyişikliklər və əlavələr etmək niyyəti ilə bağlı çox danışıb.
Əvvəllər olduğu kimi, indi də Köçəryan belə dəyişikliklərin əleyhinə olduğunu deyib.
Paradoksal olsa da, xroniki yalançılığa adət etmiş Köçəryan bu dəfə haqlıdır.
Prezident Serj Sarkisyanın təşəbbüsü, göstərişi və əmri ilə hazırlanaraq ermənilərə "dəyişikliklər" kimi təqdim olunan "yeniliklər" əslində maraqlı nüanslardır.
Növbəti prezident seçkilərinə qatılmaq üçün konstitusion imkanları olmayan Sarkisyan parlamentin spikeri postuna əyləşmək, ölkənin prezident üsul-idarəsi sistemindən parlamentarlıq müstəvisinə keçirilməsinə nail olmaq və bununla da hakimiyyətini davam etdirmək niyyətindədir.
Bundan başqa, yeniliklər Ermənistandakı müxalifətin maksimal dərəcədə zəiflədilməsini, hakimiyyətdə olan Ermənistan Respublikaçılar Partiyasının mövqelərinin möhkəmləndirilməsini və ölkədə birpartiyalı sistemin yaradılmasını nəzərdə tutur.
Köçəryan bütün bunların Ermənistan üçün "çox təhlükəli" olduğunu vurğulayıb.
Halbuki Robert Köçəryan ən əsas məqamlara toxunmayıb.
Söz yox, onun Sarkisyanın istəyi ilə həyata keçirilməsi planlaşdırılan konstitusion dəyişikliklərə qarşı olacağı şübhə doğurmurdu. İllah da ki, R.Köçəryan "Azadlıq Radiosu"nun belarus xidmətinə verdiyi müsahibəsində sözügedən dəyişiklikləri "anaxronizm" adlandırmışdı.
Danışmaq çətin deyil.
Amma Ermənistan üçün çox təhlükəli perspektivləri neytrallaşdırmaq, problemlərin qarşısını almaq üçün Köçəryan konkret addımlar atmaq niyyətində deyil.
O, nə isə etmək, Sarkisyana qarşı açıq mübarizəyə başlamaq istəmir, işini ermənilərin onsuz da bildikləri məsələləri təkrarlamaqla bitmiş sayır.
Siyasi imkanların kasadlığı, müxalifət müstəvisindəki qüvvələrdən çəkinməsi, habelə Rusiyanın marionetkası olması ilə bağlı iddiaları əsla təkzib edə bilməməsi Köçəryanı mağmın durumda qoyub.
Deyəsən, o, Sarkisyana qarşı real mübarizə aparmaqdansa, belə qarşıdurma üçün hazırladığı strukturları və siyasətçiləri maliyyələşdirməyə üstünlük verir.
Və ən nəhayət, əvvəlki müsahibələrindən fərqli olaraq Köçəryan indi Sarkisyan iqtidarının müxtəlif səviyyələrində, seqmentlərində olan məmurlara üstüörtülü mesajlar, pərdələnmiş təkliflər etməyib.
Bu isə sabiq prezidentin hakimiyyətdə dəstək almaq ümidlərini bilmərrə itirməsi deməkdir.
Köçəryan gözləmə mövqeyi tutub. O, situasiyanı araşdırır, təhlil edir və zərbə vurmaq üçün məqam gözləyir.
Amma belə getsə, onun Sarkisyana zərbə endirməyə nə imkanı, nə də vaxtı qalacaq.
Orxan Hun
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər