İnsanların ən yaxşısı kimdir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-09-2016, 22:18 | Şərh sayı: (0) | Baxılıb: 233
İnsanların ən yaxşısı kimdir?
Yəqin ki, hər bir müsəlmanı maraqlandıran, həyat kredosunu müəyyən etməyə istiqamət verən sualların içində “insanların ən yaxşısı və ən pisi kimdir?”, “Allah kimləri ən çox sevir və kimlərə ən çox qəzəblənir?” kimi suallar ilk yerlərdən birini tutur. Aşağıdakı məqalədə bu suallara Quran və sünnə işığında cavab verməyə çalışacağıq.
Qurani-kərim insanların içində ən yaxşılarından danışarkən, onları “xeyrül-bəriyyə” ifadəsi ilə vəsf edir. Allah-təalanın nəzdində insanların ən yaxşıları bu iki xüsusiyyətə malik olanlardır: “İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır” (Beyyinə surəsi, ayə 7). Ayədən görünür ki, iman və əməl insanın həqiqi səadətə nail olması, ilahi razılığı qazanması üçün mühüm şərtlərdir. Möhkəm imanla saleh əməl quşun qoşa qanadına bənzəyir. Quş bir qanadla uça bilmədiyi kimi insan da imansız əməllə səadətə nail ola bilməz. Çünki iman onun əməllərinə düzgün istiqamət verən, mənəvi dəyərləri ona tanıtdıran çıraq kimidir. İmanı dürüst olmayanın əməli də saleh ola bilməz. İmansızlıq və ya naqis iman onu mütləq günahlara doğru çəkəcək. Eləcə də, əməlsiz imanın Allah yanında heç bir dəyəri yoxdur. Əgər insan öz imanını, əqidəsini əməldə reallaşdırmırsa, cəmiyyətə heç bir faydası dəyməyəcək, əksinə, öz günahları ilə ətrafdakıları narahat edəcək. Məhz buna görə də, hədislərdə alim abiddən daha üstün dəyərləndirilib. Çünki alim öz elmi ilə başqalarına da fayda verir, onları cəhalətdən qurtarır. Amma abid ibadəti ilə yalnız özünün gözəl aiqbətini təmin edir.
Bir çoxlarının düşündüyünün əksinə olaraq, nə “qəlbim təmizdir, ibadət etməsəm də olar” məntiqi, nə də ibadətə qapılıb cəmiyyətdən uzaqlaşmaq yolu düzgün deyil. Bunların hər ikisi mənəvi naqislikdir. Məhz buna görə dinimizdə üsuli-din və fürui-din anlayışları yanaşı işlədilir. Üsuli-din əqidə bünövrəsi deməkdir. Bu bünövrə düzgün qoyulanda ibadətlərə riayət, halal-haramı gözləmək, savab əməllərə çalışmaq, günahlardan qaçmaq kimi keyfiyyətləri mütləq öz arxasınca gətirir. Fürui-dinin 10 maddəsi və gözəl əxlaqi dəyərlər üsuli-din kökü üzərində böyüyən ağacın budaqları və meyvələridir. Ağacın kökləri sağlamdırsa, meyvələri də sağlam və bol olacaq. Yox, əgər ağacın kökləri çürükdürsə, ondan meyvə gözləmək mənasızdır.
Qurani-kərimin başqa ayəsində nəinki ayrı-ayrı fərdlərin, ümumilikdə ümmətin hansı dəyərlər sayəsində üstünlük qazanması və Allah tərəfindən sevilməsi izah olunur. Ali-İmran surəsinin 110-cu ayəsində buyurulur: “(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz, (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız”. Ayədən görünür ki, bir ümmətin ən yaxşı və seçilmiş sayılması üçün Allaha inanması təklikdə kifayət etməz. Bundan əlavə, ətrafdakıları da yaxşı işlərə çağırıb, pis işlərdən çəkindirməsi lazımdır. Buna “əmr bil-məruf və nəhy ənil-münkər” deyirlər və bunlar fürui-dinin iki şərtidir. Göründüyü kimi, burada da üsuli-dinlə (Allaha iman - tövhid) fürui-din (əmr bil-məruf və nəhy ənil-münkər) yanaşı vəsf edilir. Qeyd edək ki, insanlar arasında ardıcıl təbliğat aparmaq, cəmiyyətin islahına çalışmaq həqiqətən, çox mühüm amillərdəndir və məsumların hədislərində də bunun əhəmiyyəti barədə tövsiyələrə tez-tez rast gəlirik.
Qurani-kərimin daha bir ayəsində də insanın Allah yanında nəyə əsasən dəyər qazana bilməsi açıqlanır: “Allah yanında ən hörmətli olanınız ən təqvalınızdır” (Hücürat surəsi, 13-cü ayə). Ayədəki təqva anlayışı İslam əxlaqında mühüm yer tutan mövzulardan biridir. Ərəb dilində təqva - çəkinmək, uzaq durmaq mənasını verir. Yəni Allahın haram buyurduqlarından, qadağan etdiklərindən uzaq durmaq, günahlardan qaçmaq. Hədislərin bırində buyurulur: “Təqvalı insan odur ki, əgər onun bütün əməllərini açıb insanlara göstərsələr, utanmağa layiq bir əməl tapmaq mümkün olmasın”. Dini ədəbiyyatda təqva Allahdan qorxmaq, özünü həmişə Onun nəzarəti altında hiss etmək, halal və haramlara ciddi riayət etmək mənalarında işlədilir. Bəzi ariflər təqvalı olmağı tikanlıqda yerıyən insanın halına bənzətmişlər. Tikanlıqda gəzən adam ayağını yerə diqqətlə qoyar, ətəyini yuxarı qaldırar, bir sözlə, tikanlıqla daha az təmasda olmağa çalışar. Təqvalı insan da bu dünyanın ləzzətləri qarşısında o cür davranmalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər