Namaz qılmaq insanın nicatıdır |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 6-05-2016, 21:33 | Şərh sayı: (0) | Baxılıb: 342
Namaz qılmaq insanın nicatıdır
İnsan özünü nafsani istəklərdən qoruyub, Allaha pərəstiş etməklə öz şəxsiyyətinə önəm verir. Maddi maraqlarının quluna çevrilməyən mömin insan azad yaşayır, sağlam düşünür və həmişə böyük ruh yüksəkliyi ilə həyatını davam edir. Onun belə yaşamasına səbəb ən uca bir qüdrətə - Allaha bağlı və kiçik, puç ünsürlərdən asılı olmamasıdır. Allah-taala bu gözəl əxlaq sahiblərini Qurani-kərimdə yad edərək onları nicat tapmışlar adlanıdırır.
"(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!”("Əla”, 14-15.)
Başqa bir surədə Allahın digər fərzləri ilə yanaşı namaz qılanların uca şəxsiyyətli olmasına işarə edilir.
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَالَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ
"Həqiqətən, mö’minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)
O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)”("Muminin”, 1-2.).
Namaz yanılış əqidələrin qarşısını alır
Bu günkü dünyamızda yeni-yeni müxtəlif şübhələr möminlərin ətrafını mühasirə etməkdədir. Bir tərəfdən, müxtəlif missioner təşkilatlarının geniş miqyasda fəaliyyətləri, digər baxımdan, din daxili məzhəb münaqişələri və hər bir firqənin özünəməxsus təbliğat üslubu insanları çaş-baş salmaya bilmir. Bu idiologiya müharibəsindən amanda qalmaq üçün dini kifayət qədər öyrənilməli, dünyagörüşü formalaşmalıdır.
Bütün bunlardan əlavə, Allahın əmrlərinə itaət edib, qadağalarına meyl etməyən təqvalı insanlara haqla batili ayırd edə bilən bir qüdrət bəxş edilir. Qurani-kərimdə Allaha iman gətirən şəxslərə buyurur:
يِا أَيُّهَا الَّذِينَ آمَنُواْ إَن تَتَّقُواْ اللّهَ يَجْعَل لَّكُمْ فُرْقَاناً وَيُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
"Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir”("Ənfal”, 29.).
Həmçinin, Allaha təvəssül edib, namaz qılmaq bu faciələrdən amanda qalmaq üçün ən yaxşı hidayət vasitəsidir. Həzrət Şüeyb (ə) öz qövmünü yanlış inanclardan uzaqlaşdırdıqda onlar o həzrətə onu bu işə vadar edən şeyin namaz olduğunu deyirdilər:
قَالُواْ يَا شُعَيْبُ أَصَلاَتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ آبَاؤُنَا أَوْ أَن نَّفْعَلَ فِي أَمْوَالِنَا مَا نَشَاءُ إِنَّكَ لَأَنتَ الْحَلِيمُ الرَّشِيدُ
"Onlar (istehza ilə) dedilər: "Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!"("Hud”, 87.)
Namaz ilahi nemətlərin nazil olma səbəbidir
Bütün xeyir işlər Allahın nemətlərinin nazil olmasına səbəb olur. Bu, istər insanın özünü islah etməyə çalışıb, nəfsini saflaşdırmağa səyi, istərsə də özü ilə yanaşı digərlərinin də xeyrinə çalışaraq bacardığı qədər yardımçı olması ilə həyata keçə bilər.
Qurani-kərimdə Allahın rəhmətinin nazil olma səbəblərindən biri də namaz qılmaqdır. "Nur” surəsinin 56-cı ayəsində bu haqda oxuyuruq:
وَأَقِيمُوا الصَّلوةَ وَآتُوا الزَّكَوةَ وَأَطِيعُوا الرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ
"Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!”("Nur”, 56.)
Allahı xatırlamaq, bütün işləri Onun göstərişinə uyğun şəkildə tənzimləmək ən böyük mənfəətdir. Çünki, Allahı yada salan şəxsi Allah da yada salır. Şübhəsiz, Allahın diqqət mərkəzində olan şəxsin dünya və axirətdə heç bir nigaranlığı olmayacaqdır. Allah buyurur:
فَاذْكُرُونِي أَذْكُرْكُمْ
"Məni xatırlayın ki, mən də sizi xatırlayım”("Bəqərə”, 152.).
Başqa bir ayədə isə Allaha tabe olub, namaz qılanların, öz mallarından ehsan edən şəxslərin zərərsiz ticarət etdikləri bəyan edilir:
إِنَّ الَّذِينَ يَتْلُونَ كِتَابَ اللَّهِ وَأَقَامُوا الصَّلوةَ وَأَنفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً يَرْجُونَ تِجَارَةً لَّن تَبُورَ
"Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar…”("Fatir”, 29.).
Belə olan halda, ömür sərmayəsini Allahla ticarət etməkdə sərf edərək dünya və axirət səadətini əldə edək.
Namaz fərdi və cəmiyyəti islah edir
Ümumiyyətlə, Allahın əmrlərini yerinə yetirib, haram edilən əməllərdən uzaqlaşmaq yer üzündə ən mütərəqqi dövlətin yaranmasına səbəb olar. İslam dinində əmr xarakteri daşıyan şeylər insanları elmə, ədalətə, bərabərliyə, mübarizəyə, çalışmağa, səadətə və s. dəvət etdiyi halda qadağalar isə onları azğınlıqdan, zəlalətdən uzaqlaşdırır.
Dinin vacib əməllərindən biri olan namaz da bu keyfiyyətə malikdir. Qurani-kərimdə Allah bu məsələni belə xatırladır:
وَالَّذِينَ يُمَسِّكُونَ بِالْكِتَابِ وَأَقَامُواْ الصّلوةَ إِنَّا لاَ نُضِيعُ أَجْرَ الْمُصْلِحِينَ
"Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!”("Əraf”, 170. )
Ötən mövzularda qeyd edildiyi kimi, dini inanc insanı bütün çirkinliklərdən, nəfsani istəklərin ifrat halı alması təhlükəsindən xilas edir. Dinin qaydalarına əməl edən şəxs formalaşmış bir fərd olduğu üçün özünə hörmətlə yanaşdığı kimi, başqaları ilə də hörmətlə davranır və özünü rəzil əxlaqi keyfiyyətlərdən islah etdiyi kimi başqalarını da bu keyfiyyətdə görməyə çalışır. Cəmiyyəti təşkil edən fərdlər olduğu üçün onların islahı böyük bir kütlənin islah olunması ilə nəticələnir.
Sonda Allahdan diləyirik ki, bütün möminləri əsl bəndə olmaqda müvəffəq edib, dünya və axirət səadətini onlara nəsib etsin! Amin!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər