Nicat tapmaq istəyiriksə, “probkaya” düşməməliyik |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-01-2017, 09:30 | Şərh sayı: (0) | Baxılıb: 265
Nicat tapmaq istəyiriksə, “probkaya” düşməməliyik
“Yolda “probkaya” düşdüm, gecikdim”, “yatıb qalmışam, gecikdim”, “bir qardaşla görüşdüm, yaman yubandırdı məni, gecikdim”... Bu və buna bənzər etirafları, bəhanələri kim eşitməyib ki?
Belə gecikmələr cəmiyyətimizdə, gündəlik həyatda adi hala çevrilsə də, bu mənzərəni dini cameədə müşahidə etmək daha ağrılı və üzücüdür. Həyatını Allahın halal və haramları ilə tənzimləyən insana bu cür davranışlara yol vermək qəbulolunmazdır. Hətta iş o yerə çatıb ki, inanclıların təşkilatçısı olduqları tədbirlərə dəvət edilənlər 15-20 dəqiqə yubanma ilə təşrif buyururlar: zatən, bilirlər – onsuz da vəd edilən zaman başlamayacaqlar. Nə qədər də acınacaqlıdır...
Bəs nə üçün belə bir vəziyyət yaranıb? Əlbəttə ki, qəti və birmənalı cavab vermək çətindir. Ancaq zənnimizcə səbəblərdən biri də xroniki gecikmələrin haqqun-nas olduğunu dərk etməmək, verilən vədi pozmaq olduğunu anlamamaqdır. Bəlkə kimsə “vədi pozmaq” söz birləşməsinin dünya miqyaslı siyasi məsələlərə, milyard dollarla ölçülən iqtisadi sazişlərə aid olduğunu zənn edir? Amma həqiqət belə deyil. Allah dərgahında bəndənin vədi elə vəddir. Nə fərqi var bu vəd hansı sahəni, hansı dəyəri ehtiva edir? Yəni bu sadə məsələni dərk etmirik? Başa düşmürük nə boyda yük qoyuruq çiyinlərimizə?
Allahın Peyğəmbəri (s) buyurub: “Vəd borcdur. Vay olsun vəd verib ona xilaf çıxana, vay olsun vəd verib ona xilaf çıxana, vay olsun vəd verib ona xilaf çıxana!” (“Kənzul-Ummal”, hədis 6865). Bəli, hər təyin etdiyimiz görüş, istər konfrans zalı olsun, istər çayxana olsun, istərsə də məscid – vəddir, borcdur. Vədə xilaf çıxmağın nə kimi fəlakət olduğunu isə Peyğəməbərdən (s) nəql olunan hədisdən təsəvvür edə bilərik.
Allah Quranda möminləri vəsf edərkən verilən vədə sadiqıiyi əsas şərtlərdən biri kimi səciyyələndirir: “O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.” (Muminun, 8). Düzdür, bəzən inanclılar təvazökarlıq edərək “əşi, biz hələ mömin deyilik ki” söyləyir, sanki özlərinə bununla bəraət qazandırmağa çalışırlar. Amma biz istəsək də, istəməsək də, Allah artıq bu yolu təyin edib. Buyurub ki, “Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki,.. əmanətlərini və vədlərini qoruyurlar.” Yəni nicat ancaq möminlər üçündür. Nicat tapmaq istəyiriksə, mömin olmalıyıq. Mömin olmaq istəyiriksə, verdiyimiz vədlərə əməl etməliyik, dediyimiz sözləri yüngül sanmamalıyıq. İstər bu söz ağsaqqala verilsin, istər uşağa, istər bu söz planet miqyasında olsun, istərsə də şəxsi münasibətlərdə. Bu məsələyə ciddi yanaşmalıyıq. Səhlənkarlığımız, diqqətsizliyimiz, qeyri-ciddiliyimiz üzündən çox asanlıqla lənətlənmiş Şeytanın toruna düşməməliyik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər