Gecə namazının fəziləti |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 23-04-2016, 09:15 | Şərh sayı: (0) | Baxılıb: 395
Gecə namazının fəziləti
İslam dinində ən çox təkid edilən və savabı bol olan müstəhəb əməllərdən biri və bəlkə də birincisi gecə namazı qılmaqdır. Gecə namazı qılmaq müsəlmana vacib (fərz) vəzifə olmasa da, hər bir möminə yaraşan və uca məqam verən əməldir.
İmam Cəfər Sadiq (ə) buyururdu ki, möminin şərəfi gecə namazı qılmağında, izzəti isə başqalarına möhtac olmamağındadır. İmam Riza (ə) buyururdu ki, ulduzların nuru yer əhlini işıqlandırdığı kimi, gecə namazı qılınan evlərin nuru da səma əhlinə (mələklərə) işıq saçar.
Gecə namazı qılmaq haqqında tövsiyələrlə müqəddəs kitabımız Qurani-kərimin bir neçə ayəsində rastlaşırıq. Allah-təala öz Peyğəmbərinə xitabən buyurur: “Gecənin bir vaxtında və ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şəninə təriflər de!” (Tur, 48). “Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de!” (İnsan, 26). “Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə namazı qıl” (İsra, 79). Təfsir alimlərinin fikrincə, bu ayələrdə gecənin bir vaxtı, gecənin bir qismi qılınan və Peyğəmbərə xas olan namaz məhz gecə namazıdır. Məlum olduğu kimi, Həzrət Mühəmməd Peyğəmbər (s) bəzi məsələlərdə sıravi müsəlmanlardan fərqlənirdi. Bunlardan biri də gecə namazı qılmaq məsələsidir. Sıravi müsəlmanlara gecə namazı qılmaq vacib edilməsə də, Peyğəmbərə vacib idi və o həzrət hər gecə yuxudan ayılıb ibadətlə məşğul olurdu. O qədər namaz qılırdı ki, ayaq üstə durmaqdan ayaqları ağrıyırdı. Xanımı ümmül-möminin Aişə o həzrətə irad edib deyirdi ki, onsuz da Sənin günahın yoxdur, məsumsan; günahın varsa da, Allah hamısını bağışlayıb. Elə isə, niyə özünə bu qədər əziyyət verib əlavə namazlar qılır, “əl-əfv” deyə Allahdan bağışlanmaq diləyirsən? Peyğəmbər öz xanımının sualına sualla cavab vermişdi: “Deyirsən ki, Rəbbimə şükr edən bəndə olmayım?”
Gecə namazı qılmaqla əldə edilən savabların bir qismi bu dünyaya, bir qismi də o biri dünyaya aiddir. Bu gözəl ibadəti davamlı olaraq yerinə yetirən şəxslər əvəzini həm dünya həyatında, həm qiyamətdə, həm də cənnətdə mütləq görəcəklər.
Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində gecə namazı qılmağı üç dəfə təkidlə təkrar etmiş, sonra buyurmuşdu: “Gecə namazı ruzini artırar, sifəti nurandırar və əxlaqı gözəlləşdirər”. İmam Cəfər Sadiq (ə) buyururdu ki, hər kim gecələr namaz qılıb səhərlər ac qaldığını söyləyirsə, yalan deyir. Hədisin mənası budur ki, gecə namazı qılan adamın ruzisi heç vaxt kəsilməz və o, ac qalmaz.
Hədislərdən məlum olur ki, gecə namazı qılan adam borclarını tez və asanlıqla qaytarar. Gecə namazı həmçinin, insanın gözünün nurunu artırar, bədəndən xəstəlikləri uzaqlaşdırar.
Məlumdur ki, duaların qəbul edildiyi ən gözəl vaxtların sırasında gecəyarısı ilk yerdə durur. Deyirlər ki, bir gün İmam Cəfər Sadiqdən soruşdular: “Allahın Rəsulundan belə rəvayət edirlər ki, gecənin bir saatı var ki, həmin saatda mömin Allahdan nə istəsə, duası müstəcab olar. Elədirmi?” İmam cavab verdi: “Bəli, elədir”. Sual verən adam soruşdu: “Bu hansı saatdır?” İmam buyurdu: “Gecənin yarısından gecənin üçdən-biri qalana kimi müddət”. Həmin adam dəqiqləşdirmək üçün yenə soruşdu: “Bu, bütün gecələrə aiddir, yoxsa ilin müəyyən gecələrinə?” İmam cavab verdi: “Bütün gecələrə”.
Gecə namazı günahların bağışlanması üçün ən yaxşı fürsətdir. İmam Cəfər Sadiq (ə) buyurub ki, gecə namazı gündüz edilmiş günahların bağışlanması üçün vasitə olar. Bu namazda səmimi qəlblə deyilən “əl-əfv” duası birbaşa Allahın dərgahına ucalar və cavabsız qalmaz. Gecə yuxusunu özünə haram edib namaza qalxan adamı Allah-təala mələklərə nümunə göstərər və onunla fəxr edər.
Hədisi-qüdsidə buyurulur ki, Allah-təala Həzrət Musa Peyğəmbərə (ə) bunu vəhy etmişdi: “Gecənin zülmətində (ibadət üçün) yuxudan qalx, öz qəbrini cənnət bağlarından birinə çevir”. Həzrət Mühəmməd Peyğəmbər (s) isə cənnətin yolunun bu əməllərdən keçdiyini buyururdu: “Salamı aşkarda (uca səslə) verin, aclara yemək yedizdirin, camaat yuxuda ikən gecələr namaz qılın, sonra salamatlıqla cənnətə girin”.
İmam Riza (ə) gecə namazı qılmağın dünyada və axirətdə insana gətirdiyi faydaları sayaraq buyurmuşdu ki, gecə namazını qaydası ilə qılan adam qəbr əzabından xilas olar, cəhənnəm atəşindən amanda qalar, ömrü uzanar və dolanışığı yaxşılaşar (yəni ruzisi artar).
İmam Əlinin (ə) Peyğəmbərə istinadən buyurduğu kəlamda isə gecə namazının öz sahibinə gətirdiyi fayda və savablar bu şəkildə bəyan edilir: gecə namazı Allahın razılığını qazandırar; mələklərin sevgisini cəlb edər; bu, peyğəmbərlərin sünnəsi, mərifət nuru, imanın kökü, bədənin rahatlığıdır; gecə namazı şeytanı narahat edər; düşmən qarşısında silaha çevrilər; duaların müstəcab olmasına, əməllərin qəbuluna səbəb olar; ruzini artırar; ölüm mələyi insanın canını almağa gələndə şəfaət edər (yəni canının rahat alınmasına kömək edər); insanın qəbrində çırağa, altında yatağa dönər; sorğu-sual mələklərinə düzgün və rahat cavab verməyə yardım edər; qiyamətə kimi qəbrin içində ona munis olar. Gecə namazı qiyamət günündə adamın başı üstündə kölgəyə, başında taca, əynində paltara dönər; nura dönüb yolunu işıqlandırar; onunla cəhənnəm arasında pərdə olar; Allahın qarşısında hesab verərkən sübuta, mizan tərəzisinin xeyir əməllər qoyulan gözündə yükə, sırat üzərindən keçmək üçün icazəyə, cənnətə girmək üçün açara dönər.
İnsanı gecə namazı qılmaqdan məhrum edən bir sıra səbəblər var ki, şeytanın vəsvəsəsi, tənbəllik, günahları kiçik saymaq bunlara aiddir. Yalan danışmaq da bu səbəblərdən biridir. Hədislərdə deyilir ki, insan yalan danışanda gecə namazı qılmaq nemətindən məhrum olar, bunun nəticəsində də ruzisi kəsilər.
İslam böyükləri, məşhur alimlər və ariflər gecə namazına ciddi əhəmiyyət verir, hər gecə bu müstəhəb ibadəti icra etməyə çalışırdılar. Əllamə Təbatəbai xatırlayırdı ki, Nəcəf şəhərinə təhsil almağa gəldiyim ilk günlərdən məşhur arif Qazi Seyyid Əli Təbatəbainin dərslərinə qoşuldum. Bir gün mədrəsənin qapısında dayanmışdım. Ustad mənim yanımdan keçərkən durdu, əlini çiynimə qoyub söylədi: “Övladım, yadında saxla! Əgər dünya istəyirsənsə, gecə namazı qıl. Əgər axirət istəyirsənsə, yenə gecə namazı qıl”.
(Hədislər “Biharül-ənvar” kitabındandır, 87-ci cild, səh. 116-162).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər