Nafilə namazları |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 4-06-2015, 01:19 | Şərh sayı: (0) | Baxılıb: 699
Nafilə namazları
İnsanın xüsusi yaradılışına, onun təkamül yoluna hamıdan daha artıq agah olan Mütəal Allah namazı şər’i qanun halına salmış və Peyğəmbər (s.ə.v.v) vasitəsilə onu insanların ixtiyarına vermişdir ki, öz təkamül və səadətləri üçün ondan bəhrələnsinlər. Namaz heç bir şeylə məhdudlanmır. Hər bir zamanda, məkanda və hər bir şəraitdə ondan bəhrələnmək olar.
Namaz ümumi şəkildə iki qismə bölünür: Vacib namazlar və müstəhəb namazlar. Vacib namaz altıdır.
1.Gündəlik namazlar.
2.Ayət namazı.
3.Meyyit namazı.
4.Vacib təvaf namazı.
5.Nəzir, and, əhd vasitəsilə insana vacib olan namaz.
6.Atanın böyük oğluna vacib olan qəza namazları.
Gündəlik vacib namazlar bütün mükəlləflərə vacibdir, amma sair namazlar xüsusi zamanlarda və xüsusi şəraitlərdə vacib olur. Əbədi səadət və kamal istəyən şəxs ilk mərhələdə vacib namazları şəriətdə qeyd olunan tərzdə yerinə yetirməlidir. Əgər ixlas və hüzuri-qəlblə qılarsa, insanı Allah dərgahına daha yaxşı şəkildə yaxınlaşdırar. Vaciblər tərk olunsa müstəhəblərə ehtiyac olmaz. Vacibləri tərk etmək, amma müstəhəblərin, zikrlərin vasitəsilə kamal yolunu qət etmək və ali məqamlara çatmaq istəyənlər səhv yoldadırlar. Amma vacibləri yerinə yetirdikdən sonra nafilələrin və müstəhəblərin vasitəsilə ali-mə’nəvi məqamları kəsb etmək olar.
Müstəhəb namazlar çoxdur. Onlar da ümumi iki dəstəyə bölünür: Gündəlik namazların nafilələri və sair müstəhəb namazlar.
Gündəlik namazların nafilələri otuz beş rək’ətdir:
Zöhrlə əsr namazlarının hər birinin nafiləsi səkkiz rək’ət, məğrib namazının nafiləsi dörd rək’ət, işa namazının nafiləsi iki rək’ət, sübh namazının nafiləsi iki rək’ət və gecə nafiləsi isə on bir rək’ətdir.
Hədis kitablarında gündəlik namazların nafilələrini qılmaq üçün çox tə’kidlər edilmiş, onun üçün çoxlu savablar və müsbət nəticələr qeyd edilmişdir. Onlar vacib namazların təkmilləşdiriciləri kimi təqdim olunur. Amma gündəlik namazların nafilələrindən başqa sair namazlar məxsus vaxt, şərait və məkanlar üçün nəzərdə tutulmuşdur ki, onların da savabları vardır. Siz müstəhəb namazlar və onların savabları ilə tanış olmaq üçün hədis və dua kitablarına baxıb, Allah dərgahına doğru seyr edərkən onlardan istifadə edə bilərsiniz. Bundan əlavə, namaz hər bir zaman, məkan və hər bir halda müstəhəbdir və təkamül yolçusu ondan istifadə edərək bəhrələnə bilər. Onlardan istifadə etmək qapıları həmişə açıqdır. İnsan hər bir zamanda, məkanda və hər bir halda bu böyük feyzdən istifadə edərək Allahla rabitə bərqərar edə bilər.
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur:
"Nafilə namazı mö’minin Allah dərgahına yaxınlaşmasına səbəb olur.”
İmam Cə’fər Sadiq (ə) buyurur:
"Həqiqətən bə’zən namazın yarısı, bə’zən üçdə biri, bə’zən dörddə biri və bə’zən də beşdə biri yuxarı aparılır (qəbul olunur). Namazın o miqdarı yuxarı aparılır ki, hüzuri-qəlblə qılınmış olsun. Buna görə də nafilələri qılmağa əmr olunmuşdur ki, onların vasitəsilə vacib namazlardakı nöqsanları aradan qaldırılsın.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: Mütəal Allah belə buyurur:
"Mənim bəndəmin, Mənim tərəfimdən sevilmək üçün vacibata əməl etməsindən də yaxşı bir şey yoxdur. Nafilələri yerinə yetirməklə o qədər sevimli olur ki, Mən onun eşidən qulağı, görən gözü, danışan dili, zərbə vuran əli, yeriyən ayaqları olaram. Məni çağırsa, qəbul edərəm, bir şey istəsə, əta edərəm. Mən mö’min bəndəmin ruhunu alanda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm. O, ölümə ikrah hissi ilə yanaşır, Mən isə onun narahat olmağını istəmirəm.”»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər