Gündə min yol söylər olsam, az belə... |
Müəllif: Admin | Bölmə: Slide, Dualar | Vaxt: 21-12-2015, 01:03 | Şərh sayı: (0) | Baxılıb: 708
Gündə min yol söylər olsam, az belə...
Şükür - imanın meyvəsidir.
Şükür - Allahı tanımağın və təslimiyyətin ifadəsidir.
Şükür - sığındığın yeri tanımaq və tanıtmaqdır.
Şükür - bərəkət qapılarının açarıdır.
Şükür - insan olduğunun təsdiqidir.
Allaha şükür etməyin ən qısa və səmimi ifadəsi "Əlhəmdulillah", yəni "ey məni yaradan, yaşadan və hər cür nemətlər verən Allahım, Sənə Sənin layiq olduğun qədər həmd olsun!" deməkdir, insana təşəkkürün ən yüksək məqamı isə "Allah səndən razı olsun!" deyə dua etməkdir. Çünki bəndənin bu dünyada ən böyük qazancı Allah-Təalanın rizasına qovuşmaqdır. Amma istəsəniz, "təşəkkür edirəm" də deyə bilərsiniz, çünki bu mənanı anlayan adam hər iki sözdən eyni anlamı çıxaracaq, arı qonduğu bütün çiçəklərdən bal çəkdiyi kimi.
***
Həmdlə şükür arasında müəyyən qədər fərq var. Həmd daha geniş, şükür isə xüsusi anlayışdır. Hər şükür eyni zamanda həmddir, həmd isə şükür deyil. Qurani-Kərimin mündərəcatı, özəti sayilən Fatihə surəsi "Aləmlərin Rəbbinə həmd olsun!" ayəsi ilə başlar. Yəni həmd - yaratdığı, verdiyi hər şeyə, hər nemətə görə Allah-Təalaya öz məmnunluğunu, təslimiyyətini ifadə etməkdir. Həmdin əhatə dairəsi sonsuzluğa qədərdir, daha doğrusu, əhatəsi yoxdur. Şükürdə isə Allah-Təalanın verdiyi konkret hansısa nemətə qarşılıq olaraq məmnunluq, itaət, razılıq ifadə olunur.
***
Allaha şükür etmək hər kəsin insanlıq borcudur. Həm də insan dili və qəlbi ilə şükür etməyi özünə vəzifə etməlidir. Allaha şükür etməklə bəndəyə təşəkkür etmək arasında bir əlaqə var. İnsanı bütün mahiyyəti, duyğu və düşüncəsi, istəyi ilə yaxşı tanıyan Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.) belə buyurmuşdur: "İnsanlara təşəkkür etməyi bilməyən Allaha da şükür etməyi bilməz".
Bəli, Allaha şükür etmək insan üçün çox gərəkli, çox önəmli ibadətdir. Çünki bizi O yoxdan var edib; bizə həyat verib; bütün digər yaratdıqlarından daha üstün imkanlar bəxş edib. Ağac da canlıdır, ancaq o bir yerdən hərəkət edib, başqa yerə gedə bilməz. Heyvan da canlıdır, ancaq bizə verilmiş ağıl kimi bir nemətdən məhrumdur. Müsəlman olduğumuz, sağlam, rahat yaşadığımız üçün də nə qədər şükür etsək, yenə azdır.
***
İnsana təşəkkür edərkən əsl təşəkkür edilməli olanı unutmamalıyıq. Yəni bu həyat səhnəsini quran, problemlərimizi insanların əli ilə həll edən əslində Allah-Təalanın özüdür. İnsanlar, sadəcə, bu səhnədə rol alır, öz vəzifələrini yerinə yetirirlər. Üstəlik, təşəkkür etməli o qədər sərvətlərimiz var ki... saymaqla qurtarmaz: Acanda doyunca yeyə bilmək özü də bir nemətdir; ürəyin istəyəndə durub gəzmək özü də nemətdir; qaçmaq, oynamaq, ürəkdən gülə bilmək, hər səhər əl-qolunu yelləyə-yelləyə işə gedə bilmək.., hamısı nemətdir, hamısı sərvətdir. Amma bu qədər nemətin, bu qədər sərvətin fərqinə vara bilmirsənsə, onda sən sərvətin, nemətin və nəhayət, səadətin nə olduğunu anlamırsan. Anlayanlar bilirlər ki, anlamağın özü də bir nemətdir, həm də çox böyük nemət.
***
İnsana təşəkkür mənası daşıyan bir xeyli deyimlərimiz var. Bəzən bir "sağ ol!", bəzən "çox sağ ol!", "Allah köməyin olsun!" deyərək qarşı tərəfə öz təşəkkürümüzü, səmimiyyətimizi bildiririk. Amma bütün bunlarla yanaşı, başqa bir ifadə də var ki, həm də ən şirin, ən səmimi dua yerinə keçər: "Allah səndən razı olsun!" İnsanın ən böyük qazancı elə Allah-Təalanın rizası, yəni rəğbəti, razılığıdır. Sən də qarşı tərəfə məhz o şərəfi, o səadəti arzulayırsan, həm də dua şəklində. Bizə görə, insana təşəkkürün ən uca məqamı bu deyimlə ifadə olunur. Çünki Allah bir kəsdən razı olarsa, o adam artıq hər şeyi qazanmış olur. Yerdə qalan hər şey onun üçün çox bəsit, çox kiçik gəlir.
***
Bəzən bir təbəssüm də təşəkkür ifadə edə bilir. Bir xoş baxışda, səmimi bir mimikada da təşəkkür çalarları tapmaq mümkündür.
Təşəkkürü candərdi, başdansovdu ifadə etmək elə təşəkkürün özünü urvatdan salır. Dilin təşəkkür edir, üz-gözündən zəhər-zəhrimar yağırsa, daha bunun harası təşəkkür oldu?
Ən kiçik, ən adi yaxşılığa belə təşəkkürlə cavab vermək həm o işin bərəkətini artırır, həm də o insanı hər zaman yaxşı olmağa sövq edir. Unutmaq olmaz ki, bir insana Allah-Təalanın verdiyi nemətlərin getdikcə artması həm də o insanın əlində-ovcunda olan nemətlərə şükür etməsinə bağlıdır. Bu barədə Qurani- Kərimdə belə buyurulmaqdadır: "Əgər şükür etsəniz, Mən nemətlərimi daha da artıraram" (İbrahim surəsi-7). Allah-Təala sükür edənə nemətlərini artırdığı üçün gərək insanlar da səmimi təşəkkür edənlərə qarşı rəğbətini, mərhəmətini çoxaldalar. Verilmiş nemətin qədrini bilməyənə nankor deyirlər.
***
Həzrət Musa Allah-Təala ilə görüşmək üçün Tur dağına gedərkən yolda bir adama rast gəlir. Tanış olurlar və həmin şəxs Həzrət Musanın bu səfərinin niyyətini öyrənincə deyir: "Allah-Təalaya mənim adımdan yalvararsan ki, mal-dövlətimi azaltsın, çünki mən bu mal-dövlətin ibadətimə əngəl olacağından qorxuram". Həzrət Musa həmin adama söz verir və yoluna davam edir. Bir səhradan keçəndə görür ki, birisi özünü boğaza qədər quma basdırıb. Yaxınlaşıb salam verir, tanış olurlar və Həzrət Musa onun niyə belə elədiyini soruşur. Həmin şəxs də deyir ki, mən o qədər kasıbam ki, geyməyə libasım da yoxdur. Ona görə özümü burada quma basdırmışam. Sonra da həmin şəxs Həzrəti Musadan xahiş edir ki, Allah-Təala ilə görüşəndə onun bu halını xatırlatsın və uca Yaradandan onun üçün var-dövlət istəsin. Peyğəmbər onun da istəyini Allah-Təalaya çatdıracağına söz verir və yoluna davam edir.
Allah-Təala ilə görüşdə Həzrət Musa hər iki şəxsin xahişini uca Yaradana çatdırır. Allah-Təala buyurur ki, o birinci adamın var-dövlətini azaltmayacam. Çünki o, şükür edənlərdəndir. İkinci şəxsə gəldikdə, ona çatdırarsan ki, şükür eləsin.
Həzrət Musa Allah-Təalanın bu buyruğunu zəngin adama çatdırır. O da Allah-Təalanın onu bu cür tanımasından məmnun olur və o andan etibarən daha çox şükür və ibadət etməyə qərar verir.
Həzrət Musa özünü quma basdırmış adamın yanına gəlir və Allah-Təalanın ona şükür etməyi buyurduğunu söyləyir. O adam da əllərini qumun altından çıxarıb belə deyir: "Hansı günümə şükür eləyim?" Elə bu vaxt güclü bir külək əsir və qumun hamısını sovurub aparır.
Həzrət Musa lüt-üryan qalmış adama deyir: "Gördünmü, o qum üçün də şükür etmək lazımdır".
***
İnsanın vəzifəsi Peyğəmbərimizin də bir hədisi-şərifində buyurduğu kimi, müsibət baxımından özündən daha pis vəziyyətdə olana baxmaq və şükür etməkdir. Rahatlıq və zənginlik baxımından da şükür edə bilmək üçün özündən daha çətin vəziyyətdə yaşayanlara baxıb sahib olduğu nemətlərin dəyərini bilməlidir. İnsan nemətin qədrini bildikcə Allah da onun bərəkətini artırar.
Peyğəmbərimiz Həzrət-Məhəmməd (s.ə.s.) buyurmuşdur:
"Sağlıq, zənginlik və məqam kimi nemətlər nöqtəsində sizdən daha yaxşı vəziyyətdə olanlara deyil, daha geridə və aşağıda olanlara baxın ki, Allahın sizə vermiş olduğu nemətləri kiçik və bəsit görməyəsiniz."
***
Naşükürlük mənəvi xəstəlikdir, çünki naşükürlük paxıllığın, xəbisliyin anasıdır, Allah-Təalanın verdiklərinə etirazın ən bariz görüntüsüdür. Şükürlü olmaq isə mənəvi rahatlıqdır, Allah-Təalanın verdiyinə qarşı məmnunluğunu ifadə etməkdir.
Şükrün çöhrədəki ifadəsi təbəssümdür, xoş ifadələrdir, qarşı tərəfə şəfqət dolu baxışdır, "mən sizi sevgiyə, dostluğa, səmimiyyətə, əmin-amanlığa dəvət edirəm" deməkdir.
Şükür etmək zənginlikdir, naşükürlük - doyumsuz aclıqdır. Şükür etmək ətrafına pozitiv enerji paylamaq, rast gəldiyi insana, ağaca, suya, ota nəsə xoş bir şey bağışlamaqdır, dünyadan aldığın mənfi yükləri müsbət enerjiyə çevirib dünyaya qaytarmaqdır, naşükürlük isə hər şeyi ağırlaşdırmaqdır, acgözlükdür, fəlakətlərin, özünəzülmün qapısıdır...
Sükürlü olmaq gül əkmək, naşükürlük tikan əkməkdir. Şükür elə bir xoşbəxtlik, elə gözəl atmosferdir ki, gündə min dəfə söyləsən, könül doymaz. Şükür - könlün ruzisi, xoşbəxtliyin qapısıdır.
Çöhrənizdən təbəssüm, könlünüzdən şükür duyğusu, dilinizdən təşəkkür əskik olmasın! Hər zaman gül əkənlərdən olun!
"Zaman Azərbaycan"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər