NECƏ DUA ETMƏLİ? DUA - AYƏ VƏ HƏDISLƏRDƏ |
Müəllif: Admin | Bölmə: Slide, Dualar | Vaxt: 11-01-2016, 22:57 | Şərh sayı: (0) | Baxılıb: 1282
NECƏ DUA ETMƏLİ? DUA - AYƏ VƏ HƏDISLƏRDƏ
Allah insanların Ona dua etməsini istəyir. Çünki dua həm bəndənin Allaha tabeliyinin təzahürüdür, həm də arzuların və istəklərin həyata keçmə vasitəsidir.
Dua bəndənin Allahla söhbəti, ünsiyyətidir. Dua qəlbə aramlıq gətirən, ruhu möhkəmlədən, insana əmin-amanlıq bəxş edən vasitədir. Dua etməklə ürəklər boşalıb yüngülləşir, kədər, həsrət, ümidsizlik, intiqam kimi mənfi emosiyalar insandan uzaqlaşır.
«(Ey möminlər!) Kafirlərə xoş gəlməsə də, Allaha yalnız dini Ona aid edərək (ixlasla) dua edin!» (Mömin, 14).
«Rəbbiniz buyurdu: «Dua edin, mən də sizin dualarınızı qəbul edim» (Mömin, 60).
«Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin» (Əraf, 180).
«De: «Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?» (Fürqan, 77).
Islam müqəddəslərinin hədislərində də insanlara tövsiyə olunur ki, Allaha çox dua etsinlər.
Südeyr adlı səhabə Imam Baqirdən (ə) soruşdu ki, ən yaxşı ibadət hansıdır? Imam cavab verdi: «Allahın hökmündə olan bir şeyi Ondan istəməkdən daha üstün bir əməl yoxdur. Allahı ən çox qəzəbləndirən əməllərin içində Allaha ibadət etməməkdən və Onun hökmndə olan şeyi Ondan istəməməkdən pis bir əməl də yoxdur».
Imam Cəfər Sadiq (ə) buyurub: «Dua edin, çünki sizi Allaha dua qədər yaxınlaşdıran başqa bir əməl yoxdur». «Dua et, demə ki, iş işdən keçib. Həqiqətən, Allahın yanında elə bir məqam var ki, dua etmədən o məqama yetmək olmaz. Əgər bəndə ağzını bağlayıb bir şey istəməsə, ona heç nə verilməz. Sən istə ki, istədiyin sənə verilsin. Elə bir qapı yoxdur ki, qapını döyən adamın üzünə açılmasın».
Məsumların hədislərində dua möminin silahı, dinin sütunu, göylərin və yerin nuru, möminin sipəri, nizədən daha kəsərli silah, peyğəmbərlərin silahı, nicat açarı, xoşbəxtlik xəzinəsi, hər dərdin şəfası adlandırılıb. Rəvayət edirlər ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) səhabələrdən soruşdu: «Istəyirsinizmi sizə elə bir silah göstərim ki, onunla düşmənə qalib gəlib ruzi qazanasınız?». Səhabələr dedilər: «Bəli, istəyirik». Peyğəmbər buyurdu: «Gecə-gündüz Rəbbinizə dua edin; şübhəsiz, möminin silahı duadır».
Duanı hər zaman etmək lazımdır. Bir çoxları yalnız çətinlik anında duanı yada salır və son vasitə kimi ona sığınırlar. Amma mömin bəndə xoş vaxtlarda da Allahı unutmamalı, öz arzu və istəklərini Ona çatdırmalıdır. Axı, dua yalnız çətinliklərdən xilas olmaq, problemlərdən qurtulmaq, nəyi isə qazanmaq məqsədilə edilmir. Allaha şükr məqsədi ilə, özünə və mömin bəndələrə dünya və axirət səadəti istəmək niyyəti ilə, əldə etdiyi mənəvi və maddi nemətlərin davamlı olması arzusu ilə də hər an dua etmək olar.
Imam Cəfər Sadiq (ə) buyururdu ki, hər kim çətinlik anında duasının müstəcab olmasını istəyirsə, gərək rahatlıq zamanında da dua etsin. Əgər insan yalnız çətinlik vaxtı dua etsə, onun səsi mələklərə yad və qəribə gələr. Amma həmişə dua etsə, çətinlik anında etdiyi duanın səsi də mələklər tərəfindən tanınar.
Hədislərdə dua edən şəxsin mənəvi xüsusiyyətləri barədə də məlumatlar verilir. Bu hədislərdən aydın olur ki, dua edən adamda bəzi əxlaqi cəhətlərin olması vacibdir. Əks halda o adamın duasının Allah tərəfindən qəbul edilməməsi ehtimalı böyükdür.
- Dua edən adam qafil yox, agah olmalıdır. Yəni öz Rəbbini tanımalı, Allah qarşısında borclarını bilməli və onları yerinə yetirməyə çalışmalı, həyata gəlişinin məqsədini anlamalı, Allaha layiq bəndə olmaq üçün səy göstərməlidir. «Allah qəflət içində olan qəlbin duasını qəbul etməz» (Həzrət Mühəmməd Peyğəmbər (s)).
- Dua edən şəxs yumşaq ürəkli olmalıdır. Hədislərdə deyilir ki, başqasına rəhm etməyənə Allah tərəfindən rəhm olunmaz. Imam Sadiq (ə) buyururdu ki, Allah daşürəkli adamın duasını qəbul etməz.
- Dua edən adamın qəlbi təmiz, sözu doğru olmalıdır. Qeyri-səmimi niyyətlə, başqasına zərər vermək hesabına nə isə əldə etmək həvəsi ilə dua edən adam Allah dərgahında əliboş qalar. Allah-təala ixlaslı bəndələrin duasını müstəcab edəcəyinə vədə verib: «Iman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, öz nemətini onlara artıran da Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!» (Şura, 26). Hədisi-qüdsidə buyurulur ki, Allah-təala Həzrət Musa Peyğəmbərə (ə) vəhy etmişdi: «Ey Musa, məni təmiz qəlblə və doğrucul dillə çağır!». Imam Əlinin (ə) bu hədisi də deyilənlərə sübutdur: «Ən yaxşı dua odur ki, pak sinədən və təqvalı qəlbdən süzülüb gəlsin».
- Dua edən şəxs tələsməməli, səbr etməlidir. Dua edəndən dərhal sonra istədiyinin verilməsini tələb edən, duasının müstəcab olması üçün gözləməyən, duasının cavabı gecikəndə asilik eləyən şəxs çətin ki, öz məqsədinə çatsın. Hədislərin birində deyilir ki, bəndə dua etdiyi zaman Allah onun ehtiyacını ödəməklə məşğul olar; bir şərtlə ki, dua edən tələsməsin.
- Dua edən adam öz istəyini Allaha ətraflı şəkildə çatdırmalıdır. «Həqiqətən, Allah sənin ehtiyacını da, sənin istədiyini də yaxşı bilir. Amma Allahın xoşu gəlir ki, sən öz ehtiyacını ətraflı şəkildə Ona söyləyəsən» (Imam Sadiq (ə)).
- Dua edən adam istəyinin müstəcab olacağına inanmalıdır. Şəkk halında dua etməyin mənası yoxdur. Bəndə Allahdan savayı ümid və pənahının olmadığını anlamalı, Allahın mərhəmətinə bütün qəlbi ilə inanmalıdır. Qurani-kərimdə Allah vəd verir: «(Ya Rəsulum!) Bəndələrim məni səndən soruşduqda söylə ki, mən (onlara) yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər» (Bəqərə, 186).
Həzrət Mühəmməd Peyğəmbər (s) hədisi-qüdsidə Allahın belə buyurduğunu rəvayət edib: «Hər kim mənə dua edərkən xeyir və şərin mənim əlimdə olduğunu dərk etsə, duasını müstəcab edərəm». Imam Cəfər Sadiq (ə) bunu nəzərdə tutaraq buyurub: «Dua edərkən elə zənn et ki, guya istədiyini qapına gətiriblər (yəni ehtiyacın artıq həll olub)».
- Dua edən şəxs ümidini itirməməli, duasını təkidlə davam etdirməlidir. Ardıcıl və israrla dua etmək insana müvəffəqiyyət gətirər. «Vallah, öz ehtiyacını ödəmək üçün Allahın dərgahına israrla dua edən elə bir adam yoxdur ki, istəyi həyata keçməmiş olsun» (Imam Sadiq (ə)).
- Dua edən zaman əlləri açıb ovcunu səmaya tərəf tutmaq da müstəhəbdir. Məşhur ravilər Mühəmməd ibn Müslim və Zürarə Imam Sadiqdən (ə) dua zamanı nə etmək barədə soruşanda Imam cavab vermişdi: «Hər iki ovcunuzu açın».
- Dua edən zaman Allah qarşısında öz acizliyini anlayaraq riqqətə gəlib ağlamaq da yaxşı əməllərdən sayılır. Quranda buyurulur: «Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin» (Əraf, 55). Imam Cəfər Sadiq (ə) buyururdu ki, qiyamət günündə bu üç gözdən savayı bütün gözlər ağlayar: Allahın haram buyurduğu şeylərə yumulan göz, Allaha itaət üçün (gecələr) oyaq qalan göz və gecəyarısı Allah qorxusundan ağlayan göz.
O həzrət mömin bəndənin səmimiyyətlə axıtdığı göz yaşını bu cür dəyərləndirirdi: «Hər şey qabla ölçülər, göz yaşından başqa. Göz yaşının bir qətrəsi cəhənnəm tonqallarını söndürər. Göz yaşla dolsa, başqa heç bir bir pərdə onu örtə bilməz». Imam Sadiq (ə) atası Imam Baqirdən (ə) rəvayət edirdi ki, bəndənin Allaha ən yaxın olduğu vaxt – səcdə halında ağladığı vaxtdır. Başqa bir hədisdə dua edən şəxsin mənəvi-pisxoloji vəziyyəti bu cür ifadə edilir: «O zaman ki, bədənin əsməyə, gözlərin yaşarmağa, qəlbin qorxu ilə dolmağa başladı, bil ki, duanın müstəcab olmaq və məqsədə yetişmək vaxtıdır» (Imam Sadiq (ə)). Peyğəmbər belə tövsiyə edirdi: «Riqqət hiss edən zaman dua etməyi qənimət bilin. Çünki bu, mərhəmət saatıdır».
- Dua edənin işi-peşəsi də halal olmalıdır. Haramla yaşayan, haram yeyən şəxsin duası Allah dərgahından rədd edilər. Imam Cəfər Sadiq (ə) buyurub: «Hər kim düasının müstəcab olmasını istəsə, işini-peşəsini təmiz və halal etsin».
Həzrət Mühəmməd Peyğəmbər (ə) dua edən şəxsə belə nəsihət verirdi: «Iş-gücünü pak (halal) et ki, duaların müstəcab olsun. Hər kim haram tikə yesə, duası 40 gün müstəcab olmaz».
Bir nəfər Peyğəmbərdən soruşdu ki, dualarımın müstəcab olması üçün nə edim? Peyğəmbər cavab verdi: «Yeməyini pak et və mədənə haram tikənin daxil olmasına icazə vermə».
Həmçinin, Həzrət Mühəmməd Peyğəmbər (ə) Imam Əliyə (ə) vəsiyyət etmişdi ki, hər kim şərab içsə, 40 gün namazı qəbul olmaz və bu 40 gün ərzində ölsə, cahiliyyət dövrünün ölüsü kimi sayılar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər