Ay it, çəkil yoldan |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 27-03-2016, 05:08 | Şərh sayı: (0) | Baxılıb: 1943
Ay it, çəkil yoldan
Orta məktəbi ortabab oxuyanlar bilir ki, səkkizinci sinif biologiya dərsliyində təbiətdə canlılar arasında "qida zənciri" deyilən bir əlaqə mövcuddur. Bu zəncirə insan da aiddir, həm də lap üst eşalonda. Belə deyək, piramidanın lap təpəsində. Qida zəncirinın mahiyyəti belədir ki, böyüklər sağ qalmaqçün, yaşamaqçün, lap elə kefindən tutub balacaları yeyirlər. Təkcə yemirlər, onların başına istədikləri oyunu gətirirlər. Belə bir mübarizə eyni növün fərdləri arasında daha şiddətli olur. Sürü psixologiyasına sahib olan bizim cəmiyyətdə də eyni qanunlar hökm sürür.
Nümunəyə baxaq: Əli, Vəli və Pirvəli vardır. Üçü də insandır. Üçü də, məsələn,dediklərinə görə ədəbiyyatla məşğuldurlar. Əli - ütülü köynəyə, qalstuka, idarə kreslosuna malikdir və özünün olmayan maddi vəsaitlə hər yerdə tirajlanır. Vəli - köynəyini tez-tez dəyişir, qalstuku olsa da, ancaq Əli ilə görüşəndə istifadə etməyə ehtiyac duyur, kreslosunu öz maaşı ilə alıb, kitabını öz maaşı ilə çap etdirib. Pirvəli - təkcə maykası var, nənəsinin altmış il əvvəl cehiz gətirdiyi stulda oturub işləyir, əsərlərini qonorarsız çap edirlər.
Günlərin bir günü Pirvəli, Vəlinin yazısını oxuyub münasibət bildirir, üstəlik dili dinc dayanmadığına görə bir balaca da tənqid edir. Vəli bunu eşidən kimi cin atına minir, əliçatan bütün saytlarda Pirvəlini təhqir etməyə başlayır; onu tapıb döyəcəyini deyir. Bu dəm necə olursa, Vəlinin Əliyə hədiyyə göndərdiyi kitab haqqında Əli sosial şəbəkədə bir neçə cümləlik kəskin tənqidi fikirlər yazıb zəif əsər olduğunu deyir. Vəli, Pirvəlini yaddan çıxardır; Əlinin fikirlərindən sonra qürrələnir, yazdıqlarını ciddiyə almağa başlayır, hətta Əliyə xıtılanmaqçün bu biabırçı tənqidi öz xeyrinə istifadə də edir və ona belə bir mesaj yazır: "Əziz, dəyərli və sevimli Əli müəllim! Son tənqidinizdən sonra yazdığım romanların dördünü cırıb tulladım. İkisini isə təzədən yazmaq qərarına gəldim. Mən və mənim kimi Vəlilər Sizlərdən ilham alıb yazırırq. Sizin hər bir tənqidiniz mən və mənim kimi Vəlilərçün hava-su kimi vacibdir, Ustad!"
Söhbətimi burda kəsməyə ehtiyac duyuram. Nədən danışdığımı anladığınızı, oxuyarkən məşhur "eşşək-insan-palan" triosunu gözlərinizin qarşısında canlandırdığınızı, kimin döyüldüyünə şəxsən şahid olduğunuzu düşünürəm.
Bir hekayət də yadıma düşdü. Yəqin eşitmisiniz.
Deməli, bir gün avam, fağır, əfəl kəndlinin biri padşah gedəndən sonra camaatın qabağına çıxıb bəyan edib hər kəsi inandırmağa çalışır ki, bəs padşah şəxsən onunla gap elədi. Heç kəsin inanmağı gəlmir. Axırda kəndin ağsaqqalı bu adamdan soruşur ki:
- A bala, padşah sənnən nə söhbət elədi?
Kəndli də qayıdıb sevincək cavab verir:
- Padşahın atının yolunda dayanmışdım. Mənə dedi ki, "ay it, çəkil yoldan!"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər