Aləmin Siniflərinin İdrakına Dair |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 20-01-2016, 17:04 | Şərh sayı: (0) | Baxılıb: 295
Aləmin Siniflərinin İdrakına Dair
Dünya əhli iki qismə bölünür. Birincisi o kəslərdir ki, onlar vəhy və ilham vasitəsilə bilik qazanmış və ya əşyaların həqiqətlərinin idrakı üçün əqllərini işlətmiş, vaxtlarını sərf edərək əql və intiusiya (fəhm) ilə həmin həqiqətlər içərisindən daimi, əbədi, yaradıcı bir varlığın olduğunu sübuta yetirmiş, ibadətlə məşğul olmuş və öz prinsiplərinin tələblərinə müvafiq qaydalar düzəltmişlər. Bunlar düşünən, öyrədən mühəqqilərdir (araşdırıcılardır).
O biri (dəstə) isə səy göstərərək, ömürlərini təqlidçiliklə keçirmiş, əqidələr və ibadətlərdə həmin şəxsləri (mühəqqiqləri) nümunə etmiş və öz işlərini eşirdiklərinə uyğun qurmuş müqəllidlərdir (təqlid edənlərdir).
Bunların içərisində əzəli (ilahi) qayğı sayəsində bilik qazananlar – peyğəmbərlər və onların ardıcıllarıdır ki, mələklər insani görkəmdə onlara səcdə etmiş və səadət qurşaqları (halqaları başları) üzərində dolanmışdır.
Yolu azanlara gəldikdə isə, onların əsl aqibətinin necə olacağını Allah daha yaxşı bilir.
Başqa bir yolla (insanlar) iki qismə bölünürlər. Birincisi belə deyir: “İşlərin (gedişində) bizim əsla heç bir ixtiyarımız yoxdur və bu, aşkar bir məsələdir. Çünki lap başlanğıcdan indiyə kimi bizim varlığımızın maddəsi, - heç bir ixtiyarımız və iradəmiz olmadan, - müxtəlif şəkillər və tez-tez dəyişən hallar almışdır. İndi də belədir. Bizim nə bir ixtiyarımız, nə də hərəkətləri idarə qüdrətimiz vardır”. Onlar beləliklə də, özlərini qəzavü-qədərin ixtiyarına vermişlər. Bunlar təslimçilərdir.
Digər (qisim) isə söyləmişdir: “İşlərin gedişində bizim ixtiyarımız və iradəmiz vardır. Əgər belə olmasaydı, onda mükafat və cəzaya, kasıblıq və varlılığa layıq olmazdıq”. Bunlar səbəb əhlindirlər (determenisitlərdir). İnsanların çoxu bu cürdür və düzü də budur.
Başqa bir yolla (insanları) dörd qismə bölərək iddia edirlər ki, Allah ruhları bədənlərdən əvvəl xəlq edərək onlara demişdir: “Məgər Mən sizin Rəbbiniz deyiləm?” Bəziləri: “Bəli!”, bəziləri isə “Xeyr!” – demişlər. Sonra O, bu sözü bir daha təkrar etmişdir. Bu dəfə əvvəl təsdiq edənlərin bəzisi inkar etmiş, əvvəl inkar edənlərin bir hissəsi isə təsdiqləmişdir. Sonra isə ayrılaraq yavaş-yavaş bədənlər aləminə tərəf üz tutmuşlar.
Əvvəl də, sonra da “Xeyr!” – deyən kafirdir, iman gətirməyibdir. Bunun əksi də əksinə olar. Əvvə təsdiq edib sonra inkar edən, kafirləşən mömindir. Bunun əksi də əksinə olar. Həmin gün “Əhd günü” adlandırılmışdır. Kabuslar arasındakı ülfət və ayrılıq həmin gündəki qovuşdurma və ayrılmanın nəticəsidir.
Bu sözlər: “Ruhlar səfərbər edilmiş dəstələrdir. Onlardan bir-birinə aşına olanlar qovuşar, zidd olanlar isə ayrılar”, - hədisinə uyğun gəlir.
Digər bir yolla isə (aləm) öz məzmununa görə beş hissəyə bölünür. Belə ki, aləm ümumi quruluşuna görə bir, zahirinə və daxilinə görə ikidir.
Zahiri aləm hiss ilə qarvanılan aləm, surət aləmi, şəhadət (görünən) aləmi, fəaliyyət aləmi, cismani aləm, birləşmə (tərkib) aləmi, aşkarlıq aləmi və xəlqetmə (yaranmışlar) aləmi adlanır.
Əql ilə dərk olunan hiss ilə qavranılanla mövcuddur. Hiss ilə qavranılanlar isə bir-birinə bağlıdır. Elə adamlar var ki, onlar ikisinin də bir həqiqət olmasını əsla qəbul etmirlər, bunlar – sofistlərdir.
Bəziləri hiss ilə qavranılanı qəbul edir, əql ilə dərk olunanı isə qəbul etmirlər. Bunlar − təbiətçilərdir (metafiziklər).
Bəziləri ikisini qəbul edir, lakin nə bir (dini) qayda, nə də hökm tanıyırlar, bunlar – dəhri filosoflardır.
Bəzisi hər ikisini qəbul edir, lakin şəriət və İslamı qəbul etmirlər, bunlar – Sabiilərdir. Bəzisi hər ikisini – dini qanunları və (Allaha) itaəti qəbul edir, lakin Peyğəmbərimizin (s) şəriətini qəbul etmirlər, bunlar – yəhudi və xristianlardır.
Bəzisi isə hamısını qəbul edir ki, bunlar da müsəlmanlardır.
Tənasüx tərəfdarları deyirlər ki, aləm təbii olaraq, dairəvi şəkildə hərəkət edir. Üst varlıqlar alt varlıqlara təsir göstərə-göstərə dövr edirlər. Əhatə olunmuş ruhlar müxtəlif bədənlərdə dövr edirlər. Hər anda bir dövetmə keçir və yeni dövetmə baş verir. Bu dövrlər sonsuz bir şəkildə bir-birinin ardıncadır.
Onların sözlərinin canı budur: Dəyişən dövrlərdəki müxtəlif cisim və bədənlər nəfsin kamillik yolundakı xoşbəxtlik və bədbəxtlik dərəcələridir.
(Ruh) xoşbəxt bir bədəndən özünkündən daha layiqlisinə keçir və bu keçidə də tənasüx (ruhun yerdəyişməsi) deyilir.
Əslində bu təlim əsassızdır. Çünki onların dediyinə görə, dövetmələr kamilliyə nail olmaq məqamının dərəcələridir. Kamilliyin hasil olması isə imkan daxilindədir və bu imkan, əlbəttə, dövetmələrin sonsuz olmayacağını nəzərdə tutur.
Bütpərəstlər söyləmişlər ki, mücərrəd səma varlıqları – ruhlar; ulduzlar isə - onların cisimləri olub, Tanrı yanında bizim vasitəçilərimizdir. Onlardan (ruhlardan) hər biri üçün bir surət təsvir edərək, ona (ruha) mənsub ediblər. Mineral şeylərdən həmin surətə müvafiq formalar yaradaraq, ona ibadət etmişlər. Onlar öz təlimlərini Hermesə ediblər ki, bu da idris əleyhissəlamdır. Onlar bütləri ilahilər, yaradanı isə ilahilər ilahisi adlandırıblar.
Atəşpərəstlər, yəni məcusilər söyləmişlər ki, od ilk başlanğıcdır.
Bəzi mühəqqiqlər ilk ünsür ifadəsini Lahut (İlahi) aləmdən törəmiş Cəbərut (Qüdrət, Əzəmət) aləminə vermiş və söyləmişlər ki, ruhlar onların ikisində də eynidir. (Ruhlar) onların ikisindən Müfrədat (Təklər) aləmi olan Mələkut (səmavi səltənət) aləminə enir, sonra isə oradan Mürəkkəblər aləmi olan Mülk aləminə enirlər. Həmin aləmdə isə üç məqam – qeyri-üzmi, bitki və heyvan məqamları vardır. (Ruhlar) orada ardıcıl bir şəkildə dövr edərək, inasi aləm olan Nasut (İnsanlar) gəlib çatırlar.
Bu, onların (ruhların) başlanğıcdan enmələridir. Kamilliyə çatdıqdan sonra, onların bir-bir saydığımız aləmlərlə əlaqəsi kəsilərsə, (yenidən) başlanğıc ilə bağlanarlar, bu da onların yüksəlməsidir.
Gizli və aşkar varlıqların olduğuna inananlar söyləmişlər ki, mümkün varlıqlar birdəfəyə xəlq olunub və biri o birisinin içərisində gizlənibdir. Aksidensiyalar mürəkkəb varlıqlarda, mürəkkəb varlıqlar bəsit varlıqlarda, bəsitlər mücərrəd varlıqlarda və mücərrəd varlıqlar isə ilk ünsürdə mövcud olurlar, (məsələn) insan nütfədə (spermada), xurma ağacı çərdəkdə olduğu kimi. (Varlıqlar) get-gedə aşkara çıxır və onların ümumi şəkildən sonra müfəssəl şəkli hasil olur.
Məhəmməd Füzuli
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər