İnsanların ən yaxşısı kimdir? Hədis işığında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-09-2016, 19:58 | Şərh sayı: (0) | Baxılıb: 279
İnsanların ən yaxşısı kimdir? Hədis işığında
(ikinci hissə)
Fərqin səbəbi nədir?
İnsanlara Allah yanında dəyər qazandıran keyfiyyətlər məsumlarımızın hədislərində də geniş işıqlandırılıb. Həmin hədislərə keçməzdən əvvəl bir məsələyə aydınlıq gətirmək istərdik.
Bəzən bunun şahidi oluruq ki, hədislərdə bu və ya digər əqidəvi, əxlaqi və praktiki dəyərlər qabardılır, ön plana çıxarılır. Müxtəlif hədislərdə insanların ən yaxşısı (və ya ən pisi) fərqli dəyərlər əsasında təqdim edilir. Bəs bunun səbəbi nədir? Səbəbi bununla izah etmək olar: Bu qəbildən olan hədislər kateqoriya etibarilə möhkəm yox, mütəşabeh, yəni qeyri-konkret, izaha ehtiyaclı sayılr. Ehkam və əqidə hədislərindən fərqli olaraq, əxlaqi məzmunlu hədisləri zaman-məkan şəraitinə, psixoloji amillərə əsasən fərqli şəkillərdə təfsir etmək mümkündür. Məsələn, müəyyən bir zamanda və ya məkanda hər hansı əxlaqi dəyərin daha böyük əhəmiyyət kəsb etməsi təəccüblü deyil. Məsumlar bu əhəmiyyəti dərk edərək, öz ətraflarındakı insanlara bu barədə danışmağa üstünlük vermiş, həmin dəyərin təbliğinə daha çox səy göstərmişlər. Eləcə də, bu məsələdə ayrı-ayrı fərdlərin zehni tutumu, psixoloji durumu, düşdüyü şərait əhəmiyyət kəsb edir. Bəzən Peyğəmbər və ya İmam bu şərtləri nəzərə alaraq, səhabələrin biri ilə söhbət zamanı bir əxlaqi dəyəri, başqa səhabə ilə söhbət zamanı digər əxlaqi dəyəri qabardırdı. Mövzunun əhəmiyyətini qarşı tərəfə lazımınca anlatmaq üçün çeşidli metodlardan istifadə etmək də fərqlərin yaranmasına gətirib çıxarırdı. Beləliklə, “ən yaxşı insan kimdir” yaxud “insanların ən pisi kimdir” suallarına məsumlarımız tərəfindən fərqli cavablar verilməsini faciəvi hal kimi dəyərləndirməməli, təbii qəbul etməliyik.
Bu hədislərin faydası nədir?
İnsanların ən yaxşısı və ən pisi haqqında məsumlarımızın fikrini öyrənmək bizim üçün ilk öncə bu baxımdan faydalıdır: Müsəlman bütün həyatını Allahın razılığını qazanmağa həsr edir, ayrı-ayrılıqda hər bir ibadəti də bu niyyətlə həyata keçirir. Peyğəmbərimiz (s) hər kimi insanların ən yaxşısı olaraq tanıtdırırsa, deməli, bu meyar Allahın nəzdində də eynidir və deməli, Allah də həmin şəxsi özünün ən üstün bəndəsi kimi qəbul edir. Elə isə, bu hədislər bizim üçün bir nümunə, ülgü rolunu oynamalıdır. Allahın razılığını qazanmaq istəyiriksə, hədislərdəki ən yaxşı insan modelinə bacardıqca yaxın olmağa çalışmalıyıq.
İkinci fayda budur: Məsumlarımız (s) öz hədislərində insanların ən yaxşılarının xüsusuyyətlərini bəyan etməklə bizə sətiraltı bu mesajı da ötürürlər ki, həmin xüsusiyyətlərə sahib olan şəxslərlə dostluq edək, onlarla durub-oturaq və ünsiyyət quraq. Fitri olaraq hər kəs yaxşı insanla ünsiyyət qurmaq istəyir, pis adamdan uzaq olmağa çalışır. Amma yaxşının və pisin meyarını tapmaq çətindir, burada məsumların kəlamları köməyimizə gəlir. Onlar insanların ən yaxşılarını bizə tanıtdırmaqla başa salırlar ki, hansı dəyərlər əsasında ərtafımızdakılara qiymət verək, kimləri öz əhatəmizə buraxaq, kimləri isə özümüzə yaxın qoymayaq. Bu yolla anlayırıq ki, kimlərlə ünsiyyət qurmaq həm bu dünyadakı vəziyyətimizə, həm də o biri dünyadakı aqibətimizə xeyirdir, kimlərlə rabitədə olmaq isə ziyandır.
Dostların və din qardaşlarının ən yaxşılarını təsvir edən bəzi hədislər də dediklərimizi sübut edir. “Dostlarınızın ən yaxşısı nöqsanlarınızı sizə tanıdan şəxsdir” (İmam Əli, Nəhcül-fəsahə, hədis 1509). “Qardaşlarının içində ən yaxşısı budur ki, öz doğruculluğu ilə səni doğruculluğa sarı çağırır, öz yaxşı əməlləri ilə səni yaxşı əməllərə dəvət edir” (İmam Əli, Ğürərül-hikəm, cild 3, səh. 434).
İctimai münasibətlərə aid olan hədislər
Bir nəfər Peyğəmbərdən (s) soruşdu ki, insanların ən yaxşısı olmaq istəyirəm; buna hansı yolla nail ola bilərəm? Allahın Rəsulu (s) cavab verdi: “İnsanların ən yaxşısı camaata faydası dəyəndir; elə isə sən də camaat üçün faydalı ol” (Kənzül-ümmal, hədis 44154).
Peyğəmbərin (s) başqa bir hədisində oxuyuruq: “İnsanların ən yaxşısı (başqalarına) faydası dəyən, (başqaları ilə) rabitə quran və (ətrafdakılara) yardım göstərən şəxsdir” (Müstədrəkül-Vəsail, cild 12, səh. 390).
Peyğəmbərimizin (s) bəyanında ən yaxşı insana xas olan xüsusiyyətlərin nədən ibarət olduğuna diqqət yetirsək, ətrafdakılarla münasibətdə müsbət keyfiyyətləri rəhbər tutmaq, sosial asayişi qorumaq, yardımlaşma prinsipinə riayət etmək kimi dəyərlərə üstünlük verildiyinin şahidi olarıq. Həzrət buyurub: “Sizin ən yaxşınız o kəsdir ki, insanlar onun xeyirxahlığına ümid edirlər və şərindən amandadırlar” (Nəhcül-fəsahə, hədis 1526). Burada insanın xalq içində necə tanınmasına işarə edilir. Əgər insan xeyirxah, əmin, etibarlı bir şəxs kimi tanınarsa, ətrafdakılar ondan arxayın olar, ona etimad göstərər, onu sevərlər. Əksinə, özünü ziyankar, xain, ikiüzlü kimi tanıtdıran adama heç kəs etibar etməz, hamı ondan uzaq durmağa çalışar. “Məkarimül-əxlaq” kitabında qeyd olunmuş başqa bir hədis də bu fikri təsdiqləyir. İslam Peyğəmbəri (s) öz sevimli səhabəsi Əbuzərin: “Möminlərin ən üstünü hansıdır?” sualına bu şəkildə cavab vermişdi: “O mömin ki, müsəlmanlar onun dilindən və əlindən amandadırlar” (yəni ətrafındakı insanlara dili və əli ilə ziyan yetirmir).
Həzrət Mühəmməd Peyğəmbər (s) yaxşı insanları bu cür təsvir edirdi: “Sizlərin ən yaxşınız o kəsdir ki, sözünü pak edər (yəni haqq və gözəl söz danışar), başqasına yemək verər və camaat yuxuda ikən o, gecə namazı qılar” (Üyunü əxbarir-Riza, cild 1, səh. 71). Oxşar hədisdə Peyğəmbər (s) “ifşaüs-salam” xüsusiyyətini də bura əlavə edib (Mizanül-hikmə, cild 1, səh. 846). İfşaüs-salamın mənası barədə bəzi alimlər söyləmişlər ki, bu, salamı aşkar şəkildə, başqalarının eşidə biləcəyi səslə söyləmək, yəni salamı gizlətməmək, salam verməkdən utanmamaqdiı. Bəzi izahlara görə, burada salamı birinci vermək nəzərdə tutulub. Bəziləri isə verilən salama daha üstün şəkildə cavab verməyin qəsd olunduğunu söyləmişlər.
İki cahan Günəşi Peyğəmbərimizin (s) aşağıdakı hədisi də mövzu ilə tam səsləşir: “Dünya və axirət əhlinin içində əxlaq sarıdan ən yaxşı adam o kəsdir ki, ona zülm ediləndə bağışlayar, ondan əsirgəyən şəxsə bəxşiş edər, ondan əlaqəni kəsən qohumlarla və dostlarla bağlılıq yaradar” (Müstədrəkül-Vəsail, cild 9, səh. 10).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər