İmam Məhəmməd Baqirin (ə) əxlaqından bir görüntü |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 23-11-2015, 22:18 | Şərh sayı: (0) | Baxılıb: 504
İmam Məhəmməd Baqirin (ə) əxlaqından bir görüntü
Zəhmətkeşlik
Məhəmməd ibn Münkədər deyir: Əli ibn Hüseynin oğlu Məhəmməd ibn Əlini görənə qədər düşünməzdim ki, onun özündən üstün bir canişini olsun. Onunla görüşdə nəsihət vermək istədim. Amma o mənə nəsihət verdi.
Çox isti saatlarda Mədinə ətrafına getmişdim. İmam Baqiri (ə) qan-tər içində işləyən gördüm. Öz-özümə dedim ki, sən Qüreyşin böyük şəxsiyyətinə bax! Günün isti saatlarında dünya dalınca qaçır! And içdim ki, ona nəsihət verəcəyəm. Yaxınlaşıb salam verdim. Tövşüyə-tövşüyə salamımı aldı. İstinin təsirindən üz-gözündən tər axırdı. Ona dedim ki, Allah işini avand etsin, Qüreyşin belə bir böyük insanı günün istisində dünya üçün çalışır? Məgər belə bir məqamda ölüm özünü yetirsə, nə edəcəksən?
İmam buyurdu: "And olsun Allaha, belə bir halda dünyadan getmiş olsam Allaha itaət halında getmişəm. Belə bir gedişlə vücudumu səndən və cammatdan hifz etmiş olaram. Ölümdən o vaxt qorxaram ki, günah halında səni yaxalasın.” Dedim: Allah sənə mərhəmət buyursun! İstədim sənə nəsihət verəm, sən mənə nəsihət verdin!
Böyük infaq
Həsən ibn Kəsir deyir: Yoxsulluqdan imam Baqirə (ə) şikayətləndim. Həzrət buyurdu: "O qardaş pisdir ki, sən ehtiyacsız olduğun vaxt diqqət yetirsin, yoxsulluğa düçar olduğun zaman əlaqəni kəssin!” Sonra qulamına göstəriş verdi ki, içində yeddi yüz dirhəm olan kisəni mənə versin. Buyurdu: "Bu pulları xərclə, qurtaranda mənə xəbər ver.
Xeyirxahlıqdan yorulmayan kəs
İmam Baqirin (ə) yaxınları deyir: İmam bizə icazə vermişdi ki, beş yüzdən altı yüz min dirhəmədək kömək göstərək. Heç vaxt qardaşlara, müraciət edənlərə, ümidlə qapıya gələnlərə əta etməkdən yorulmazdı.
Məsihiyə münasibətdə səbr
Bir məsihi kişi təhqiramiz şəkildə imama dedi: "Sən bəqərsən (bəqərə-inək)!” İmam buyurdu: "Yox, mən Baqirəm.” Məsihi dedi: "Sən aşbaz qadının oğlusan.” İmam buyurdu: "Aşbazlıq onun sənətidir.” Məsihi dedi: "Sən qara və acıdil bir qadının oğlusan!” İmam buyurdu: "Əgər doğru deyirsənsə Allah onu bağışlasın, əgər yalan deyirsənsə Allah səni bağışlasın.” Məsihi şəxs imamın uyğun şəkildə rəftarının təsirindən müsəlman oldu.
Aşiqanə qonaqpərvərlik
İmam Baqirin (ə) kənizi Səlmi deyir: İmamın din qardaşları daim onun yanına gəlirdilər. İmam onlara ən gözəl yeməklər yedirər, ən gözəl libaslar geyindirərdi. Onlara pul hədiyyə edərdi. Mən həzrətə deyirdim ki, bu qədər əliaçıqlıqdan yoxsul olarsan. İmam cavabımda buyurardı: "Dünyanın gözəlliyi din qardaşlarına yardım və xeyirxahlıqdan başqa bir şeydə deyil!”
İmam icazə verərdi ki, din qardaşlarına beş yüz-altı yüz min dirhəm əta olunsun. Heç vaxt din qardaşları ilə qardaşlıqdan yorulmaz və buyurardı: "Din qardaşlarının sənə məhəbbətini onlara münasibətdə qəlbindəki məhəbbətlə dəyərləndir. Heç vaxt evinin içində deməzdi ki, "ey sail al bunu.”Daim buyurardı: "Onları ən gözəl adlarla çağırın.”
Zövcənin haqqı
Həsən ibn Zəyyat Bəsri deyir: Mən dostumla birlikdə imam Baqirin (ə) görüşünə getdim. Həzrət yerinə xalça döşənmiş otaqda əyləşmişdi. O saqqalını səliqəyə salırdı. Bir neçə sual verdik. Ayağa qalxanda mənə buyurdu: "Ey Həsən! Sabah dostunla birlikdə yanıma gəlin.” Dedim: "Gələrik, sənə fəda olum!” Səhəri gün dostumla birlikdə həzrətin görüşünə getdik. Otaqda həsirdən başqa bir şey yox idi. İmamın əynində kobud ilməli bir köynək vardı. O dostuma üz tutub buyurdu: "Ey Bəsrinin qardaşı! Dünən gələndə mən zövcəmin otağında idim. Dünən növbə və otaq onun idi. Otaqdakı əşyalar da ona məxsus idi. O özünü mənim üçün bəzədiyindən mən də özümü onun üçün bəzəməli olmuşdum. Mənə münasibətdə qəlbindən pis bir şey keçməsin.” Dostum dedi: "Sənə fəda olum, and olsun Allaha, qəlbimdən nəsə keçirdi. Amma indi Allah fikrimi dəyişdi, anladım ki, dediklərin həqiqətdir.”
Cəm halda dua
İmam Sadiq (ə) buyurur: "Hansısa hadisə atamı pərişan edəndə ailə-uşağı bir yerə toplayar və duaya başlayardı. Onlar da amin söyləyərdilər.”
Allah qarşısında təslimçilik
Bir dəstə müsəlman imam Baqirin (ə) görüşünə gəldi. Evdəki körpə xəstələndiyindən həzrət narahat görünürdü. Gələnlər düşündülər ki, əgər bir hadisə baş versə, imamı arzulamadıqları bir vəziyyətdə görəcəklər. Çox çəkmədi ki, evdən ah-nalə eşidildi. Sonra imam eyni açılmış halda dostlarının görüşünə çıxdı. Dedilər: "Allah bizi sənə fəda etsin, halını görüb qorxduq ki, bir hadisə baş versə, bizi qəmləndirəcək bir vəziyyətə düşəcəksən!” Həzrət buyurdu: "Biz sevdiyimiz kəsi sağlam görmək arzusundayıq. Əgər Allahın əmri başqasa, onun istəyinə təslimik.”
Bir qamçı müqabilində azadlıq
İmam Sadiq (ə) buyurur: Atam ömrünün son anlarında pis qulamları azad edib, yaxşı qulamları saxladı. Ona dedim: "Ey ata! Pisləri azad edib yaxşıları saxlayırsan?” Buyurdu: "Azad etdiklərim bir müddət mənimyanımda olmuşdular və qamçı görmüşdülər. Həmin qamçı müqabilində onları azad etdim.
Gecə minacatı
İshaq ibn Əmmar deyir: İmam Sadiq (ə) mənə buyurdu: "Atamın yatağını hazırlayıb yolunu gözlədim. O gəlib yatağa uzandıqdan və yuxuya getdikdən sonra öz yatağıma uzandım. Gecə onu yerində görməyib ardınca məscidə getdim. Həmin vaxt hamı yuxuda idi. Onu məsciddə səcdə halında gördüm. O nalə çəkib deyirdi: "Pərvərdigara! Sən hər bir eyb və nöqsandan paksan. Həqiqətən sən mənim Rəbbimsən. Pərvərdigara, bir bəndə olaraq sənə səcdə qılıram. Pərvərdigara, əməlim azdır, onu iki qat artır. Pərvərdigara, məni bəndələrini ayağa qaldıracağın gün əzabından qoru. Çünki sən tövbələri qəbul edən və mehribansan.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər