“Ayə, yani bu bizik?” Təəccüblənməyək, neyləyək? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-12-2015, 01:07 | Şərh sayı: (0) | Baxılıb: 526
“Ayə, yani bu bizik?” Təəccüblənməyək, neyləyək?
Müasir insanı təəccübləndirmək çox çətindir. İstər uşaq olsun, istər cavan, istərsə də qoca. Nələri görməyib, nələri eşitməyib, nələrə şahidlik etməyib müasirimiz? Amma bəzən təəccüblənirsən: Axı necə ola bilər? Bu necə baş verə bilər? Özü də Azərbaycanda...
Xəbər saytlarının birində belə bir məlumata rast gəldik: Bakının 3-cü mikrorayonunda 3 mərtəbəli villada kimsəsiz və evsiz uşaqlar üçün sığınacaq, demək olar ki, hazırdır və tezliklə istifadəyə veriləcək. Yox, hələ təəccüblənməyə tələsməyin. Xəbərin növbəti hissələrinə keçdikcə həyəcan da artır, bu xəbərin sensasiyalıq dozası da.
Hə, sən demə bu villanı hansısa imkanlı şəxs tam təmənnasız olaraq təqdim edib. Və ən başlıcası – adının açıqlanmasını İSTƏMƏYİB! Bax, əsl sensasiya da budur! Əsl “bomba” budur! İndi təəccüblənməyin tam zamanıdır! Gəlin birlikdə təəccübdən sifət cizgilərimizi dəyişək, mat qalaq, danışmağa söz tapmayaq! Və... Bu adamı qınayaq! Villasını təqdim edib, bu boyda iş görüb, amma nə qəzetləri, nə saytları, nə də TV-ləri bu barədə məlumatlandırmayıb! Belə də “zalımlıq” olar!? Belə də xeyriyyəçilik olar? Heç olmasa bloggerlərə bir eyham vuraydı, gəlib tindən xəlvət mobil telefonları ilə çəkdikləri foto və video materiallarla xalqı “maarifləndirəydilər”. Amma etmədi bunu o adam. Səs salmadı, KİV-i “titrətmədi”. Bəlkə də hələ gec deyil, axtarıb tapmaq olar o adamı. Amma təəccübümüz bundan sarsılmayacaq. Fakt faktlığında qalacaq. O adam bizi təəccübləndirdi!
P.S. Sən kimsənsə, əhsən sənə! Çox şeyə laqeyd qaldığımız bir dönəmdə bu boyda dərs verdin, silkələdin...
P.P.S. Təəccübümüzü bizə bağışlayın. Axı neyləyək, səmimiyyətin bu ötən illərin dolanbac yollarında nə vaxt düşüb itdiyinin fərqinə varmamışıq, hamılıqla. Bir də ayıldıq ki, elə beləyik, olduğumuz kimi. Artıq səmimiyyət, təvazökarlıq görəndə təəccüblənirik ki, “ayə, yani bu bizik?”...
islam.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər