İmam Sadiqdən (ə) doqquz nəsihət |
Müəllif: Admin | Bölmə: Slide, Əhli Beyt (ə.s.) | Vaxt: 3-05-2024, 10:42 | Şərh sayı: (0) | Baxılıb: 167
İmam Sadiqdən (ə) doqquz nəsihət
Bir nəfər İmam Cəfər Sadiqdən (ə) xahiş etdi ki, ona nəsihət versin. İmam buyurdu: “Doqquz məsələyə əməl etməyi sənə tövsiyə edirəm. Bunlar yalnız sənin üçün deyil, Allahın yolunda olmağı diləyən hər kəs üçün faydalıdır. Allahdan istəyim budur ki, sənə də bu göstərişlərə əməl etmək qüdrətini versin. Tövsiyələrimdən üçü əxlaqı gözəlləşdirmək və nəfsi tərbiyə etmək barədə, üçü səbr və dözüm haqqında, qalan üçü isə elm və bilik mövzusundadır. Bu məsələlərdə diqqətli ol və bunlara qarşı saymazyanalıq etmə! Əxlaqı gözəlləşdirmək və nəfsi islah etmək barədə olan göstərişlərim bunlardır: Birincisi, ürəyin istəməyən qidanı yeməkdən çəkin; bu, insanda nadanlıq və kütbeyinlik yaradar. İkincisi, acmadığın zaman yeməkdən qətiyyətlə çəkin. Üçüncüsü, həmişə halal qida ye və yeyən zaman Allahın adını çək (“bismillah” de). Peyğəmbərin çox yeməyi məzəmmət edən bu kəlamını heç vaxt unutma: “Insanın doldurduğu heç bir qab onun üçün mədədən daha ziyanlı ola bilməz”. Yediyin zaman mədəni üç hissəyə böl. Bir hissəni yemək üçün, bir hissəni içəcək üçün ayır, bir hissəni isə nəfəs almaq üçün boş saxla. Səbr və dözümlə bağlı üç tövsiyəm bunlardır: Birincisi, kimsə sənə: “Bircə kəlmə söyüş söysən, ondan min qat artığını sənə deyəcəyəm” söyləsə, sən cavabında de: “Əgər sən mənə on dəfə pis söz desən də, bircə kəlmə pis cavab verməyəcəyəm”. İkincisi, kimsə səni söysə ona belə cavab ver: “Əgər mənim haqqımda dediklərin doğrudursa, Allahdan istəyim budur ki, məni bağışlasın və günahımdan keçsin. Əgər dediklərin yalandırsa, Allahdan diləyirəm ki, səni bağışlasın”. Üçüncüsü, hər kim sənə pis söz və söyüş vədəsi versə (yəni səni söyməklə qorxutsa), sən ona nəsihət və hörmət vədəsi ver (yəni onu doğru yola yönəldəcəyini və ona hörmət göstərəcəyini söylə)”. Nəhayət, elm və bilik haqqındakı üç göstərişim bunlardır: Birincisi, bilmədiyni alimlərdən soruş. Amma bunu onlara əziyyət vermək və onları yoxlamaq məqsədi ilə etmə. İkincisi, heç bir işdə yalnız öz fikrinə əsaslanma (başqaları ilə məsləhət et), həmişə ehtiyata riayət et. Üçüncüsü, bilmədiyin məsələ haqqında və ya haqsız yerə fətva verməkdən elə çəkin ki, sanki amansız şirdən qaçırsan. Camaatın xeyrindən və ziyanından ötrü özünü körpü etmə. (Yəni haqsız yerə kiminsə xeyir görüb, kiminsə ziyan çəkməsi üçün vasitə olma)”. Sonra İmam həmin adama buyurdu: “Mən sənə nəsihət edib borcumu verdim. İndi isə get, çünki mənim ibadət vaxtımdır. Mən öz vaxtımı boş keçirmək istəmirəm. Hidayətə tabe olanlara Allahın salamı və bərəkəti olsun”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər