Nə üçün ziyarətə getdiyi, imamların hərəmində namaz qıldığı,.. |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 7-01-2016, 01:04 | Şərh sayı: (0) | Baxılıb: 365
Nə üçün ziyarətə getdiyi, imamların hərəmində namaz qıldığı,..
Sual: Nə üçün ziyarətə getdiyi, imamların hərəmində namaz qıldığı, nəzir verdiyi üçün şiələr şirkdə ittiham olunur, amma bu işləri onlardan da çox yerinə yetirən sünnilər ittiham olunmurlar?
Cavab: Şiələri sünnilər yox, vəhhabilər ittiham edirlər. Eləcə də, vəhhabilər təkcə şiələri yox, onları qəbul etməyən sünniləri də ittiham edirlər. İbn Teymiyyə öz risaləsində bütün müsəlmanları ittiham edir, şiələrə isə xüsusi yer ayırır. Onların sözlərinin məğzi budur ki, şiələr qəbirlərə ibadət edir, qəbir əhli üçün namaz qılır, qəbir əhlindən öz xəstəliklərinə şəfa, düşmənləri üzərində qələbə istəyirlər. Vəhhabilər bütün bu əməlləri bidət və şirk hesab edirlər.138 Bəzən isə "şiələr Əbu-Bəkr və Ömərə lənət oxuyur” deyərək, ədavət saxlayırlar.
Böhtanların kökü
İttihamların kökünü tapmaq üçün Ərəbistanın tanınmış müftisi, vəhhabilərin böyüyü İbn Bazın qeydlərini nəzərdən keçirək:
"Qəbir kənarında namaz qılıb, Quran oxumaq böyük şirkə səbəb olan bidətlərdəndir. Çünki Allahın Rəsulu (s) buyurmuşdur: "Allah yəhudi və məsihilərə lənət etsin, onlar öz peyğəmbərlərinin qəbirlərini məscidə çeviriblər.” ;
"Peyğəmbər (s) müsəlmanlara xitabən buyurmuşdur: "Agah olun, sizdən əvvəlkilər öz peyğəmbərlərinin və salehlərinin qəbrini məscidə çevirdilər. Ehtiyatlı olun ki, qəbirləri məscid etməyəsiniz. Mən bu işi sizə qadağan edirəm.”
İbn Baz bu iki rəvayəti nəql etdikdən sonra belə nəticə çıxarır:
"Bu iki rəvayətdən məlum olur ki, qəbir kənarında namaz və Quran oxumaq, qəbirin üzərində bir şey tikmək şirk səbəbidir. Bu işləri yəhudi və məsihilər görürdü, indi isə onu bu ümmətin cahilləri davam etdirir. Onlar qəbir əhlinə ibadət edir, onlar üçün qurban kəsir, nəzir edirlər. Ölülərdən xəstələrinə şəfa, düşmənləri üzərində qələbə istəyirlər. Bu işlər Hüseynin (ə) qəbri kənarında yerinə yetirilir. Peyğəmbər (s) qəbir üzərində tikintini, qəbirlərin üzlüklənməsini, qəbir üzərində oturmağı, qəbir üzərində günbəz qaldırmağı, qəbirin üstünü yazmağı qadağan etmişdir. Bu işlər yəhudi və məsihilərin işlərinə oxşadığından, böyük şirkə səbəb olduğundan qadağandır.”
Nə üçün bu sözləri böhtan sayırıq?
Vəhhabilərin dəlillərini nəzərdən keçirdikdən və onların əsasən şiələri nəzərdə tutduğu məlum olduqdan sonra bildiririk:
Onların dəlil göstərdikləri rəvayətlərin düzgün olub-olmadığını araşdırmırıq. Tutaq ki, həmin rəvayətlər doğrudur. Şiəlikdə istər vacib, istərsə də müstəhəb, istər məscid, istərsə də imamların (ə) hərəmində qılınan namazlarda "həmd”dən qabaq müstəhəbdir ki, belə deyilsin:
"Vəccəhtu vəchiyə lilləzi fətərəssəmavati vəl-ərz, alimul-ğəybi vəş-şəhadəti, hənifən muslimən və ma ənə minəl-muşrikinə, innə səlati və nusiki və məhyayə və məmati lillahi rəbbil-aləmin, la şərikə ləhu və bizalikə umirtu və ənə minəl-muslimin”
Tərcümə: "Mən xalis imanla o Allaha üz tutmuşam ki, göylərin və yerin yaradanıdır, gizlini və aşkarı biləndir, vücudum şirkdən pakdır, müsəlmanam və mən müşriklərin cahil əqidələrindən uzağam; namazım, itaətim, həyatım və ölümüm aləmlərin rəbbi Allah üçündür. Onun şəriki yoxdur, mənə ixlası əmr edib, mən onun əmrinə təsliməm.”
Bu ifadələr, bu əqidə vəhhabilərin iftiralarına gözəl cavabdır. Digər ittihamları da cavablandırmaq lazım gəlir:
a) Qəbirlərin kənarında namaz qılmağı qəbir əhlinə ibadət sayırlar. Başlıca olaraq, imamların hərəmində, Bəqi qəbiristanlığında şiələrin namaz qılmasını nəzərdə tuturlar.
Əvvəla, şiələr istənilən bir yerdə hər hansı namazı qılarkən belə niyyət edirlər: "Namaz qılıram, qürbətən iləllah (Allaha yaxınlıq məqsədi ilə)”. Kimsə düşünmür ki, qıldığı namaz onu qəbir sahibinə yaxınlaşdıracaq. Ziyarət namazında da niyyət "qürbətən iləllah” olur. Sadəcə, həmin namazın savabı qəbir sahibinə hədiyyə olunur.
İkincisi, əgər qəbir kənarında namaz qılmaq şirkdirsə, nə üçün ilkin İslamdan başlayaraq, Məscidül-həramda – Peyğəmbərin qəbri olan bir yerdə namaz qılınır? Nə üçün Peyğəmbərin (s), Əbu-Bəkrin, Ömərin qəbirləri yerləşən Məscidün-nəbidə dünya müsəlmanları ibadət edirlər? Aişə neçə illər qəbir kənarında yaşayıb, ibadət etmişdir. Maraqlıdır ki, hansı dəlillə bir qəbir o birindən fərqləndirilir? Məgər qəbir qəbir deyilmi?!
Məscidül-həramda dəfn olunanlar
Sünnə əhlinin verdiyi məlumatlara əsasən Məscidül-həramda aşağıda adı sadalananlar dəfn olunmuşlar:
1.Həzrət İsmail, anası Hacər, ərdə olmamış qızları;
2.Həzrət Nuh, Hud, Saleh, Şüeyb ; (onların qəbri Hacərlə zəmzəm arasındadır)
3.Rükn və məqamdan zəmzəmədək 99 peyğəmbərin qəbri.
b) Digər bir ittiham qəbir kənarında Quran oxunmasıdır. Vəhhabilər bu işi şirk sayırlar. Əslində İbn Bazın istinad etdiyi rəvayətlərdə Quran oxunması barədə söz yoxdur. Bununla belə, ittihamçılardan soruşulmalıdır ki, Məscidül-həramda Quran oxuyanlar müşrikdirlərmi? Məgər Aişə Peyğəmbərin (s) qəbri kənarında Quran oxumurdumu?!
Vəhhabilərin başçılarından olan İbn Teymiyyə deyir:
"Məzhəb böyüklərinin ümumi fikri belədir ki, hər bir meyyit dirinin namaz, oruc, Quran qiraəti və sədəqəsindən bəhrələnir.”
Vəhhabilərin digər bir başçısı İbn Qəyyim deyir: "Müsəlmanlar ölülər üçün bağışlanma istəsələr, sədəqə versələr, həcci yerinə yetirsələr, oruc tutsalar, namaz, Quran və zikr oxusalar, savabı ölülərə çatar.”
İbn Baz digər bir kitabında yazır: "Sədəqənin, həcc və ümrənin, meyitin borcunun ödənməsinin, dua və tövbənin savabı meyitə çatar. Amma Quran və namazın, həm də təvafın meyit üçün olmaması daha yaxşıdır.”
Başqa bir mənbədə149 deyilir: "Yaxşı olar ki, qəbir ziyarətçisi dua edib yalvarsın, ölülərdən ibrət götürsün və meyit üçün Quran oxusun. Ziyarətçinin Quran oxuması meyit üçün faydalıdır.”
Maraqlıdır ki, bütün sünnə əhli, vəhhabilər, İbn Bazın özü, adətən, Quran oxunmasını ölü üçün faydalı olmasını bildiyi halda, "Tuhfətul-ixvan” kitabında bu iş şirk sayılır. Özü də böyük şirk! Bu hökmün hansı əsasla verildiyi məlum deyil.
v) Digər bir ittiham şiələrin qəbir əhli üçün nəzir etməsidir (məsələn, imam Hüseyn (ə) üçün edilən nəzir). Belə bir nəziri vəhhabilər şirk sayırlar. Amma şiə fəqihlərindən birinin kitabına müraciət olunsaydı, belə ittihamlara cürət edilməzdi. Şiə fəqihlərinin risalələrində bu barədə deyilir: "Nəzir odur ki, insan Allaha görə hər hansı xeyir bir iş görmək və ya görülməməsi daha yaxşı olan bir işi tərk etmək qərarına gəlsin.” Bəli, şiə fiqhinə görə, nəzirin əsil mahiyyəti onun "Allah üçün” olmasıdır. Bu niyyət olmasa, nəzirdən danışmağa dəyməz. Amma iş başa çatdıqdan sonra nəzir olunmuş işin savabını istənilən bir şəxsə hədiyyə etmək olar. Məsələn, nəzir üçün belə bir düstur yarayar: "Allah üçün qurban kəsib, ətini fəqirlərə paylamağı və savabını imam Hüseynə (ə) hədiyyə etməyi öhdəmə götürürəm.”
Şiələr imama və ya ziyarətgaha nəzir edərkən məqsədləri Allah üçün xeyir bir iş görüb, bu işin savabını hədiyyə etmək olur. Belə nəzirləri şirk hesab edən vəhhabilərin nəzərinə bir Quran ayəsini çatdırmaq lazım gəlir: "Bilmədiyin işin ardınca getmə. Çünki qulaq, göz, qəlb, bunların hər biri sorğuya çəkiləcək.” Ümid edirik ki, bu adamlar öz iftiralarından əl çəkib, inşaəllah, tövbə edəcəklər.
d) Vəhhabilər qəbir üzərində tikintini haram, şirk sayırlar. Bildirirlər ki, qəbir üzərində hər hansı tikili büt kimidir və bütün adını dəyişməklə bütpərəstlik aradan qalxmaz. Onların fikrincə, məbədə, hərəmə ibadət bütə ibadətdən daha pisdir və bütün tikintilər, günbəzlər sökülməlidir. Bu əqidədə olanlar 1922-ci ildə Hicazda İslam böyüklərinin qəbirlərini, Bəqidə imamların qəbirlərini xaraba qoydular.
İbn Baz deyir: "Qəbir üzərində bina, tikinti, günbəz şirk səbəblərindəndir...” Əgər İbn Bazın sözlərini qəbul etsək, onda hücrədə dəfn olunmuş Peyğəmbəri (s) ziyarət edən bütün müsəlmanları, eləcə də vəhhabiləri müşrik və kafir saymalıyıq. Belə çıxır ki, bütün müsəlman dünyası Peyğəmbərə (s) münasibətdə ifrata varmışdır. Əgər qəbir üzərində tikinti aparmaq şirkdirsə və bu tikililər bütdürsə, onda Peyğəmbərin (s) qəbri ilə digər qəbirlər arasında fərq qoymamalıyıq. Əgər günbəz qoymaq şirkdirsə, nə üçün Peyğəmbərin (s) qəbri üzərindəki günbəz vəhhabiləri narahat etmir?
Aişə uzun illər Peyğəmbərin (s) qəbri kənarında yaşayıb, namaz qıldı, Quran oxudu. Elə o vaxtdan da qəbirin üzərində hücrə vardır. Bu hücrə dəfələrlə təmir olunmuş, nəhayət, onun üzərində günbəz tikilmişdir.
Əgər vəhhabilərin dedikləri düz olsaydı, Beytül-müqəddəs ətrafındakı peyğəmbər qəbirləri – həzrət Davud (ə), İbrahim (ə), İshaq (ə), Yəqub (ə), Yusuf (ə) – ın İslamdan əvvəl tikilmiş qəbirləri büt sayılardı. Bu qəbirlər Ömərin xilafəti zamanı İslam fəthində də saxlanılmışdır. Bəs nə üçün Ömər ibn Xəttab bu qəbirlərin dağıdılması üçün göstəriş verməmişdir? Yoxsa İslam fəthi bütpərəstliyi qorumuşdur?
Hicri 11 əsrdə Abbasi xəlifəsi Harun Ərrəşid həzrət Əlinin (ə) qəbri üzərində qübbə tikdirmişdir. Məmun öz atasının qəbri üzərində hücrə tikmiş və imam Riza (ə) da həmin qübbədə dəfn olunmuşdur. Məsum imamların (ə), eləcə də sünnə əhli böyüklərinin qəbirləri üzərində tikilmiş məqbərələr tarixdə özünə yer almışdır. Vəhhabilərin sözlərinə görə, bütün müsəlmanlar İslam Peyğəmbərindən (s) sonra müşrik və bütpərəst olmuş, Allaha ibadət əvəzində bütlərə ibadət etmişlər. Bəli, vəhhabilərin istinad etdiyi rəvayətlərin sənədi (mənbəsi) araşdırılmalıdır. Necə ola bilər ki, Peyğəmbərin (s) səhabələri və xəlifələri dinə zidd hərəkət etmiş olsunlar? İndi vəhhabilərin istinad etdiyi rəvayətlərə zidd rəvayətlər nəql etməklə mühakimə yürütməyi sizin ixtiyarınıza buraxırıq.
Ən mötəbər sünni mənbəsi olan "Səhihe Buxari”də nəql olunur:
"Həzrət Peyğəmbərin (s) qızı vəfat etmişdi. Həzrət (s) onun qəbri kənarında oturub, göz yaşları axıdırdı.”
"Əlinin oğlu Həsənin oğlu Həsən dünyasını dəyişdiyi vaxt onun xanımı qəbir üzərində xeymə qurdu və bu xeymə bir il orada qaldı...”
Yuxarıda nəql olunan iki rəvayətdən məlum olur ki, qəbir kənarında əyləşmək şirk deyil. Eləcə də qadınların qəbir ziyarətinə getməsinin eybi yoxdur. Qəbir üzərində qübbə düzəltmək nə şirkdir, nə də bütpərəstlik. Əgər bu iş şirk olsaydı, xəlifələr və səhabələr etiraz edərdilər.
Allahın övliyalarının qəbri üzərində bina, məscid tikilməsinin kökləri Quranda nəzərə çarpır. Allah-təala "Əshabe-Kəhf” əhvalatı haqqında buyurur: "Əshabe-Kəhf haqqında mübahisədə qalib gələnlər dedilər: Onların məzarı üzərində bir məscid tikəcəyik.” Ayənin təfsirində deyilir: "Bir dəstə "Kəhf səhabələrinin qəbri üzərində bina tikin”, dedi. Möminlər isə "biz onların qəbri üzərində məscid tikəcəyik”, dedilər.” Bu mövzunu uzatmağa ehtiyac görünmür.
Məlum oldu ki, Bəqidəki imamların (ə), Ühüd şəhidlərinin, Əbu-Talib qəbiristanlığındakıların qəbirləri hansı adla xaraba qoyulub.
Məscidül-həram və Məscidün-nəbidə namaz
Möminlər bəzi məsələlərə diqqət yetirsələr, münasib olar. "Urvətil-vüsqa”da deyilir:
"Namazı məsciddə qılmaq müstəhəbdir. Məscidül-həram daha fəzilətlidir. Orada qılınan namaz milyon namaza bərabərdir. Ondan sonra Məscidün-nəbi gəlir. Orada qılınan namaz on min namaza bərabərdir; sonra isə Kufə məscidi gəlir. Orada qılınan namaz isə 1000 namaza bərabərdir;
İmamların hərəmində namaz qılmaq müstəhəbdir. Bu hərəmləri Allah uca və abad istəmişdir ki, orada Allahın adı zikr olunsun. Olsun ki, hərəmlər məsciddən əfzəldir. Nəql olunur ki, həzrət Əlinin (ə) kənarında qılınan namaz iyirmi min namaza bərabərdir...”
İki rəvayətdə İmam Sadiqdən (ə) Fatimənin (s) evində qılınan namaz haqqında soruşulur. Həzrət (ə) buyurur:
"Fatimənin (s) evində qılınan namaz rövzədəki namazdan üstündür.” Rəvayətlərdən məlum olur ki, imam Sadiq (ə) dövründə həzrət Fatimənin (s) evində namaz qılınırmış. Amma həzrət Peyğəmbərin (s) qəbri hasarlandığından orada namaz qılmaq mümkün deyil.
Bir şübhəyə cavab
Rəvayətlərə görə, Əlinin (ə) kənarında qılınan namaz Məscidün-nəbidə qılınan namazdan üstündür. Bu o demək deyil ki, Əlinin (ə) kənarında qılınan namaz Peyğəmbərin (s) kənarında qılınan namazdan üstündür. (Qeyd olundu ki, Məscidün-nəbidə Peyğəmbərin (s) qəbri hasarlandığından o həzrətin (s) kənarında namaz qılmaq mümkünsüzdür). Həzrət Zəhranın (s) evində qılınan namaz məsciddəki namazdan üstün olduğu kimi, Əlinin (ə) kənarında qılınan namaz da Peyğəmbər məscidindəki namazdan fəzilətlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər