Allah kimin namazını qəbul edər? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-09-2016, 14:39 | Şərh sayı: (0) | Baxılıb: 243
Allah kimin namazını qəbul edər?
“Əməlin özündən daha çox onun (Allah dərgahında) qəbul olmasından ötrü çalışın”.
İmam Əli (Biharül-ənvar, cild 71, səh. 173).
Dindar insanları ən çox narahat edən suallardan biri ibadətlərin hansı şərtlər daxilində qəbula çatmasıdır. Biz ibadət edirik, saleh əməllər həyata keçiririk, amma görəsən, bunların hamısı ilahi dərgahda qəbul olurmu? Əgər hamısı qəbul olmursa, qəbul olunanlar hansılardır? Əməllərimizin qəbul edilməsinə zəmanət verən amillər hansılardır?
Hər şeydən öncə bir məqama diqqət yetirməliyik: İbadətlərimizin bir qismi şəriətin buyurduğu şəkildə səhih yerinə yetirilsə də, ya əməl dəftərimizə yazılmır, ya da başqa günahlarımızın əvəzində pozulur. Axı, insanın əməl dəftəri dinamik olaraq dəyişir. Savablar və günahlar sürətlə bir-birini əvəz edir. Günahlar savabları, savablar da günahları silir. Onların nisbəti ardıcıl olaraq dəyişir. Məsələn, insan gecə namazı qılır və bunun savabını qazanacağını düşünür. Amma fərqində olmur ki, danışdığı qeybət və ya yediyi haram tikə həmin gecə namazının savabını ləğv edib. Ona görə böyüklər buyurmuşlar ki, əsas məsələ savabı qazanmaq deyil, onu qiyamət gününə kimi qoruyub saxlamaqdır.
Bu müqəddimənin nəticəsi olaraq, ibadətlərimizin (məqalənin mövzusu olan namazlarımızın) qəbul edilməsinin əhəmiyyəti aydın olur. İbadətlərimizin bacardıqca çox hissəsinin qəbul olmasına çalışmalıyıq ki, günahlarımızın əvəzi olaraq bir qismi silindikdən sonra hesabımızda çox savab qalsın. Gündəlik namazlarımızın Allah tərəfindən qəbul edilməsinə xüsusi çalışmalıyıq. Namazlarımızın qəbuluna səbəb olan şərtlərə etinasız yanaşmaqla özümüzü axirət azuqəsindən məhrum etmiş olarıq.
Namazların qəbul edilmə şəraitindən danışarkən, İmam Cəfər Sadiqin (ə) Abdullah ibn Cündəb adlı səhabəyə ünvanladığı vəsiyyətindəki bir tövsiyəni mütləq xatırlamalıyıq. Bu vəsiyyətnamə bir çox mənbələrdə, o cümlədən, “Tühəfül-üqul” kitabında dərc edilmişdir. Abdullah ibn Cündəb Bəcəli Kufi Əhli-beyt (ə) dostlarından idi, İmam Kazimin (ə) və İmam Rzanın (ə) vəkili (nümayəndəsi) kimi tanınırdı. Mənbələrdə etibarlı ravi və mömin şəxs kimi vəsf edilir. O, İmam Rzadan (ə): “Məndən razısanmı?” deyə soruşduqda İmam cavab vermişdi: “Allaha and olsun ki, bəli. Allahın Rəsulu da, Allah da səndən razıdırlar”. Rəvayətə görə, Abdullah həmişə digər möminlərdən ötrü xeyir-dualar edərmiş Səbəbini soruşanda deyirdi: “İmam Kazimdən (ə) eşitmişəm ki, hər kim öz din qardaşından ötrü (onun olmadığı bir yerdə) xeyir-dua etsə, Allahın ərşindən nida gələr: “Etdiyin duanın yüz min misli sənin özünə əta edildi”. Əgər özüm üçün təkbaşına dua etsəm, bilmirəm ki, qəbul olacaq ya yox. Amma başqası üçün dua etsəm, onun yüz min mislinin mənə əta olunacağına zəmanət verilib”.
İmam Cəfər Sadiq (ə) Abdulah ibn Cündəbə ünvanladığı vəsiyyətnamənin bir yerində yazırdı:
“İzzət və cəlal sahibi olan Allah (öz peyğəmbərlərinə göndərdiyi) vəhylərinin bir qismində buyurub: Mən o adamın namazını qəbul edərəm ki, mənim əzəmətimin qarşısında təvazökarlıq etsin, mənim xatirimə şəhvani istəklərdən üz çevirsin, mənim zikrimlə gününü başa vursun, mənim yaratdıqlarımın qarşısında təkəbbür göstərməsin, ac olanı doyuzdursun, çılpağı geyindirsin, çətinliyə düşənə rəhm etsin, qəribə sığınacaq versin. Bu cür insanı Günəş kimi nurlu edərəm. Ondan ötrü zülmətin qarşısında nur, cəhalətin qarşısında helm (dözümlülük) yaradaram. Onu öz izzətimə bürüyərəm, mələklərim onu qoruyarlar. Məni çağırsa, ona cavab verərəm; məndən istəsə, ona əta edərəm. Bu cür bəndə mənim nəzərimdə meyvələri solmayan və vəziyyəti dəyişməyən cənnət bağçası kimidir” (Tühəfül-üqul, səh. 318-319).
Göründüyü kimi, İmam Cəfər Sadiq (ə) bu kəlamında namazın qəbula çatması üçün həm inanc məsələlərini, həm əxlaqi dəyərləri, həm də saleh əməlləri şərt bilir. Burada Allahın əzəməti qarşısında təvazökar olmaq birinci qeyd edilib. Dini terminologiyada buna “xüzu” halı deyirlər. İnsan nə qədər böyük bir qüvvənin nəzarəti və himayəsi altında olduğunu hər an hiss etməlidir. Bu böyük qüvvənin varlığı insana həm məsuliyyət, həm də güvən hissi verir. Allahın əzəmətini düşündükcə insan tam arxayınlıqla özünü Onun məsləhətinə təslim edir, qəlb aramlığı tapır. Eyni zamanda, Allahın böyüklüyü, hər şeydən xəbərdarlığı insanı öz əməllərinə qarşı daha məsuliyyətli olmağa vadar edir.
Amma Allahın əzəmətini olduğu kimi təsəvvür etmək insan beyninin qüvvəsi xaricindədir. Buna görə məsumlarımız Allahın zatı barədə düşünməyi faydasız, hətta ziyanlı sayır, Onun sifətləri və məxluqatı barədə düşünməyi tövsiyə edirdilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər